Şriftin ölçüsü :

Saytın rəngi :

19.09.2008-ci il

ZAQATALA RAYONU 
DAXİLİ QOŞUNLARIN ZAQATALADAKI “N” HƏRBİ HİSSƏSİNİN YENİ BİNASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ

2008-09-19 [18:06:43]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonuna səfərini başa çatdıraraq Zaqatala rayonuna gəlmişdir.
Dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyev əvvəlcə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zaqatala rayonu ərazisindəki “N” hərbi hissəsinin yeni binasının tikintisi ilə tanış oldu.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana inşaat işlərinin gedişi barədə məruzə etdi.

HEYDƏR ƏLİYEV PARKI ZAQATALANIN YENİ İSTİRAHƏT GUŞƏSİDİR

2008-09-19 [18:33:49]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev sentyabrın 19-da Zaqatala şəhərinin Qaladüzü ərazisində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan park ilə tanış olmuşdur.
Dövlətimizin başçısı parkın baş planına və fəvvarələrə baxdı. Məlumat verildi ki, 1947-ci ildə salınmış parkda Dövlət Neft Şirkətinin vəsaiti ilə və daxili imkanlar hesabına yenidənqurma və abadlıq işləri aparılmışdır. Parkın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi ucaldılmışdır.
Ərazisi 13 hektar olan parkda 27 növdən çox ağac, dekorativ gül kolları əkilmiş, biri musiqili olan iki fəvvarə, karusellər quraşdırılmışdır.
Parkın ərazisində Heydər Əliyev muzeyi, yay estradası, müasir üslubda xidmət obyektləri yerləşir. Girişdə geniş alaqapı tikilmişdir. Parkda və xidmət obyektlərində 50 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

ZAQATALADA HEYDƏR ƏLİYEV MUZEYİ AÇILMIŞDIR

2008-09-19 [20:29:27]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev sentyabrın 19-da Zaqatalada Heydər Əliyev adına muzeyin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Ulu öndərin adını daşıyan parkda yerləşən Heydər Əliyev muzeyinin tikintisinə 2006-cı ildə başlanmışdır. Binanın ümumi sahəsi 348,5 kvadratmetr, ekspozisiya salonunun sahəsi isə 294 kvadratmetrdir. Salonda ümummilli liderin qranitdən yonulmuş büstü qoyulmuşdur.
Prezident İlham Əliyev muzeyin 18 bölmədən ibarət ekspozisiyası ilə tanış oldu. “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini dünyaya nümayiş etdirirlər”, “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır”, “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq”, “Neft Azərbaycan xalqının milli sərvətidir”, “Biz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, milli ənənələrimizlə fəxr edə bilərik” və digər mövzuda bölmələrdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid çoxsaylı fotoşəkillər, kitablar və sənədlər nümayiş etdirilir.
Muzeyin fond otağında DVD avadanlığı, 7 ədəd kompyuter və böyük monitor quraşdırılmışdır.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

ZAQATALA ŞƏHƏR STADİONU UEFA STANDARTLARINA CAVAB VERİR

2008-09-19 [20:59:56]

AzərTAc-ın xüsusi müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala rayonunda şəhər stadionunun açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
Çoxfunksiyalı stadion Zaqatala şəhərinin Qaladüzü ərazisində 2,3 hektar sahədə, tam yararsız vəziyyətə düşmüş keçmiş şəhər stadionunun yerində tikilmişdir.
Stadionun işçi layihə sənədləri “General Constuctions” şirkətinin sifarişi ilə Bolqarıstanın “Dyanamic Resorse” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. İnşaat işləri baş podratçı Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir.
Yerli və xarici subpodratçı şirkətlərin də iştirak etdikləri tikinti işlərinə 2006-cı ildə başlanılmış və 2008-ci ilin avqustunda başa çatdırılmışdır. Kompleksin tikintisinə 10 milyon manat vəsait xərclənmişdir. Çox da böyük olmayan ərazidə UEFA-nın tələblərinə uyğun olaraq, beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün 3500 yerlik, o cümlədən xüsusi qonaqlar üçün 181 yerlik birtərəfli tribunalar, ölçüləri 105x68 metr olan süni örtüklü əsas oyun, təbii örtüklü məşq meydançaları, müasir işıqlandırma qurğuları, elektron suvarma sistemləri, drenaj, yüngül atletika üçün qaçış yolları, elektron məlumat tablosu, əlillər üçün rampa və sanitariya qovşağı, biletlərin satış kassaları və yanğınsöndürmə maşınları üçün meydança, 300 kubmetrlik ehtiyat su anbarı, nasosxana və fərdi qazanxana tikilib istifadəyə verilmişdir.
Tikintidə ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Hollandiya, Türkiyə, İtaliya və digər ölkələrdən gətirilmiş tikinti materiallarından, avadanlıq və qurğulardan istifadə olunmuşdur.
Kompleksin birinci mərtəbəsi yalnız komandalar, həkimlər və məşqçilər üçün nəzərdə tutulmuşdur. Burada hər bir komanda üçün soyunub-geyinmə otaqları, sanitariya qovşaqları, masaj, həkim otaqları, dopinq laboratoriyası və jurnalistlər üçün otaq vardır. İkinci mərtəbədə internet-kafe, bar, xüsusi qonaqlar üçün kafe, üçüncü mərtəbədə isə jurnalistlər üçün lojalar, şərhçi otaqları yerləşir.
Prezident İlham Əliyev stadionla tanış oldu, futbol üzrə respublika çempionatında çıxış edən Zaqatalanın “Simurq” komandasının oyunçularını stadionun açılışı münasibətilə təbrik edərək dedi ki, burada yaxşı oyun nümayiş etdirmək mümkündür və sizə qələbələr arzulayıram.
Dövlətimizin başçısı yeni stadionda topa ilk zərbəni endirdi.

ZAQATALA HAVA LİMANININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

2008-09-19 [00:52:07]

-Əziz bacılar və qardaşlar!
Əziz dostlar!
Bu gün çox əlamətdar və tarixi bir gündür. Bu gün Zaqatala şəhərində yeni, gözəl aeroport işə başlayıbdır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Mən xatırlayıram, bir müddət əvvəl Zaqatalada yeni aeroportun tikilməsi haqqında qərar veriləndə biz çox arzulayırdıq ki, aeroport ən gözəl, ən müasir standartlara cavab versin və sərnişinlər üçün çox gözəl şərait yaradılsın. Çox şadam və mən bu gün aeroportla tanış olarkən gördüm ki, burada həm müasir standartlar, həm də ən gözəl şərait var. Əminəm ki, bu aeroportun işə düşməsi zaqatalalılar üçün böyük hadisə olacaqdır.
Bütövlükdə, Azərbaycanda son illər ərzində nəqliyyat sektoruna çox böyük diqqət göstərilir. Mülki aviasiyanın inkişafı üçün əməli-praktik addımlar atılır. Son illər ərzində çoxlu sayda xarici istehsal olan təyyarələr alınmışdır. ABŞ və Fransa istehsalı olan 12 ədəd Boinq və Airbus və ATR təyyarələri alınmışdır və onlar bu gün Azərbaycanın və mülki aviasiyanın inkişafı üçün çox mühüm rol oynayır. Bu yaxınlarda imzalanmış müqavilələr əsasında daha 8 təyyarə alınacaqdır. Onların arasında ən son model olan Boinq–787 təyyarələri də gətiriləcək. Dünyada ən qabaqcıl texnologiyalar nədirsə, onlar Azərbaycanda tətbiq olunur və olunmalıdır. Çünki Azərbaycanın uğurlu, hərtərəfli inkişafı bunu tələb edir. Ölkəmiz çox sürətlə inkişaf edir və biz bütün infrastruktur layihələrimizi bu inkişafa uyğunlaşdırmalıyıq.
Nəinki aviasiya sahəsində, bütövlükdə nəqliyyat sektorunun inkişafı üçün başqa tədbirlər də görülür. Xəzər dəniz gəmiçiliyinin inkişafı üçün yeni tankerlər alınır, dəmir yolları bərpa olunur. Biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlamışıq. Bu da çox böyük və tarixi bir hadisədir. Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcəkdir, Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək və ölkəmizin nəqliyyat imkanları artacaqdır. Azərbaycan coğrafi yerləşməsinə görə Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Biz bu təbii körpünü infrastruktur layihələri ilə zənginləşdiririk. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və istismara verilməsi, həm böyük iqtisadi maraqları təmin edəcək, həm də bizim siyasi maraqlarımız tam şəkildə təmin olunacaqdır.
Avtomobil yolları tikilir. Bakıdan Zaqatalaya və Balakənə qədər yeni avtomobil yolunun tikintisi layihəsi var və yolun bir neçə hissəsi tikilməyə başlamışdır. Bu da çox böyük rahatlıq yaradacaqdır. Yəni bir sözlə, bu gün nəqliyyat sektorunun inkişafına verilən diqqət və ayrılan vəsait artıq Azərbaycanı çox güclü və önəmli nəqliyyat məntəqəsinə çeviribdir.
Asiya ilə Avropa arasında böyük həcmdə yük daşımalarının təmin edilməsi üçün Bakı beynəlxalq aeroportundan istifadə olunur. Orada böyük yük terminalı tikilibdir. Bu, Azərbaycana əlavə gəlirlər gətirir. Son illər ərzində ölkəmizin müxtəlif şəhərlərində yeni aeroportlar tikilibdir.
Bu gün Bakı, Naxçıvan, Gəncə, Zaqatala aeroportları fəaliyyətdədir. Bu yaxınlarda Lənkəran aeroportu da fəaliyyətə başlayacaqdır. Beləliklə, bu istiqamətdə nəzərdə tutulmuş bütün proqramlar və planlar vaxtlı-vaxtında icra olunur.
Yeni aeroportun tikilməsi Zaqatala rayonu və bütövlükdə bu bölgə üçün əlavə imkanlar açır. Çünki bu bölgədə turizm imkanları çox genişdir. Çox gözəl təbiət, gözəl şərait var. Belə olan halda, əlbəttə ki, nəqliyyat məsələləri həll olunduğu halda, turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Əminəm ki, aeroportun fəaliyyətə başlaması Zaqatalanın inkişafı üçün yeni, güclü təkan olacaqdır. Burada turistlərin sayı artacaq, eyni zamanda, bu bölgədə yaşayan insanlar Azərbaycanın başqa şəhərləri ilə çox gözəl əlaqə yaradacaqlar. Bütün bunları biz ona görə edirik ki, həm ölkəmizin imkanları artsın, böyük infrastruktur layihələri icra olunsun. Həm də bütün bu işlər insanların rahatlığı üçün görülür.
Mən çox şadam ki, son illər ərzində bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Zaqatala rayonunda çox sürətli inkişaf gedir. İki il bundan əvvəl biz sizinlə birlikdə burada yeni olimpiya kompleksinin açılışında iştirak edirdik. İndi gözəl stadion tikilibdir və onun açılışını etdik. Aeroportun açılışını edirik. Bir qədər sonra yeni Müalicə-Diaqnostika Mərkəzinin açılışını edəcəyik. Digər vacib məsələlər həll olunur, məktəblər tikilir, yeni parklar salınır, binalar bərpa olunur və Zaqatala çox gözəl şəhərə çevrilir. Həmişə belə idi, həmişə gözəl şəhər idi. Amma siz yəqin razılaşarsınız ki, son illər ərzində burada aparılan böyük quruculuq-abadlıq işləri nəticəsində şəhər daha da gözəlləşibdir. Şəhər infrastrukturu üçün bütün tədbirlər görülür. Bir daha demək istəyirəm ki, sənaye müəssisələrinin, sosial obyektlərin və aeroport kimi çox böyük və nəhəng obyektin tikilməsi bunun əyani sübutudur.
Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf gedir. Bizim maddi imkanlarımız artır və istəyirik ki, bu imkanlardan səmərəli istifadə edək, Azərbaycan üçün vacib olan məsələlər öz həllini tapsın, bütün bölgələrdə inkişaf daha da sürətlə getsin. Deyə bilərəm ki, regional inkişaf proqramının icrası nəticəsində bütün bölgələrdə çox gözəl işlər görülür. Bu illər ərzində, son beş il ərzində 700 mindən çox yeni iş yeri açılmışdır. Yeni müəssisələr, fabriklər, - o cümlədən Zaqatala rayonunda, - açılıbdır. İş yerlərinin açılması, yeni istehsal müəssisələrinin yaranması, bütün bunlar həm insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də ölkəmizi gücləndirir. Azərbaycan iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına xidmət göstərir. Bu istiqamətdə biz gələcəkdə də mühüm addımlar atacağıq ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun. Bu gün biz bunu görürük və demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik, enerji baxımından özümüzü təmin edirik. Biz bu gün nəqliyyat infrastrukturunu təkmilləşdirməklə Azərbaycanı çox güclü nəqliyyat məntəqəsinə çeviririk. Yəni bütün bu amillər və bununla bərabər güclü sosial siyasət Azərbaycanın gələcək inkişafını müəyyən edəcək və edir.
Mən çox sevinirəm ki, bizim nəzərdə tutduğumuz bütün planlar, bütün layihələr vaxtlı-vaxtında və yüksək keyfiyyətlə icra olunur. Gələcək illər üçün bizim düşünülmüş proqramlarımız var, konkret addımlarımız olacaqdır. Son beş il ərzində iqtisadiyyat 2,7 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir.
Azərbaycanda olan inkişaf başqa heç bir bir ölkədə yoxdur. Son dörd il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində! Bu inkişafın dayanıqlı olması artıq faktdır. Bu inkişaf uzunmüddətli olacaqdır. Bu gün bizim başladığımız layihələr bir neçə ildən sonra öz bəhrəsini verəcəkdir.
Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə atılacaq addımlar nəticəsində Azərbaycan zəngin, qüdrətli, müasir dövlətə çevriləcəkdir. Biz bunun ilkin təzahürlərini görürük: həm bölgədəki mövqelərimiz, həm daxildə olan vəziyyət, həm sabitlik, həm inkişaf, həm insanların rifah halının yaxşılaşması və gözəl, müasir, çox böyük infrastruktur layihələrinin icrası məsələləri. Bu gözəl binanın timsalında biz bu gün Azərbaycanın uğurlu inkişafını görürük. Mən şübhə etmirəm ki, bütün bu amillər birlikdə bizim uğurumuzu daha da uzunmüddətli edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır. Biz düz yolla gedirik - bu yol inkişaf yoludur. Gələcək illərdə inkişaf templərini saxlamaq üçün bütün imkanlar var.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış və davam etdirilən neft strategiyası uzun illərdir ki, öz bəhrəsini verir. Azərbaycan heç kimdən asılı deyil, artan iqtisadi imkanlarımız bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurslara əsaslanaraq icra edirik. Arxayınıq ki, daxili resurslarımız və aparılan iqtisadi islahatlar bizi öz məqsədimizə çatdıracaqdır. Bu islahatlar bundan sonra da aparılacaqdır.
İslahatların aparılması istiqamətində atılmış addımlar dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənir və qiymətləndirilir. Dünyanın ən birinci maliyyə qurumu Dünya Bankı bu yaxınlarda Azərbaycanı dünya miqyasında ən birinci islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Yəni bütün bunları biz öz zəhmətimiz hesabına, Azərbaycanda aparılan cəsarətli islahatlar nəticəsində əldə edirik. Həm insanların həyat səviyyəsinin yaxşılaşması, həm iqtisadiyyatın şaxələndirilməsi, bütün bölgələrdə quruculuq-abadlıq işlərinin daha da sürətlə getməsi üçün əlavə tədbirlər görüləcəkdir. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşaması, Azərbaycan dövlətinin daha da möhkəmlənməsi məsələləri öz həllini tapır və tapacaqdır.
Mən bir daha qeyd etmək istəyirəm, bu gün çox şadam, çox sevinirəm ki, Zaqatalada belə gözəl aeroportun açılışında biz bərabər iştirak edirik. Mən şübhə etmirəm ki, gələcək illərdə sizin rayonunuzda belə gözəl tədbirlərin sayı çox olacaqdır. Hər dəfə sizinlə bir yerdə olmaq, sizinlə görüşmək mənim üçün çox xoşdur.
Əminəm ki, bu gün sizin üçün də çox əlamətdar bir gündür. Bu gün rayonun inkişafında yeni mərhələ başlayır. Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür və əlavə tədbirlər görüləcəkdir - istər praktik tədbirlər, istər maliyyə məsələlərinin həlli. Azərbaycanın ildən-ilə artan maliyyə imkanları və dövlət büdcəsi bizim bütün planlarımızı həyata keçirməyə imkan yaradır.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
Sağ olun.

AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA PARK ZAQATALAYA DAHA DA GÖZƏLLİK VERİR

2008-09-19 [00:54:02]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın açılışında iştirak etmişlər.
İki hektar ərazisi olan parkda tikinti işlərinə 2006-cı ildə başlanmışdır. Burada çoxlu dekorativ ağac, gül və kollar əkilmişdir. İki fəvvarə, müasir işıqlandırma sistemi, yaraşıqlı oturacaqlar parka əlavə gözəllik verir. Burada konsertlər üçün açıq səhnə də quraşdırılmışdır.
Parkın ərazisində ana və uşaqlar üçün kafe, yaşlıların asudə vaxtının səmərəli təşkili üçün mərkəz də yaradılmışdır. Gələcəkdə müxtəlif karusellər quraşdırılacaq, şou-əyləncə mərkəzi yaradılacaqdır.
Dövlətimizin başçısı və xanımı akademik Zərifə xanım Əliyevanın parkdakı büstü önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev parkda yaradılan şəraiti yüksək qiymətləndirdi və insanların asudə vaxtlarını səmərəli keçirməsi, mədəni istirahəti üçün bu cür guşələrin zəruri olduğunu bildirdi.

TURİSTLƏR “QAFQAZ” MEHMANXANASINDAN RAZI QALACAQLAR

2008-09-19 [00:56:29]

AzərTAc-ın müxbirləri xəbər verir ki, sentyabrın 19-da Zaqatala şəhərinin mərkəzində “Qafqaz” mehmanxanası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mehmanxana ilə yaxından tanış oldu.
İnşasına 2007-ci ildə başlanmış mehmanxana mansarda ilə birlikdə beş mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif ticarət obyektləri fəaliyyət göstərir. Rayonda turizmin inkişafı nəzərə alınaraq, burada bank xidməti üçün geniş sahə ayrılmışdır. 80 yerlik mehmanxananın bir və ikinəfərlik 43 otağının hamısı eyvanlıdır. Müasir standartlara cavab verən otaqlarda bütün lazımi şərait yaradılmışdır. Peyk antenası vasitəsilə 200-dək televiziya kanalını izləmək, habelə internetdən istifadə etmək mümkündür.
Binada mərkəzləşdirilmiş istilik və havalandırma sistemi quraşdırılmışdır, gecə-gündüz isti və soyuq su verilir. Ehtiyat elektrik generatoru da vardır.
Mansarda yerləşən restoranda qonaqlara həm milli yeməklər, həm də Avropa məxbəxinin nümunələri təklif olunur.
Gələcəkdə həyətdə istirahət guşəsinin yaradılması, fəvvarələrin quraşdırılması, yay mehmanxanası, sauna tikmək də nəzərdə tutulur.
Prezident İlham Əliyev ayrı-ayrı otaqlara baxdı, yaradılan şəraiti yüksək qiymətləndirdi.

ZAQATALADA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

2008-09-19 [00:58:18]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala şəhərində Müalicə-Diaqnostika mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərkəzin girəcəyində bu səhiyyə ocağının dövlətimizin başçısının sərəncamı ilə tikildiyini bildirən lövhə vurulmuşdur.
Prezident İlham Əliyevi və xanımını mərkəzin kollektivi, səhiyyə işçiləri böyük hörmətlə qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
2006-cı ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə, Zaqatala şəhərinin ən səfalı guşəsində təməli qoyulmuş müasir memarlıq üslubu ilə diqqəti cəlb edən bu səhiyyə ocağı Dövlət Neft şirkətinin vəsaiti hesabına tikilmişdir. “İnşaat Aqro-servis” MMC həyata keçirdiyi tikinti işlərinə 500 nəfər cəlb edilmişdi.
Dördmərtəbəli binanın birinci mərtəbəsində qəbul, şüa-diaqnostika və hemodializ şöbələri, habelə yeməkxana yerləşir.
Prezident İlham Əliyev bu şöbələrlə və yeməkxana ilə tanış oldu. Bildirildi ki, şüa-diaqnostika şöbəsində Almaniyada istehsal olunmuş kompyuter tomoqrafiyası, rentgen-diaqnostika aparatları quraşdırılmışdır. Kəskin və xroniki böyrək çatışmazlığı olan xəstələr üçün nəzərdə tutulan hemodializ şöbəsində eyni vaxtda 8 xəstəyə yardım göstərmək mümkündür. İkinci mərtəbədə inzibatı şöbə, habelə 20 çarpayılıq cərrahiyyə və konsultativ diaqnostik poliklinika şöbəsi yerləşir.
Binanın üçüncü mərtəbəsi 6 çarpayılıq anesteziologiya-reanimasiya şöbəsi və əməliyyat blokundan ibarətdir. Əməliyyat blokunda 4 operativ əməliyyat otağı yerləşir. Burada quraşdırılmış yüksək standartlara uyğun aparatların köməyi ilə ən mürəkkəb cərrahiyyə əməliyyatları aparmaq mümkündür.
Dördüncü mərtəbədəki 106 yerlik konfrans salonunda quraşdırılmış monitorun köməyi ilə mərkəzdə aparılan cərrahiyyə əməliyyatlarını birbaşa izləmək mümkün olacaqdır.
Tibb ocağında müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik və havalandırma sistemləri, habelə iki ədəd sürətli lift quraşdırılmışdır. Mərkəzin həyətində generator, 130 tonluq su hovuzu, nasosxana, qazanxana, çamaşırxana və digər tikililər yerləşir. Artezian quyusu da qazılmışdır.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələri, otaqları gəzdi, quraşdırılan avadanlığa baxdı, yaradılan şəraiti yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı mərkəzin kollektivini təbrik etdi, burada müalicə və müayinə üçün hər bir şəraitin yaradıldığını bildirdi. Eyni zamanda, binanın xarici görünüşünün də müasir olduğunu və şəhərə
yaraşıq verdiyini vurğuladı.
Prezident İlham Əliyev mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdi.

AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA QIZLAR LİSEYİNİN AÇILIŞI

2008-09-19 [01:05:24]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Zaqatala şəhərində akademik Zərifə Əliyeva adına qızlar liseyinin açılışı olmuşdur.
Prezident İlham Əliyevi təhsil işçiləri, liseyin kollektivi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və liseylə tanış oldu. Prezidentə məlumat verildi ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500 şagird yerlik lisey binasının təməli 2007-ci ildə qoyulmuşdur. İkimərtəbəli binanın ümumi sahəsi 5100 kvadratmetrdir. Burada 50 otaq, o cümlədən 9 sinif otağı, 15 fənn kabineti, kompyuter otağı, habelə akt və idman salonları vardır. Binanın həyətində idman meydançası da tikilmişdir. Binanın ayrıca qazanxanası, nasos stansiyası, iki su anbarı vardır.
Prezident İlham Əliyev liseyin kollektivini bu gözəl təhsil ocağının açılışı münasibətilə təbrik etdi.
Liseyin həm xarici, həm də daxili görünüşünün gözəl olduğunu bildirən dövlətimizin başçısı burada şagirdlərin yaxşı təhsil alması üçün müasir şəraitin yaradıldığını söylədi.
Prezident İlham Əliyev liseyin kollektivi ilə xatirə şəkli çəkdirdi.

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏR VERİLMİŞDİR

2008-09-19 [01:07:32]

AzərTAc xəbər verir ki, sentyabrın 19-da Zaqatala şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli dördmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət vəsaiti hesabına inşa edilən binanın ümumi yaşayış sahəsi 2668 kvadratmetrdir. Mənzillərin hamısı ikiotaqlıdır. Dövlətimizin başçısının adından bütün mənzillərə qonaq və yataq otaqları, habelə mətbəx üçün mebel dəstləri, soyuducu, televizor hədiyyə olunmuşdur. Birinci mərtəbədəki mənzillər əlillərin rahatlığı üçün xüsusi avadanlıqlarla, qurğularla təchiz edilmişdir.
Prezident İlham Əliyev mənzillərin orderlərini sahiblərinə təqdim etdi.
Birinci qrup Qarabağ müharibəsi əlili AQİL ƏHMƏDOV dövlətimizin başçısına müraciətlə dedi:
-Hörmətli cənab Prezident!
Sizə bütün şəhid ailələri, müharibə veteranları və Qarabağ müharibəsi əlilləri adından dərin təşəkkürümüzü bildirirəm.
Biz indiyə qədər tam şəraitsiz bir evdə yaşamışıq. İndi isə Sizin sayənizdə belə gözəl mənzilə sahib olmuşuq. Mən birinci qrup Qarabağ müharibəsi əliliyəm. Düşmən arxasında xüsusi döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq, əsir düşmüşdüm. Əsirlik zamanı bütün məşəqqətə tablaşmağımın səbəbi isə Vətənimə, atama, anama, yaxınlarıma olan sevgim və dövlətimizin, xüsusən ulu öndərimiz, dahi insan, ümummilli liderimiz Heydər Əliyevin məni darda qoymayacağına ürəkdən inamım idi. Doğrudan da, belə oldu. O dahi insan, müdrik şəxsiyyət məni erməni əsirliyindən Vətənimə, doğmalarımın yanına qaytardı. Mən bu gün buna görə çox xoşbəxtəm. Mənim kimi insanları həyata qaytaran ulu öndərin ruhu qarşısında baş əyirəm. O insan bizim ürəyimizdə, qəlbimizdə daim yaşayacaqdır. Mən xoşbəxtəm ki, Azərbaycan kimi bir dövlətin vətəndaşıyam.
Cənab Prezident, icazə verin bizə göstərdiyiniz diqqət və qayğıya görə, rayonumuzun Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələri adından Sizə bir daha öz dərin minnətdarlığımı bildirim və ailəmizin ən xoş arzu, diləklərini və istəklərini çatdıraraq Sizə “Çox sağ olun!” deyim.
Möhtərəm cənab Prezident!
Ailəmizin bir istəyi də ondan ibarətdir ki, mənə hədiyyə etdiyiniz bu gözəl mənzilə ilk xoş qədəminizi Siz qoyasınız və xeyir-dua verəsiniz.
Cənab Prezident, çox sağ olun.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
-Sağ olun. Mən də bu gözəl binanın açılışı və istismara verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz buna layiqsiniz. Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələri böyük diqqətə layiqdirlər. Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir ki, sizin həyat səviyyənizı yaxşılaşdırsıın. Sizin bütün məişət problemləriniz həll edilməlidir, bütün işlər yüksək səviyyədə olmalıdır, gözəl evlər olmalıdır. Belə evlərin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Demək olar ki, ölkəmizin bütün bölgələrində belə gözəl binalar tikilir, onların keyfiyyəti də yaxşıdır. Əminəm ki, siz burada yaxşı yaşayacaqsınız, xoşbəxt yaşayacaqsızınız. Bir də demək istəyirəm ki, siz buna layiqsiniz, siz vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız, şəhid vermisiniz. Sizin qəhrəmanlığınız Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilir və qiymətləndiriləcəkdir.
Mən şübhə etmirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, ərazi bütövlüyünü bərpa edəcəkdir. Bildiyiniz kimi, biz danışıqlarda iştirak edirik, amma bununla bərabər, öz hərbi hazırlığımızı da möhkəmləndiririk. Son illər ərzində ordu quruculuğuna ayrılan vəsait və göstərilən diqqət ona gətirib çıxarıb ki, Azərbaycan ordusu indi bu bölgədə ən güclü ordudur. Həm peşəkarlıq baxımından, həm də avadanlıq, hərbi sursat, texnika ilə təchizat baxımından. Biz istənilən yolla öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik. Sadəcə, biz istəmirik ki, yenidən qan tökülsün. İstəmirik ki, yenidən müharibə başlasın. Amma bununla bərabər, torpaqlarımızın itirilməsi ilə də heç vaxt barışmayacağıq. Haqq-ədalət bizim tərəfimizdədir.
Ermənistan bütün dünya ictimaiyyəti tərəfindən işğalçı dövlət kimi tanınır. Azərbaycanın isə haqlı olduğu bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri, Baş Məclisinin qərarları, digər beynəlxalq təşkilatların qərarları bunun əyani sübutudur. Yəni, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Bölgədə yaranmış siyasi vəziyyət bizim üçün daha əlverişlidir və əlbəttə ki, iqtisadi və hərbi potensial Azərbaycanın xeyrinədir. Bütün bunlara biz özümüz nail olmuşuq. Öz gücümüzə istinad edərək, öz potensialmızı işə salaraq buna nail olmuşuq. Mən şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bildiyiniz kimi, bu yaxınlarda Gürcüstanda baş vermiş hadisələrlə bağlı həm Qərbdə, həm Rusiyada, həm də başqa dövlətlərdə ölkələrin ərazi bütövlüyü məsələləri ilə əlaqədar çoxsaylı bəyanatlar verilmişdir. Bütün bu bəyanatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid olan bəyanatlar, bütün tərəflərdən verilən bəyanatlar bizi tam qane edir. Yəni həm Qərb dövlətləri, həm qonşu dövlətlər, həm də beynəlxalq təşkilatlar birmənalı olaraq qeyd edirlər və bəyan edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yəni bu, ən vacib, ən əsas məsələdir. Bu mövqe təbii ki, beynəlxalq hüquq normalarına əsaslanır. Ancaq eyni zamanda, biz görürük ki, dünyada gedən və bölgədə gedən proseslər bəzi hallarda beynəlxalq hüquq normalarından kənara çıxır. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq normalarının tətbiq olunması, bütün dünya ictimaiyyətinin bu vəziyyətdə bir daha bunu təsdiq etməsi, hesab edirəm ki, çox vacib məsələdir. Biz bundan sonra da öz iqtisadi və hərbi gücümüzü artıracağıq.
Bu günlərdə 2009-cu ilin dövlət büdcəsi artıq formalaşıb və büdcənin ilkin parametrləri mənə təqdim edilibdir. Mən xüsusi qeyd etmişəm ki, gələn ilin büdcəsində sosial problemlərin həlli ilə yanaşı, müdafiə xərclərinin artırılmasını təmin etməliyik və biz buna nail olacağıq. Azərbaycanın artan iqtisadi imkanları, uğurlu iqtisadi siyasətimiz, islahatlar bizə belə imkanı yaradıbdır.
Mən bir daha demək istəyirəm ki, biz heç kimdən heç bir yardım gözləmirik və heç vaxt almamışıq. Azərbaycan ən ağır, ən çətin şəraitdə olanda da, biz heç kimdən heç bir yardım almamışıq. Bizim torpaqlarımız işğalçı qüvvələr tərəfindən zəbt olunanda, 1 milyon azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşəndə heç kim gəlib bizə kömək etməmişdi. Biz ancaq öz gücümüzə arxalanmışıq. Öz gücümüzə bütün çadır şəhərciklərini ləğv etdik və gözəl qəsəbələr tikdik. Düzdür, o da müvəqqəti məskunlaşmadır. Ancaq bu müvəqqəti məskunlaşma yeri artıq yaxşı səviyyədə tikilibdir. Orada müvəqqəti olaraq yaşayan insanlar üçün lazımi şərait təmin olunur.
Ona görə mən bir daha demək istəyirəm, Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir ki, biz öz gücümüzə arxalanmalıyıq. Azərbaycan xalqının iradəsinə güvənməliyik. Azərbaycan xalqının iradəsi və məni dəstəkləməsi Prezident kimi mənim üçün əsas güc mənbəyidir. Biz ölkəmizi irəliyə aparırıq. Baxmayaraq ki, uzun illər ərzində torpaqlarımız işğal altındadır, Azərbaycanın ərazi bütövlüyü pozulub, ancaq biz uğurla inkişaf edirik.
Əminəm ki, torpaqlarımızı azad etdikdən sonra daha da böyük işlər görüləcəkdir. Bu gün dağıdılmış vəziyyətdə olan, işğal altında olan rayonlar abadlaşacaq, çiçəklənəcək, oraya qayıdacaq bizim soydaşlarımız da öz əməyini göstərəcəklər. Əlbəttə ki, Azərbaycan dövlətinin artan maliyyə imkanları tezliklə bütün dağıdılmış şəhərlərimizin bərpası üçün şərait yaradacaqdır.
Sizə isə mən bundan sonra da belə fəal olmağı arzulayıram. Siz gənc nəsil üçün örnəksiniz, nümunəsiniz. Siz qəhrəmansınız, qəhrəmanlıq göstərmisiniz. Döyüş meydanında, Azərbaycanın ərazi bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmlənməsi uğrunda böyük fədakarlıq göstərmisiniz. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sizin problemlərinizin həlli üçün bundan sonra da öz səylərini göstərəcəkdir.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, əmin edirəm ki, siz burada xoşbəxt yaşayacaqsınız.


X X X


Sonra Prezident İlham Əliyev birinci qrup Qarabağ müharibəsi əlili Aqil Əhmədovun mənzilinə baxdı, yaşayış şəraiti ilə tanış oldu.

 

ZAQATALA TÜTÜN İSTEHSALI VƏ EMALI MÜƏSSİSƏSİ İLƏ TANIŞLIQ

2008-09-19 [01:23:23]

AzərTAc-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Zaqatala rayonunda “İnter-Tobacco” MMC-nin tütün istehsalı və emalı müəssisəsində olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd tütünqurutma kamerası və 4 ədəd şitilxana quraşdırılmışdır. Şitilxanaların hər biri 55 hektar əkin sahəsini ətirli “Virciniya” sortlu tütün şitili ilə təmin edə bilir.
Yığılmış tütün yarpağı sahələrdən birbaşa zavoda gətirilir və qurudulmaq üçün kameralara yerləşdirilir. Hər kamera bir dəfəyə 8,5-9 ton yaş tütün qəbul edə bilir. Tütünün qurudulması prosesi 7-9 gün çəkir. Proses başa çatdıqdan sonra quru tütündən tay bağlanır və növlər üzrə anbarlara yığılır.
Müəssisə fermerlərdən əsasən, “Virciniya”, habelə açıq şəraitdə qurudulmuş “Berley” tütün sortları qəbul edir. 2008-ci ildə “İnter Tobacco” MMC-nin xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 450 hektar sahədə “Virciniya” sortlu tütün əkilmişdir. İndiyədək sahələrdən 2300 ton tütün yarpağı yığılmışdır.
Hazırda müəssisədə 60 nəfər daimi, 120 nəfər isə mövsümi işçi çalışır. Onların orta aylıq maaşı 140-200 manatdır. İşçilərə nahar fasiləsində pulsuz yemək verilir.
2008-ci ildə müəssisə ABŞ istehsalı olan 14 ədəd yük maşını, 2 ədəd şitilbasdıran aqreqat, 2 ədəd tütünyığan kombayn, 2 ədəd traktor və digər yeni texnika almışdır.
Prezident İlham Əliyev müəssisənin ərazisini gəzdi, tütünyığan texnika, qurutma kameraları, şitilxanalarla tanış oldu.
Dövlətimizin başçısı bu tipli müəssisənin yaradılmasının əhəmiyyətini vurğuladı və ölkəmizin məhsullarının xarici bazara çıxarılması üçün gələcəkdə də qeyri-neft sektorunun inkişafına diqqət və qayğı göstəriləcəyini bildirdi.
Bununla da Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri başa çatdı.

 

Keçidlər