Ölkə Başçısı Zaqatalada
08.07.2010-cu il
PREZİDENT İLHAM ƏLİYEV ZAQATALA SÜD EMALI ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
2010-07-08 [12:31:48]
Zaqatala, 8 iyul (AzərTAc). İyulun 8-də Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılmışdır. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.
Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarla sakin işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi.
Dövlətimizin başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxdı.
ZAQATALADA TÜTÜN EMALI ZAVODU AÇILMIŞDIR
2010-07-08 [13:10:28]
Zaqatala, 8 iyul (AzərTAc). İyulun 8-də Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində “İntertobakko” MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulmuşdur. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcəkdir.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Məlumat verildi ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan bu zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaqdır. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə “İntertobako”nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılmışdır. Burada emal olunan tütün əsasən “Virciniya”, qismən də “Berley” sortudur.
Dövlətimizin başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxdı, kollektivi təbrik etdi, onlara uğurlar arzuladı.
ZAQATALA RAYON MƏDƏNİYYƏT EVİ ƏSASLI YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
2010-07-08 [13:13:48]
Zaqatala, 8 iyul (AzərTAc). Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına qayğısını əks etdirən fotoguşə yaradılmışdır.
Məlumat verildi ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir.
Binanın qarşısında geniş abadlıq işləri görülmüş, Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuşdur. Üçmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları vardır. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir.
Məlumat verildi ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mədəniyyət evinin qarşısında Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuş sahəyə baxdı, habelə yaxınlıqda müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış oldu.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
ZAQATALA RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
2010-07-08 [13:15:41]
Zaqatala, 8 iyul (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV rayon sakinlərini salamlayaraq dedi:
- Mən sizi ürəkdən salamlayıram, Zaqatalada olmağımdan çox məmnunam. Birinci dəfə deyildir ki, mən Zaqataladayam. Bu, mənim son illər ərzində Zaqatalaya üçüncü səfərimdir və hər dəfə burada olanda yenilikləri, inkişafı görəndə çox sevinirəm.
Bu gün də Zaqatala rayonunun gələcək inkişafı üçün çox əlamətdar bir gündür. Rayonda çox müasir iki yeni sənaye müəssisəsi işə başlamışdır. Hər biri dünya standartları səviyyəsində qurulubdur. Bu gün həm süd, həm tütün zavodunun açılışında iştirak edərkən gördüm ki, burada rayonun inkişafı üçün çox böyük və vacib məsələlər öz həllini tapır. Tütün zavodunun yaradılması əslində Azərbaycanda müasir tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa edirik və rayonun inkişafı, sənaye potensialının gücləndirilməsi üçün bunun çox böyük mənası vardır.
Süd zavodu da müasir standartlara cavab verir. Bu, həm iş yerlərinin açılmasıdır, həm yerli istehsalın yaradılmasıdır, həm də rayonun inkişafıdır. Yəni bütün bu işlər bir daha onu göstərir ki, rayon dinamik şəkildə inkişaf edir, işlər burada müsbət istiqamətdə davam edir və həm rayonun iqtisadi, sənaye potensialı artır, eyni zamanda, görkəmi gözəlləşir.
Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz – burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Bu bölgəyə xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, keçən dəfə mən burada olarkən Zaqatalanın inkişafı üçün vacib obyektlərin açılışında iştirak etmişdim. Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, mehmanxana yaradılmışdır. Yəni burada bütün başqa sahələrdə işlər görülür ki, insanların rahatlığı üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə, təhsil, mədəniyyət müəssisələri açılır. Bu gün mədəniyyət mərkəzinin təmirdən sonra açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək inkişafı təmin ediləcəkdir. Çünki biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi özünə xas olan sənaye sahəsində maksimum səmərə ilə lazımi səviyyəyə çatsın.
Bu bölgənin öz xüsusiyyətləri vardır.
Keçən dəfə mən burada olarkən bölgənin, burada turizmin inkişafı üçün böyük əhəmiyyəti olan aeroportun açılışını qeyd etdik. Düzdür, müəyyən müddətdən sonra uçuşlar dayandırıldı və mənə verilən məlumata görə, ona görə ki, sərnişin axını o qədər də güclü deyildi. Ancaq mən bu gün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verdim ki, yaxın zamanlarda Bakı-Zaqatala xəttində təyyarə uçuşlarını bərpa etsin. Biz insanlar üçün əlavə imkanlar yaratmalıyıq. Çünki təyyarə ilə gəlmək daha da rahatdır. Düzdür, əminəm ki, Bakı-Zaqatala-Balakən sərhəd avtomobil yolu da əsaslı təmirdən sonra yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yolun bir hissəsi artıq hazırdır. Ancaq hava nəqliyyatının öz üstünlüyü vardır və bu, gələcəkdə Zaqatalanın, ətraf rayonların turizm imkanlarının genişləndirilməsi üçün şərait yaradacaqdır.
Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur. Hər bir bölgəyə dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və bu, belə də olmalıdır. Amma biz elə etməliyik ki, rayonların sənaye və iqtisadi potensialından maksimum şəkildə istifadə edək.
Zaqatalanın bu sahədə imkanları genişdir - gözəl təbiəti, iqlimi, turizm imkanları, kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait vardır. Biz elə etməliyik ki, bütün lazımi imkanları yaradaq. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı, fermerlərin, sahibkarların fəaliyyəti üçün lazımi tədbirlər görülür, kreditlər, subsidiyalar, texnika verilir, sosial sahə xüsusi diqqət mərkəzindədir.
Beləliklə, ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir. O gələcək inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə malikdir. Biz dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Hətta bu il, keçən il - dünyada böhran illəri kimi tarixdə qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bütün sosial proqramlar, infrastruktur layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün bütün lazımi tədbirlər nəzərdə tutulub. Büdcəmiz artır. Dünyada böhran nəticəsində bir çox ölkələrdə büdcə yerinə yetirilmir və kəsir yaranır. Biz isə əksinə, büdcədə dürüstləşmə etdik və əlavə böyük vəsait ayırdıq ki, ölkə qarşısında təxirəsalınmaz, yəni vacib olan məsələlər tezliklə öz həllini tapsın.
Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir. Arzum odur ki, daha da yaxşı olsun və əlbəttə ki, buna nail olmaq üçün bu il və gələn illərdə Zaqatalanın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görüləcək və yardımlar ediləcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və sizə xoş arzularımı bildirirəm.
X X X
Zaqatala rayonunun sakini Sona QAZIYEVA dövlətimizin başçısına müraciətlə dedi:
- Möhtərəm cənab Prezident!
Sizi Zaqatala ictimaiyyəti adından salamlayırıq və “Xoş gəlmisiniz!” deyirik.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın gözəl guşəsi olan Zaqatalaya həmişə diqqət yetirirdi. Sovetlər dövründə Zaqatala geridə qalmış rayonlardan biri idi. Lakin ulu öndərimiz respublika rəhbərliyinə gələndən sonra rayonumuz qızıl güllər diyarına çevrildi. O illərdə təkcə bizim rayon deyil, respublikamızın bütün bölgələri sürətlə inkişaf etmişdir.
1970-ci illərdə mən Beyləqan rayonunda bacım Sevil Qazıyevanın işini davam etdirirdim. Çox xoş təsadüf nəticəsində ulu öndərimizlə görüşmək mənə də nəsib oldu. Ümummilli liderimiz Heydər Əliyev bizim sahəyə gəlmişdi. İşimizə yüksək qiymət verdi. Bu təkcə mənim əməyimə deyil, 1970-ci illərin gənclərinin əməyinə verilən qiymət idi. Hələ o zamanlar ulu öndərimiz Heydər Əliyev məhz bu günü, müstəqillik günümüzü görürdü. Elmdə, təhsildə, bütün sahələrdə gəncləri bu günə yönəldirdi və bizdə ruh yüksəkliyi yaradırdı.
Möhtərəm Prezident! Siz də onun yolunu uğurla davam etdirirsiniz. Sizin Zaqatalaya hər gəlişiniz rayonumuzun şan-şöhrətini daha da artırmışdır. Rayonumuzda insanların firavanlığı yüksəlmişdir. 2006-cı və 2008-ci illərdə Sizin səfərləriniz hər bir zaqatalalının ürəyinə həkk olunmuşdur. Bu səfərlər zamanı rayonumuzda müxtəlif obyektlər, müəssisələr açılmışdır. Bunlara görə Sizə təşəkkürümüzü bildiririk, möhtərəm Prezident!
Zaqatala çoxmillətli rayondur. Burada müxtəlif xalqların nümayəndələri – saxurlar, ləzgilər, avarlar böyük bir ailə, vahid bir ailə şəklində yaşayır. Sevincimizi də bir yerdə bölüşürük, problemlərimizi də birgə həll etməyə çalışırıq.
Zaqatalalılar həmişə dövlətçiliyə sadiq olmuşlar. Rayonumuz 200-ə yaxın şəhid vermişdir. Biz inanırıq ki, itirilmiş torpaqlarımız Sizin titanik fəaliyyətiniz sayəsində işğaldan azad ediləcəkdir. Biz hər zaman müsəlləh əsgər kimi Vətənimizin xilası naminə hazırıq.
Cənab Prezident, Siz rayonumuzun iqtisadiyyatının inkişafına böyük qayğı ilə yanaşırsınız. Bu gün Siz yeni müəssisələrin açılışını etmisiniz. Bu, hər bir zaqatalalı üçün yeni iş yeri, maddi rifah halının yaxşılaşdırılması deməkdir. Bunun üçün Sizə çox böyük təşəkkür edirik. Eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma incəsənətimizin, mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident! Biz Sizinlə fəxr edirik. Sevinirik, çünki Azərbaycanımızın Heydər Əliyev kimi ulu öndəri, Sizin kimi Prezidenti, qayğıkeş Mehriban xanımı vardır.
Sizinlə qürur duyuruq, sevinirik və Sizə cansağlığı arzulayırıq!
Çox sağ olun!
Prezident İlham ƏLİYEV:
-Çox sağ olun. Siz qeyd etdiyiniz məsələlər, doğrudan da çox vacibdir. Bu gün Azərbaycanın uğurlu inkişafı müxtəlif amillər üzərində qurulubdur. Yəni, ölkəmiz həm dinamik şəkildə inkişaf edir, iqtisadi gücə malikdir, həm də sənaye potensialı güclənir. Bizim çox uğurlu və güclü neft siyasətimiz vardır. Bu gün Azərbaycan dünya miqyasında öz yerini tutubdur, böyük hörmətə malik olan bir ölkədir. Ölkədə sabitlik, yəni vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır.
Bütün bu amillər bizi gücləndirir və Azərbaycan müstəqil dövlət kimi artıq xalqımızın ümidlərini doğruldubdur. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Biz müstəqilliyi əldə edəndə gələcəyimiz o qədər də aydın deyildi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcək, hansı modeli seçəcək?! Dünyəvi dövlət olacaqmı, olmayacaqmı?! Öz resursları hesabına yaşaya biləcəkmi, yoxsa ki, asılı vəziyyətdə qalacaqdır?! Bütün bu suallar o vaxt cavabsız idi. Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir.
İqtisadiyyatın, sənaye potensialının gücləndirilməsi əlbəttə ki, hər bir ölkə üçün vacibdir. Amma bizdə, ölkəmizdə bir gözəl xüsusiyyət, yəni bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət ondan ibarətdir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycanda bütün xalqlar arasında həqiqətən qardaşlıq münasibətləri vardır. Bu bizim böyük sərvətimizdir. Azərbaycan burada yaşayan hər bir xalqın vətənidir. Azərbaycan dövləti bütün gücünü ortaya qoyur ki, ölkəmizdə yaşayan bütün xalqlar özlərini rahat hiss etsinlər, vahid ailə kimi yaşayaq. Bu gün dünyada Azərbaycanın adı çəkiləndə təkcə neftdən söhbət getmir. Eyni zamanda, millətlərarası münasibətlərdən söhbət gedir. Azərbaycan artıq bölgədə və dünyada bir model rolunu oynamağa başlamışdır. Təsadüfi deyildir ki, ölkəmizdə dini, milli tolerantlıq, dözümlülük mövzularında müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu, bizim ən böyük gücümüzdür, ən böyük sərvətimizdir və biz bu sərvəti qorumalıyıq. Prezident, hər bir məmur, millət vəkili, hər bir vətəndaş, hər bir insan bu sərvəti öz əməyi, öz münasibəti ilə qorumalıdır.
Siz qeyd etdiyiniz kimi, Zaqatala rayonu çoxmillətli rayondur və burada bütün xalqların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Əminəm ki, gələcəkdə də belə olacaqdır. Azərbaycan dövləti gücləndikcə qarşıda duran bütün vəzifələr həll edilməli, eyni zamanda, millətlərarası münasibətlər daim diqqət mərkəzində olmalıdır. Bu, həm dövlət siyasətidir, həm də hər bir vətəndaşın ürəyində olan duyğulardır. Bax, bu iki amil bu gün Azərbaycanda bu gözəl ab-havanın mövcud olmasında öz rolunu oynayır. Ona görə də mən həmin məsələlərlə bağlı öz fikrimi xüsusi vurğulamaq və bir daha bildirmək istərdim. Arzu edirəm ki, sizin bütün arzularınız həyatda öz əksini tapsın. Mən Prezident kimi çalışacağam ki, bundan sonra da rayonda bütün problemlərin həlli üçün biz konkret tədbirləri görək.
X X X
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev Qaladüzü pilləkənləri adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada dövlətimizin başçısına bütövlükdə rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verildi.
Bununla da dövlətimizin başçısının Zaqatalaya səfəri başa çatmışdır.