Ölkə Başçısı Zaqatalada
17.08.2013-cü il
Zaqatala, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlmişdir.
Dövlətimizin başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait vardır.
Zaqatala, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində “Tumurcuq” uşaq bağçasının açılışında iştirak etmişdir.
Hazırda uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala rayonundakı “Tumurcuq” uşaq bağçası da Fondun dəstəyi ilə inşa edilmişdir.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən ilin mayında başlanılmışdır. Bağçanın ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə qazanxana inşa olunmuşdur. Burada yanğın əleyhinə xüsusi sistem, təhlükəsizlik kameraları quraşdırılmışdır.
Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülmüş, xüsusi istirahət guşələri yaradılmışdır. Binanın və ərazinin işıqlandırma sistemi müasir səviyyədə qurulmuşdur.
Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirdi.
Zaqatala, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin aprelində başlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır. Binada daş-hörgü işləri başa çatdırılmışdır. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet piltə döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaqdır. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Zaqatala, 17 avqust (AZƏRTAC). Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, Heydər Əliyev prospekti və “28 May” küçəsinin bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir.
Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzdi. Bildirildi ki, burada yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanmışdır. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilmişdir. Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılmışdır. Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilmişdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunmuşdur. Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənmiş, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınmışdır. Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Zaqatala, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak etmişdir.
Azərbaycan dövləti regionlarda əhalinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı üçün yeni imkanların yaradılması baxımından sosial problemlərin həllinə diqqəti artırır. Bu baxımdan ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır.
Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Əlamətdar hadisə münasibətilə onları təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün biz Zaqatalanın su layihəsinin açılışını qeyd edirik. Təbrik edirəm sizi. Bununla da Zaqatalanın su problemləri tamamilə həll olunur. Mənə verilən məlumata görə artıq 24 saat təmiz içməli su verilməyə başlamışdır. Böyük layihədir, sosial məna daşıyır. Əlbəttə ki, bütün işlər insanların rahatlığı üçün görülür. Su layihələri indi ölkəmizin müxtəlif yerlərində icra edilir. Bu günlərdə biz bir neçə şəhərin su layihəsini istifadəyə vermişik. Proses davam edir. Növbə Zaqatalaya çatmışdır.
Bu layihənin icra edilməsi əlbəttə ki, sakinlər üçün bir hədiyyədir. Yəqin ki, başqa yerlərdəki kimi, burada da su fasilələrlə verilirdi. Gündə bəlkə də bir neçə saat. Özü də o qədər də keyfiyyətli deyildi. Amma indi 24 saat keyfiyyətli su verilir. İndi görülən işləri bizə təqdim edəcəklər. Çox gözəl hadisədir. Çox böyük məna daşıyır. Sosial məna daşıyır. Eyni zamanda, ölkəmizin ümumi inkişafını göstərir. Həmçinin mən bu gün Zaqatalanın yeni layihələri ilə də tanış oluram. Görürəm ki, quruculuq işləri aparılır. Binalar bərpa olunur. Binaların tarixi görkəmi qaytarılır. Bu park tamamilə yenidən qurulubdur. Gözəl istirahət zonasıdır.
Digər layihələr icra edilir. Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. İçməli su layihəsinin icrasından sonra qazlaşdırma olacaqdır. Hələ ki, lazımi səviyyədə deyildir. Biz çalışmalıyıq ki, Zaqatalanın qazlaşdırılmasını təqribən 90-95 faiz təmin edək. Yəqin ki, növbəti bir il ərzində biz buna da nail ola biləcəyik. Kənd yollarının tikintisi gedir. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq. Çünki bu layihələr hər bir şəhərdə, hər bir rayonda icra edilir. Ona görə də vəsait məsələsi vardır. Ancaq çalışırıq ki, hər bir rayonda heç olmasa bir-iki layihə tezliklə icra edilsin və sonra təbii ki, biz bu layihələrin geniş vüsət almasına nail olacağıq.
Zəlzələdən sonra burada bərpa işləri uğurla gedir, 20-yə yaxın məktəb yenidən tikilir. Bəziləri tikilib və yaxud da indi tikinti gedir. Binalar bərpa edilir. İndi mənə verilən məlumata görə, 3388 ev tikilibdir. Özü də bir il ərzində. İnanılmaz bir nailiyyətdir. Bir ildə demək olar ki, böyük bir qəsəbə, şəhər boyda işlər görülübdür bir rayonda. Özü də qonşu rayonlarda da bu işlər görülür - Balakəndə, Qaxda, Şəkidə. Düzdür, Zaqatala daha çox dağıntılara məruz qalmışdır. Ona görə də burada bu işlər gedir və əminəm ki, yaxın zamanlarda qalan evlər də ya təmir olunacaq, ya da yenidən tikiləcək ki, vətəndaşlar tezliklə yeni evlərə köçsünlər.
Əlbəttə ki, zəlzələ böyük təbii fəlakətdir. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə, heç bir faciə baş verməmişdir. Ancaq insanların evləri dağılmışdır və xatırlayıram, o vaxt burada olarkən demişdim ki, daha da gözəl evlər tikiləcək, geniş və möhkəm. Əvvəlki evlərin çoxu o qədər də keyfiyyətli olmayan materiallardan tikilmişdir. Amma indi möhkəm evlərdir, artıq Allah eləməsin, zəlzələ baş verərsə, o evlərə heç bir xətər dəyməz. Bu, Azərbaycan dövlətinin siyasətidir, öz vətəndaşına olan münasibətidir və bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir.
Sosial dövlət o deməkdir ki, dövlətin siyasətinin mərkəzində insan dayanır. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da görürük. Əvvəlki dövrlərdə buraya böyük investisiyalar qoyulmuşdur. Olimpiya Kompleksi, stadion, diaqnostika mərkəzi, digər layihələr. Bu gün Heydər Əliyev Mərkəzinin tikintisi ilə tanış oluram. Uşaq bağçası və nəhayət içməli su layihəsi də icra edilir.
İçməli su layihəsi deyə bilərəm ki, insanların rahat yaşaması üçün infrastruktur layihələri arasında bəlkə də birinci yerdədir. Çünki su həyat, sağlamlıq deməkdir. Keyfiyyətli içməli su sağlam həyat deməkdir. Artıq Zaqatalanın içməli su ilə təminatı həll olunub. Bir neçə kənd də əhatə olunur və gələcəkdə başqa kəndlərdə də fərdi qaydada bu layihələr icra edilməlidir.
Mən artıq altıncı dəfədir ki, Zaqataladayam. Hər dəfə burada olarkən hansısa bir yeniliyi görürəm. Keçən dəfə tarixi pilləkənin ətrafında gəzirdik və icra başçısı da məlumat vermişdi ki, planlar vardır. O vaxt bərpa işləri gedirdi. İndi artıq tamamlandı. Qala düzü kompleksi də tikilmişdir. Zaqatalanın tarixi binaları da bərpa olunacaqdır. Biz bu işlərə də diqqət verəcəyik. Çünki biz bu məsələlərə hərtərəfli yanaşırıq. Biz tariximizi, tarixi irsimizi qorumalıyıq.
Eyni zamanda, hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq və yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs və mədəniyyət vardır. Zaqatala da onların arasındadır. Ona görə də bax, bu ətrafda yerləşən binaların qədim tarixi vardır.
Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsl müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır. Ona görə də bu gün doğrudan da çox əlamətdar bir gündür. Biz gözəl mərasimdə görüşürük. Amma mən əminəm ki, gələcəkdə belə açılışlar hələ çox olacaqdır. Biz hələ çox görüşəcəyik və bir yerdə bu gözəl yeniliklərə sevinəcəyik. Sizi təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun!
X X X
Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyətinin minnətdarlığını çatdıran müəllim Vəfa SÜLEYMANOVA dedi:
- Möhtərəm cənab Prezident!
Sizi Zaqatalada salamlayır, bütün ictimaiyyətimiz adından Sizə “Xoş gəlmisiniz” deyirəm.
Bu gün rayonumuzda bayram sevinci, tarixi bir gün yaşanır. Tərəfinizdən şəhərimizə və ətraf səkkiz kəndimizə təmiz içməli su verilir. Hər zaman olduğu kimi, bu gün də Sizin yenə bizimlə birlikdə olmağınız sevincimizə bir daha sevinc qatır cənab Prezident!
Su həyatdır, su sağlamlıq deməkdir. Bu gün Siz 48 min sakinimizə yeni həyat bəxş edirsiniz, cənab Prezidentimiz! Bu, sadəcə rəqəm deyildir, cənab Prezident! Biz sevinirik. Bu gün bütün zaqatalalılar, bütün ictimaiyyət sevinir. Hər evə çəkilən su xətti və hər bir insan tərəfindən “Allah cənab Prezidentimizə su qədər ömür versin” alqışları Sizə olan sonsuz məhəbbətin təcəssümüdür.
Möhtərəm cənab Prezidentimiz! Bu gün bir ziyalı kimi deyə bilərəm ki, Siz onillik fəaliyyətiniz dövründə respublikamızda sayı-hesabı olmayan irimiqyaslı layihələr həyata keçirmisiniz. Ölkəmizin enerjiyə, qaza, suya olan tələbatlarını bu gün də Siz təmin edirsiniz. Bayaq Siz söylədiniz ki, Zaqatalanın qaza olan tələbatı, bundan sonrakı tələbatı ödəniləcəkdir. Bütün bunlar Sizin sayənizdə, Sizin rəhbərliyiniz altında həyata keçirilir, cənab Prezident!
Bu gün bir zaqatalalı kimi qəlbim qürur hissi ilə döyünür. Bu gün rayonumuzda aparılan abadlıq-quruculuq, tikinti işləri Zaqatalamızın simasını başdan-başa dəyişib bir cənnət məkanına çevirmişdir.
Möhtərəm cənab Prezident! Şəhərimizin tarixi mərkəzinin yenidən bərpası, küçələrimizin abadlaşması bizi çox sevindirir. Bu gün sakinlərimiz deyirlər ki, şəhərimizi, meydanımızı heç zaman belə gözəl, belə yaraşıqlı görməmişdik, cənab Prezident.
Möhtərəm cənab Prezident! Siz hər zaman bizimlə birlikdə, bizimlə bərabər olursunuz. Biz bunun şahidi olmuşuq. Ötən il zəlzələdən bir gün sonra - mayın 9-da rayonumuza gəldiniz, vəziyyətlə tanış oldunuz. Əhali ilə görüşüb ümidsiz insanlara ürək-dirək verdiniz. Onların arzu və istəklərini nəzərə alaraq tapşırıqlar verdiniz. Yenidən rayonumuza gəlib tapşırıqların icrası vəziyyəti ilə tanış oldunuz. O zaman Gözbarax kəndində uşaq bağçasının, beş yüz yerlik məktəbin açılışını etdiniz. Sakinlərə fərdi evlərin açarlarını təqdim etdiniz. O mənzillərdə yaradılmış şəraitlə tanış oldunuz, cənab Prezident!
Bütün bu işlər bu gün də sürətlə davam etdirilir. Bundan əlavə, minlərlə insana daha geniş, daha yaraşıqlı, daha möhkəm evlər, mənzillər bəxş etdiniz, cənab Prezident! O zaman zaqatalalıların gözündə qorxu, təlaş, sarsıntı duyulurdusa, bu gün o insanların üzlərində sevinc və təbəssüm, qəlblərində Sizə çox böyük məhəbbət hissi vardır, cənab Prezident. Biz bir daha əmin olduq ki, bu gün Azərbaycan xalqının arxasında qüdrətli bir dövlətimiz, Sizin kimi müdrik bir Prezidentimiz vardır. Bütün zaqatalalılar adından Sizə “Çox sağ olun!” deyirəm, cənab Prezident.
Möhtərəm cənab Prezidentimiz! Bu gün doğma Azərbaycanımız Sizin rəhbərliyiniz altında gündən-günə qüdrətlənir, inkişaf gedir. Siz bizim həmişəlik Prezidentimizsiniz. Biz açılan hər bir sabahımızı Sizinlə təsəvvür edirik, Sizinlə yaşayırıq, Sizinlə bağlayırıq, cənab Prezident!
Biz bundan sonrakı gələcəyimizi də bugünkü kimi firavan, xoşbəxt görürük, cənab Prezident!
Biz Sizə inanırıq, Sizə güvənirik, Tanrı Sizi qorusun, cənab Prezidentimiz!
Prezident İlham ƏLİYEV: Çox sağ olun!
X X X
Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxdı.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, layihənin icrasına 2010-cu ilin noyabrında başlanmış, birinci mərhələ üzrə işlər yerinə yetirilmişdir. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.
Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir.
Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcəkdir ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.
Məlumat verildi ki, Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri üç mərhələdə aparılır. Birinci mərhələdə Talaçay su mənbəyinin, magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə 6,65 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları tikilərək avadanlıqla təchiz edilmişdir. Bundan başqa, bir yeni su anbarı tikilmiş, bir anbar isə bərpa olunmuşdur. İkinci mərhələdə Zilbançay su mənbəyi inşa edilmiş və beş kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin iki zonasında su anbarları sahəsi yaradılmışdır. Bu sahələrdəki su anbarları bərpa edilmiş, bir yeni su anbarı inşa olunmuşdur. Həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli Sukanal İdarəsinin istehsalat bazası tikilmişdir. Bütün abonentlər su sayğaçları ilə təmin ediləcəkdir.
Üçüncü mərhələdə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Məhsuldarlığı gün ərzində 10 min kubmetrə çatan çirkab sutəmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və 7 kəndi əhatə edir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müasir texnologiyanın tətbiq olunduğu çirkab sutəmizləyici qurğular kompleksi 2014-cü ilin birinci rübündə istismara veriləcəkdir.
Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Zaqatala, 17 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin prioritetləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur.
Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin ən yüksək standartlar səviyyəsində qurulmasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xüsusi qeyd edilməlidir. Fondun bu kompleks proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən təhsil müəssisələrindən biri də Zaqatala rayonunun Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbidir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəbin köhnə binası 2012-ci il mayın 7-də Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülmüşdü. Həmin il sentyabrın 9-da Prezident İlham Əliyev Zaqatala rayonuna səfəri çərçivəsində məktəbin yeni binasının təməlini qoymuşdu. Tikinti işləri cari ilin avqustunda tam başa çatdırılmışdır.
Bildirildi ki, 600 şagird yerlik məktəb binasının korpusları iki və üçmərtəbəlidir. Müasir üslubda, xüsusi dizaynla inşa olunan binanın ümumi sahəsi 4 min 520 kvadratmetrdir. Məktəbin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Həyətyanı sahə genişləndirilmiş və abadlaşdırılmışdır.
Qeyd edildi ki, 480 şagirdin təhsil aldığı məktəbin binası 9 bal gücündə zəlzələyə davamlıdır. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılmışdır. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev informatika otağında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, bütün kompyuterlər internetə qoşulmuşdur. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılmışdır. Məktəbdəki inzibati otaqlar da rahatlığı ilə diqqəti cəlb edir.
Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Kitabxanada üç mindən çox vəsait toplanmışdır. Məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılmış, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili təmin olunmuşdur. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da vardır.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.