Ölkə Başçısı Zaqatalada
04.08.2017-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verdi. Bildirildi ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.
Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.
Diqqətə çatdırıldı ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. “Azərtütün” MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 ton “Virciniya” sortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.
Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür layihələrin uğurla icrasının təməlində Azərbaycan dövlətinin iş adamlarına göstərdiyi diqqət və qayğı durur. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu müəssisələr həm də daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialımızı artırır. Beləliklə, “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodunun yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə mühüm işlər görülür və bu işlər iqtisadiyyatın bir çox sahələrini əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.
Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür. Azərbaycanda ilk mərhələdə istehsal olunacaq 125 litr qızılgül yağı dünya üzrə istehsalın 5 faizini təşkil edəcək. 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro təşkil edib. Eyni zamanda, müəssisədə 3 min litr “Lavanda” yağının istehsalı nəzərdə tutulub. Ötən il dünya bazarında 1 litr “Lavanda” yağının qiyməti 100-130 avro təşkil edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq. Gələcəkdə digər bitki növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artacaq.
Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Mən sizi ürəkdən salamlayıram. Zaqatala rayonunda yeni kənd təsərrüfatı və emal sənayesi sahəsi yaradılıb. Mən buna çox şadam. Çox yaxşı inkişaf göstəricisidir. Çünki Azərbaycanın hər bir bölgəsi, hər bir sahəsi uğurla inkişaf etməlidir.
Ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir. Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.
Zaqatala rayonunda və qonşu rayonlarda hazırda çox sürətli inkişaf gedir. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır.
Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz - burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz.
Ümumiyyətlə, Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür. O cümlədən qızılgül sahəsində də yaxşı inkişaf var.
Mən əminəm ki, bu müəssisənin çox böyük və uğurlu fəaliyyəti olacaq. Dünyada qızılgül yağı istehsalı o qədər də geniş vüsət almayıb. Əsas istehsalçılar Türkiyə və Bolqarıstandır. Mənə verilən məlumata görə, istehsalın təqribən 90 faizi onların payına düşür. Biz isə bu müəssisənin və bu sahələrin yaradılması ilə birinci mərhələdə təqribən dünya istehsalının 5 faizini öz üzərimizə götürəcəyik. Əminəm ki, gələcəkdə bu sahələr daha da genişlənəcək. Müəssisənin fəaliyyəti də imkan verəcək ki, biz daha da böyük həcmdə qızılgül yağı istehsal edək. Yəni, hazırda bizim üçün ənənəvi olan və sovet vaxtında kəndlərə böyük xeyir gətirən sahələri demək olar ki, sürətli şəkildə bərpa edirik.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram ki, burada yaxşı işləyəsiniz və dövlətimizə, xalqımıza xeyir gətirəsiniz. Bir daha təbrik edirəm.
X X X
Rayon sakini, müəssisənin işçisi İlhamə MEHDİYEVA göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə son dövrlər ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət, keçmiş ənənəvi sahələrin yenidən bərpası ilə bağlı gördüyünüz işlər hər bir Azərbaycan vətəndaşı kimi, biz zaqatalalıları da çox sevindirir. Ölkəmizin hər bir bölgəsində ənənəvi sahələr olan pambıqçılıq, üzümçülük, tütünçülük və bu gün burada şahidi olduğumuz kimi, gülçülük yenidən bərpa olunur.
Möhtərəm cənab Prezident, Zaqatala hər zaman qızılgüllər diyarı kimi tanınıb. Lakin əvvəlki dövrlərdə bu sahə baxımsızlıqdan öz şöhrətini itirmişdi. Sizin qayğınızla bu gün Zaqatala öz keçmiş şöhrətini, qızılgüllər diyarı adını geri qaytarır. Sizin tapşırığınızla 100 hektardan çox ərazidə qızılgül və lavanda əkilib. Müasir tələblərə cavab verən zavod tikilir. Layihəyə əsasən ilkin dövrlərdə yüz ton gül ləçəyindən 30-35 kiloqram, gələcəkdə isə 500 ton gül ləçəyindən 125-130 kiloqramadək gül yağı istehsalı nəzərdə tutulub. Bu da öz növbəsində 600-dən çox yeni iş yerinin yaradılması deməkdir. Hazırda işin həcminə görə burada 100-150 nəfər işçi çalışır. İşçilərimiz hər bir şəraitlə, yüksək əməkhaqqı ilə təmin olunublar və bu da bizim sosial təminatımızın yaxşılaşmasında böyük rol oynayır.
Cənab Prezident, müəssisəmizdə xarici mütəxəssislərlə yanaşı, yerli kadrlar da işləyir. Mən Moskva Texnologiya İnstitutunun məzunuyam. Ağlıma belə gətirməzdim ki, bu gün doğma diyarımda belə gözəl müəssisə açılacaq və mən burada işləyəcəyəm.
Möhtərəm cənab Prezident, biz zaqatalalılara yaratdığınız bu şəraitə, göstərdiyiniz diqqətə və qayğıya görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Siz özünüz buralısınız, Moskvada oxumusunuz. Bu ixtisas üzrə təhsil almısınız?
İlhamə MEHDİYEVA: Bəli.
Prezident İlham ƏLİYEV: Çox yaxşı.
X X X
Müəssisənin işçisi Xəzangül ZEYNALOVA dedi:
-Möhtərəm Prezidentimiz, qızılgüllər diyarı olan Zaqatala rayonuna xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Burada necə işləyirsiniz? Maaş necədir?
Xəzangül ZEYNALOVA: Yaxşı işləyirik, maaş da yaxşıdır, güzəranımız yaxşılaşır.
Prezident İlham ƏLİYEV: Əvvəllər haradasa işləyirdiniz?
Xəzangül ZEYNALOVA: Xeyr, işləmirdim.
Prezident İlham ƏLİYEV: Yəni, bu iş yaranandan sonra buraya cəlb olunmusunuz.
Xəzangül ZEYNALOVA: Bəli. Buna görə Zaqatala rayonunun Tala kəndinin camaatı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Burada təkcə Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər. Ümumilikdə burada 150-dək işçi çalışır. Maaşımız da bizi qane edir.
Prezident İlham ƏLİYEV: Bu, mövsümi işdir, yoxsa burada daimi işləyirsiniz?
Xəzangül ZEYNALOVA: Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur.
Prezident İlham ƏLİYEV: İşləmək istəyən özünə iş tapar.
Xəzangül ZEYNALOVA: Cənab Prezident, Allah Sizi qorusun. Siz bizim üçün çox iş görürsünüz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.
Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir. Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir. Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar. Bu gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir. Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir. Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır. Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin.
X X X
Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxdı.
Sonda xatirə şəkli çəkdirildi.
Avqustun 3-də Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.
Stansiyanın binasında ümummilli lider Heydər Əliyevin həm sovet dövrü, həm də müstəqillik illərində Azərbaycanda elektroenergetika sahəsinin inkişafındakı xidmətlərindən bəhs edən fotostend yaradılıb. Binada işçilərin yüksək səviyyədə fəaliyyəti üçün otaqlar bütün zəruri avadanlıqla təchiz edilib.
Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala Elektrik Şəbəkəsinin xidməti ərazisində əvvəllər adı “Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək, yerində müasir tipli qapalı “Danaçı” yarımstansiyası da tikilib.
Dövlətimizin başçısının müəyyənləşdirdiyi “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Zaqatalada inşa edilən 110/35/10 kV-luq “Bəhmətli” yarımstansiyası da bu istiqamətdə icra edilən layihələrdəndir. Ümumilikdə, son illərdə “Azərişıq” ASC tərəfindən bu bölgədə çox mühüm işlər görülüb. “Azərişıq” ASC yaradıldıqdan sonra turizm və kənd təsərrüfatı zonası sayılan şimal-qərb bölgəsində müasir standartlara cavab verən 110/35/10 kV-luq 4 yarımstansiya tikilib və yenidən qurulub. 35/10 kV-luq yarımstansiyalar üzrə 3 yarımstansiya istifadəyə verilib, 5 yarımstansiyada isə işlər yekunlaşmaq üzrədir. Bütün bunlarla paralel olaraq, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 transformator məntəqəsi quraşdırılıb. Region üzrə 300 kilometr izolyasiyalı naqil və 310 kilometr naqil xətləri çəkilib, 27 min yeni dayaq basdırılıb və dəyişdirilib. İki il ərzində Qax, Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında müasir və bir-birindən fərqli memarlıq üslubunda yeni ofis binaları tikilərək istifadəyə verilib. Əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılan ofis binalarında abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Şimal-Qərb RETSİ-si üzrə 150-yə yaxın kənd və qəsəbədə yenidənqurma işləri aparılıb və aparılmaqdadır. 8 rayon üzrə ümumilikdə, 7225 yeni sayğac quraşdırılıb, 14025 sayğac yenisi ilə əvəz edilib. Ümumilikdə, istismar müddətini başa vurmuş elektrik şəbəkələrində görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb. “Azərişıq” ASC yaradılandan sonra Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.
Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.