Şriftin ölçüsü :

Saytın rəngi :

12.04.2006-cı il

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ZAQATALA RAYONUNA GƏLMİŞDİR

2006-04-12 [14:07:05]

AzərTAc xəbər verir ki, respublikamızın şimal-qərb bölgəsində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Zaqatala şəhərindəki Heydər Əliyev parkı ilə tanış oldu. Şəhərin mənzərəli guşəsində yerləşən və bir neçə hektar ərazini əhatə edən bu yaraşıqlı parkda 127 növ ağac əkilmişdir. Zaqatalalıların və şəhərin qonaqlarının ən sevimli yeri olan parkda istirahət üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla parka baxdılar, buradakı səliqə-sahmandan razılıqlarını ifadə etdilər. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül-çiçək dəstəsi qoydu. Prezidentin ailə üzvləri də abidənin önünə gül dəstəsi qoydular.

 

ZAQATALA OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

2006-04-12 [14:06:10]

AzərTAc xəbər verir ki, aprelin 12-də Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi. Kompleksin qarşısına toplaşan on minlərlə sakin dövlətimizin başçısını hərarətlə qarşıladılar. Onlar mərasimə Prezidenti salamlayan şüarlarla, ulu öndərin və dövlətimizin başçısının portretləri, Azərbaycanın dövlət bayraqları ilə gəlmişdilər. Azərbaycan Prezidenti İlham Əliyev kompleksin açılışını bildirən qırmızı lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, Zaqatala Olimpiya İdman Kompleksi Milli Olimpiya Komitəsinin sifarişi ilə “General Honştrakshin” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmişdir. İnşaat işlərinə 2004-cü ilin əvvəlində başlanmış bu möhtəşəm idman qurğusunun tikintisinə 1 milyon 600 min yeni Azərbaycan manatı xərclənmişdir. Tikintinin qızğın çağında burada 300 nəfərədək adam çalışmışdır. Birinci korpusda inzibati bina, ikinci korpusda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da vardır. Gələcəkdə kompleksin həyətində idmançıların qalması və istirahət etməsi üçün 16 ədəd 2 mərtəbəli kottec tikilməsi nəzərdə tutulur. Hazırda kompleksin qarşısındakı ərazidə 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintisi sürətlə davam etdirilir. Bolqarıstanlı mütəxəssislərin layihəsi əsasında inşa edilən yeni stadionda futbol və digər kütləvi idman oyunlarının keçirilməsi üçün meydançalar, habelə xidməti otaqlar olacaqdır. Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur. Prezident İlham Əliyev üzgüçülük hovuzu, voleybol, basketbol və həndbol yarışlarının keçirilməsi üçün nəzərdə tutulan salona baxdı, idmançıların nümunəvi çıxışlarına tamaşa etdi. Sonra kompleksin qarşısında təntənəli mərasim keçirildi. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

2006-04-12 [14:05:51]

- Əziz bacılar və qardaşlar!
Sizi ürəkdən salamlayıram və bu gözəl olimpiya kompleksinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl idman kompleksidir, hər cür şərait - idman salonları, üzgüçülük hovuzu var və əminəm ki, Zaqatala idmançıları və sakinləri bu kompleksdən səmərəli istifadə edəcəklər. Zaqatalada idman həmişə çox yüksək səviyyədə olubdur. Bu bölgədən çıxmış idmançılar beynəlxalq yarışlarda Azərbaycan idmanının şərəfini qoruyublar və yüksək nəticələr qazanıblar. Eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi mən iki il əvvəl qərara gəldim ki, Zaqatalada müasir olimpiya kompleksi tikilməlidir ki, burada idman daha da sürətlə inkişaf etsin, idmanla məşğul olmaq üçün şərait müasir dünya standartlarına cavab versin. Bu gün burada idman salonunda uşaqları görəndə çox sevindim. Bu, bizim gələcək nəslimizin fiziki və mənəvi cəhətdən tərbiyə olunması üçün çox mühüm bir amildir. Bildiyiniz kimi, idman insanı fiziki cəhətdən sağlam böyüdür, eyni zamanda, idmanla məşğul olan uşaqlar mənəvi cəhətdən çox möhkəm olurlar. Onlarda vətənpərvərlik ruhu çox yüksək səviyyədə olur. Əlbəttə ki, idman həm də ölkənin şöhrətidir. İdman artıq dünyada insanları birləşdirən ən əsas amillərdən biridir. Eyni zamanda, hər bir ölkənin təbliğinə də xidmət göstərir. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya çempionatlarında, olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Azərbaycanı tanıdırlar, ölkəmiz haqqında dolğun təsəvvür yaradırlar.

Mən çox şadam ki, bu Olimpiya İdman Kompleksi yüksək dünya standartlarına cavab verir. Bununla yanaşı, burada futbol stadionu da tikiləcək, artıq inşasına başlanıbdır. Beləliklə, Zaqatalada həm rayon üçün çox gözəl idman infrastrukturu yaradılıb və eyni zamanda burada Azərbaycan çempionatları keçiriləcək, beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var.

Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin. Bildiyiniz kimi, bu gün Zaqatalada yeni Müalicə-Diaqnostika Mərkəzinin təməl daşı da qoyulacaqdır. Bu yaxınlarda bu barədə də qərar qəbul edilibdir. Bu, bölgələrin sosial problemlərinin həlli üçün çox lazımlı bir proqramdır.

Azərbaycanın müxtəlif bölgələrində yeni tibb ocaqları yaradılır. Bizim tibb xidmətimiz yüksək səviyyədə olmalıdır. İnsanlar vaxtlı-vaxtında müalicə keçməlidirlər. Diaqnostikanın səviyyəsi yüksək olmalıdır. Xəstəlik olmamalıdır, əgər kimsə xəstələnirsə, vaxtında bu xəstəlik müəyyən edilib tədbirlər görülməlidir.

Zaqatalada yeni aeroportun tikintisi də nəzərdə tutulub, bu barədə də qərar verildi. Çünki bu bölgənin hərtərəfli inkişafı üçün mütləq müasir aeroport olmalıdır. Düzdür, mövcud aeroport var, vaxtilə Zaqatalada və Şəkidə də tikilibdir. Amma həmin aeroportlar böyük təyyarələrin qəbul olunmasına imkan vermir. Azərbaycanın hava nəqliyyatı müasirləşir. İndi biz köhnə sovet təyyarələrindən imtina edirik, müasir təyyarələr - boinqlər, aerobuslar, böyük yük təyyarələri alırıq. Onların buraya gəlməsi üçün müasir uçuş-enmə zolağı, aerovağzal kompleksi olmalıdır. Mən şübhə etmirəm ki, aeroport tikiləndən sonra buraya axın daha da çox olacaqdır.

Hər bir bölgənin inkişafı üçün infrastruktur yaradılmalıdır – yollar, elektrik stansiyaları, su xətləri, qaz kəmərləri, yeni aeroportlar. Bunların hamısı bizim proqramımızda var və bölgənin hərtərəfli inkişafı üçün bütün bu tədbirlər görüləcəkdir. Nəzərə alsaq ki, Zaqatala rayonu Bakıdan uzaqda yerləşir, buraya gəliş-gedişin asanlaşması üçün bu tədbirləri görməliyik. Bu gün biz bu məsələyə də baxacağıq. Yəni bir sözlə, Zaqatala rayonunun sosial-iqtisadi inkişafına biz kompleks şəkildə baxırıq.

Bizim bütün planlarımız, proqramlarımız həyatda öz əksini tapır. Bildiyiniz kimi, iki il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı proqramı qəbul edilibdir. O gündən bu günə qədər proqram uğurla icra olunur. Proqramda nəzərdə tutulan bütün məsələlər öz əksini tapır ki, eyni zamanda, əlavə tədbirlər də görülür. Mənim bölgələrə səfərlərimin, demək olar ki, əsas məqsədi görülən işləri təhlil etmək, yerlərdə vəziyyətlə tanış olmaqdır ki, insanları hansı məsələlər narahat edir və mövcud olan problemlərin aradan qaldırılması üçün əlavə tədbirlər planı hazırlamaqdır. Hansı məsələ ilk növbədə həll olunmalıdır - bunu biz yerlərdə müzakirə edirik. Məsələlər həm sizinlə görüşlərdə, eyni zamanda, yerli icra orqanlarının nümayəndələri ilə müzakirə olunur.

Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində zaqatalalıların çox böyük xidməti olmuşdur. Bu gün siz öz əməyinizlə, zəhmətinizlə ümumi işimizə böyük töhfə verirsiniz.

Mən istəyirəm ki, bu bölgədə yeni müəssisələr, fabriklər, iş yerləri yaradılsın. İqtisadiyyatın bu bölgəyə uyğun olan müəyyən istiqamətləri - emal sənayesi, turizm, digər sahələr inkişaf etsin. Əlbəttə ki, sosial infrastrukturun yeniləşməsi çox önəmlidir. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alır. Keçən il 300-dən artıq məktəb tikilibdir. Bu il də böyük proqram nəzərdə tutulubdur. Azərbaycanda yararsız vəziyyətdə olan bir dənə də məktəb olmamalıdır. Biz onları yeniləşdirməliyik, müasirləşdirməliyik, yeni avadanlıqla təchiz etməliyik. İnsanların təmasda olduqları bütün sahələrdə - təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatlar aparılmalıdır. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir. Bu məsələlər də diqqət mərkəzindədir.

Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir, dünyada ən yüksək sürətlə inkişaf edir. Azərbaycanda müşahidə olunan iqtisadi artım heç bir başqa ölkədə yoxdur. İqtisadiyyatımız keçən il 26 faizdən çox artıbdır. İlkin məlumatlar mənə verilib, bu ilin birinci rübündə təxminən 40 faiz artıbdır. Bu, onu göstərir ki, bizim nəzərdə tutduğumuz işlər həyatda öz əksini tapır. Əsas məqsəd odur ki, insanlar bu gözəl makroiqtisadi göstəriciləri gündəlik həyatda hiss etsinlər. Maaşlar, pensiyalar, digər sosial müavinətlər qaldırılmalıdır. Eyni zamanda, kreditlər verilməlidir və verilir. Kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir. Baxın, son iki il ərzində Azərbaycanda ölkəmizin uzunmüddətli inkişafı üçün nə kimi əsas işlər görülübdür. Magistral yolların, yeni elektrik stansiyalarının tikintisi artıq sürətlə gedir. Bu gün Azərbaycanda 6 yeni elektrik stansiyası tikilir. Onların ümumi gücü 1000 meqavatdır. Onlardan biri Şəki rayonunda tikilir. 90 meqavat gücündə olan stansiya bu il istismara verilməlidir. Ondan sonra bu bölgədə işıq problemi tamamilə aradan qaldırılmalıdır.

Dörd rayonun - Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qış mövsümündə elektrik enerjisinə tələbatı təxminən 130 meqavatdır və indi buraya müxtəlif yerlərdən verilir. Ancaq Şəkidə 90 meqavat gücündə elektrik stansiyasının tikilməsi görün bu işlərdə bizə nə qədər kömək göstərəcəkdir.

Bununla yanaşı, idman kompleksləri, səhiyyə ocaqları, məktəblər tikilir, iş yerləri açılır. İki il, iki ilyarım ərzində 350 min yeni iş yeri açılıbdır və bu proses sürətlə davam edir. Kənd təsərrüfatının inkişafı üçün təkcə bu il büdcədə 100 milyon yeni manat məbləğində vəsait nəzərdə tutulubdur. Yəqin ki, sabah bölgə sahibkarlarına kreditlər verilməyə başlanacaqdır. Əgər kredit olmasa, onda sahibkarlığı inkişaf etdirmək çətin olacaqdır. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün, kəndlilər üçün kredit, gübrə verilməlidir. Əlbəttə ki, kənd təsərrüfatı texnikası da verilməlidir. Bunu da bizim yaratdığımız “Aqrolizinq” Səhmdar cəmiyyəti etməlidir.

Azərbaycanın hərtərəfli inkişafı artıq bir reallıqdır. Sadəcə olaraq, mən istəyirəm, biz hamımız istəyirik ki, bu inkişaf daha da sürətlə getsin. Bunu etmək mümkündür. Görülən işlər göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Amma görülən işlərin sürəti daha da yüksək olmalıdır. Mən bunu bilirəm, hiss edirəm, bütün səylərimi ona yönəldirəm ki, biz bu inkişafa daha da sürətlə nail olaq.

Minimum əmək haqqı insanın minimum tələbatına cavab verməlidir. Bu gün belə deyil, minimum əmək haqqı insanın tələbatını ödəmir. Düzdür, son iki il ərzində minimum əmək haqqı 3-4 dəfə qaldırılıbdır. Ancaq bu imkan vermir ki, o minimumu alan insan normal yaşasın. Yaxud da, minimum pensiya imkan vermir ki, insan normal yaşasın. Bu, dözülməz bir vəziyyətdir. Biz bunu həll edirik, ancaq necə bunu həll edək? Ancaq iqtisadiyyatı inkişaf etdirməklə, ancaq yeni iş yerlərinin açılması ilə, ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının davam etdirilməsi ilə. Bildiyiniz kimi, bu il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verilir. Ondan sonra ölkəmizə milyardlarla dollar vəsait gələcəkdir. Biz ondan səmərəli istifadə etməliyik. Müasir infrastruktur yaratmalıyıq. Maaşları, pensiyaları qaldırmalıyıq. Hər bir yerdə, hər bölgədə yeni iş yerlərinin açılmasına şərait, sahibkarlığın inkişafına şərait yaratmalıyıq və ölkəmiz belə inkişaf edəcəkdir. Əlbəttə ki, yerli təşəbbüs də çox təqdir edilir. Yerlərdə olan problemləri sizdən yaxşı heç kim bilmir. Siz problemləri qaldırmalısınız, deməlisiniz ki, nə kimi əlavə işlər görülməlidir, hansı məsələ öz həllini tələb edir. Elə məsələ var ki, çox böyük vəsait tələb edir və əlbəttə ki, bu, mərkəzdən həll olunmalıdır. Elə məsələ də var ki, sadəcə olaraq insan gərək ürəklə, vicdanla yanaşsın və öz vəzifə borcunu şərəflə yerinə yetirsin. Belə olan təqdirdə Azərbaycanda bütün problemlər öz həllini tapar.

Əsas sosial-iqtisadi inkişaf problemlərinin həlli üçün bizim proqramımız var. Bu, beşillik proqramdır, 2003-cü ildə təsdiq olunub, 2004-cü ilin əvvəlindən icrasına başlanıbdır. 2008-ci ildə bu proqram başa çatır. Ondan sonra yeni proqram təqdim ediləcək, Azərbaycanın yeni inkişaf dövrünün proqramı olacaq və ölkəmiz bu şəkildə inkişaf edəcəkdir. Bu gün görülən işlər, o cümlədən bu gözəl Olimpiya kompleksinin tikintisi onu göstərir ki, ölkə inkişafdadır. Bizdən asılıdır ki, bunu davamlı edək ki, Azərbaycan daha da güclənsin, qüdrətlənsin, bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin.

Bu gün bu proses gedir. Azərbaycan bölgə üçün, dünya üçün çox önəmli ölkəyə çevrilibdir. Xüsusilə Avropa ölkələrində qaz problemlərinin ortaya çıxması ilə əlaqədar Azərbaycan qazına əlavə tələbat yaranıbdır. Əlbəttə ki, bu, Azərbaycanın rolunu, dünya işlərində, Avropada gedən proseslərdə bizim rolumuzu artırır. Biz də bundan səmərəli istifadə etməliyik. Azərbaycanın milli maraqlarını möhkəm müdafiə etməliyik. Elə etməliyik ki, Azərbaycan ən qabaqcıl, ən inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycan xalqı rahat, firavan, sülh, əmin-amanlıq şəraitində yaşasın.

Azərbaycanda ictimai-siyasi sabitliyin, təhlükəsizlik məsələlərinin həll olunması, əlbəttə ki, ölkəmizin inkişafına böyük təkan verir. Əgər sabitlik olmasa, heç kim Azərbaycana investisiya qoymaz. Əgər Azərbaycanın gələcəyinə inam olmasa, heç kim burada uzunmüddətli layihələrlə məşğul olmaz. Bu inam, bu sabitlik var, gözəl ab-hava, iqtidarla xalq arasında birlik var. Bizim fikirlərimiz də, duyğularımız da, amalımız da birdir – ölkəmizi möhkəmləndirmək. Bu işdə sizə uğurlar arzulayıram. Bütün Zaqatala camaatına xoşbəxtlik, cansağlığı arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

 

ZAQATALADA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİ QOYULMUŞDUR

2006-04-12 [14:04:27]

AzərTAc xəbər verir ki, aprelin 12-də Zaqatala şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev respublikamızın rəhbərinə məlumat verərək dedi ki, şirkətin vəsaiti ilə şəhərin səfalı yerində tikiləcək mərkəz dördmərtəbəli binadan ibarət olacaqdır. Onun istifadəyə verilməsindən sonra müəyyən xəstəliklərin müalicəsi üçün Bakıya və ya qonşu Gürcüstana getməyə ehtiyac qalmayacaqdır. Burada cərrahiyyə, reanimasiya şöbələri də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, istilik mərkəzi, avtomobil dayanacağı olacaq, istirahət guşəsi yaradılacaqdır.

Prezident İlham Əliyev mərkəzin baş planı ilə tanış oldu, yerli kadrlardan da istifadə edilməsinin, onlara yüksək maaş verilməsinin zəruriliyini vurğuladı. Buranın gözəl havasının da xəstələrin müalicəsi üçün faydalı olacağını söylədi. Bildirdi ki, bütün lazımi infrastrukturun yaradılması sayəsində bu bölgədə sakinlərin normal fəaliyyəti və yaşaması üçün hər cür şərait olacaqdır.

Prezident İlham Əliyev gilizi binanın təməlinə qoydu və ilk beton qarışığını atdı.

ZAQATALA SƏRHƏD DƏSTƏSİNİN ŞƏXSİ HEYƏTİ İLƏ GÖRÜŞ

2006-04-12 [14:03:50]

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev aprelin 12-də Zaqatala sərhəd dəstəsinin şəxsi heyəti ilə görüşmüşdür.

Azərbaycan Prezidentini Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev qarşılayaraq raport verdi: “Cənab Ali baş komandan! Sərhəd dəstəsinin şəxsi heyəti Sizin görüşünüzə hazırdır”.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev sərhədçiləri salamladı.

Görüşü Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev açdı.

 

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ

2006-04-12 [14:01:18]

-Əziz sərhədçilər!
Mən sizin hamınızı ürəkdən salamlayıram, şərəfli xidmətinizdə sizə uğurlar arzulayıram. Hər bir ölkə üçün sərhəd onun müstəqilliyini, müstəqil ölkə kimi yaşamasını əks etdirir. Azərbaycan gənc müstəqil ölkədir. Yalnız 15 il bundan əvvəl ölkəmiz müstəqilliyə qovuşdu və dünya birliyinin üzvü kimi yaşamağa başladı. Əlbəttə ki, Azərbaycan öz sərhəd xidmətini yenidən qurmalı idi. Çünki bizim qonşu ölkələrlə, demək olar ki, sərhədimiz yox idi. Rusiya ilə, Gürcüstanla bir ölkədə yaşadığımıza görə, aramızda sərhəd yox idi. İranla sərhəd isə artıq yararsız vəziyyətə düşmüşdü. Belə olan halda, ölkəmizin sərhəd infrastrukturunun yaradılması məsələsi ön plana çıxdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu işlər başladı və qısa müddət ərzində Azərbaycanda çox peşəkar sərhəd xidməti yaradıldı. Eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş qərara görə, Azərbaycanda müstəqil Dövlət Sərhəd Xidməti yaradıldı və bu gün fəaliyyət göstərir.

Bu illər ərzində çox böyük işlər görüldü, sərhədlərimiz möhkəmləndirildi, yeni müasir sərhəd infrastrukturu yaradıldı, kifayət qədər texnika alındı və bu proses davam edir. Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır. Bu sahəyə böyük diqqət göstərilir, mənim sərhədçilərlə çoxsaylı görüşlərim olubdur. Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikanı, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur.

Bu gün bölgədə gedən proseslər, bütövlükdə dünyada gedən proseslər bizim diqqət mərkəzimizdədir. Biz bu prosesləri izləyirik, təhlil edirik və lazımi tədbirləri görürük. Görürük ki, qloballaşma dövründə, ölkələr arasında sərhədlərin açıldığı dövrdə təhlükələr də yaranır və bu təhlükələr əlbəttə ki, bizi düşündürür. Bölgədə terrorizm, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və digər xoşagəlməz hadisələr müşahidə olunur. Azərbaycan özünü qorumalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, iqtisadi islahatların davam etdirilməsi üçün, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış uğurlu neft strategiyamızın həyata keçirilməsi üçün ölkədə sülh, sabitlik, ictimai-siyasi asayiş olmalıdır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamalıdır.

İndi bu var və bu, böyük nemətdir. Azərbaycan öz iqtisadiyyatını rahat şəraitdə inkişaf etdirir.


Azərbaycanda sosial məsələlər öz həllini tapır və ölkəmizin vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması bizim üçün bütün bu gözəl imkanları yaradır. Ona görə Sərhəd Qoşunlarının inkişafına bundan sonra da böyük diqqət göstəriləcəkdir.

Bildiyiniz kimi, lazımi vəsait ayrılır, ölkəmizin müxtəlif bölgələrində yeni sərhəd dəstələri yaradılır. Gələn il və bu il həmin məqsədlərə əlavə vəsait ayrılacaqdır. Sizə deyə bilərəm ki, Sərhəd Qoşunları komandanının bütün müraciətlərinə müsbət baxılır, operativ qaydada göstərişlər verilir ki, bizim sərhəd dəstələrimiz daha da möhkəmlənsin. Azərbaycan sərhədlərini və beləliklə də öz dövlət müstəqilliyini möhkəmləndirsin. Müstəqillik bizim üçün ən böyük nemətdir, ən böyük sərvətdir. Azərbaycan xalqı əsrlər boyu bu duyğularla yaşamışdır. Bu gün biz müstəqil ölkə kimi dünya birliyinin üzvüyük. Azərbaycanın önəmi artır, beynəlxalq və regional işlərdə fəaliyyətimiz artır. Belə olan halda, təbii ki, Azərbaycana diqqət də artır. Azərbaycanı istəməyən qüvvələr, erməni terrorist təşkilatları, erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycana qarşı kampaniya aparırlar. Bu, həm təbliğat xarakteri daşıyır, eyni zamanda, təxribat xarakteri daşıyır. 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törədilmişdir. Bu terror aktlarında iki mindən çox günahsız insan həlak olmuşdur, minlərlə adam əlil, şikəst olmuşdur. Azərbaycanda, demək olar ki, daxili sabitlik yox idi, hərc-mərclik, anarxiya, özbaşınalıq hökm sürürdü. Qayda-qanun yox idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra qayda-qanun yaradıldı, sabitlik bərqərar olundu. Qeyri-qanuni dəstələr tərksilah edildi. Bizim sərhədlərimiz də möhkəmləndi. Bu gün müasir avadanlıqla təchiz olunmuş Sərhəd Qoşunları Azərbaycanı bütün təhlükələrdən müdafiə etməyə qadirdir. Biz sərhədlərdə, ölkə daxilində nələr baş verdiyini bilirik. Bizim kifayət qədər imkanlarımız var və vəziyyət tamamilə nəzarət altındadır. Amma bu o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Əksinə, biz öz işimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq, təkmilləşdirməliyik ki, Azərbaycan xalqı rahat, sülh, təhlükəsizlik şəraitində yaşasın.


Müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycanın başlıca vəzifəsidir. Biz öz dövlət müstəqilliyimizi qoruyub saxlamalıyıq və hər gün, hər ay bunu möhkəmləndirməliyik. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış ölkədir.

Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Biz bu işğala son qoymaq istəyirik, ona görə danışıqlar prosesində iştirak edirik. Bildiyiniz kimi, danışıqlar prosesi artıq yeni formatda keçirilir və bu format ədaləti əks etdirir. Azərbaycanın milli maraqlarını əks etdirir və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün lazımi zəmin yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Biz bunu sülh yolu ilə, danışıqlar yolu ilə etmək istəyirik. Biz müharibə istəmirik. Ancaq eyni zamanda, öz hərbi potensialımızı da möhkəmləndirməliyik və bunu da edirik. Bu, bizim suveren hüququmuzdur.


Azərbaycanın iqtisadi potensialı, gücü artdıqca, əlbəttə ki, hərbi xərclər də artır və artmalıdır. İldən-ilə artan hərbi xərclər Azərbaycanda çox güclü hərbi potensialın yaradılmasına gətirib çıxarır. Bu gün ordu quruculuğuna, Sərhəd Qoşunlarının möhkəmlənməsinə ayrılan xərclər bizim gücümüzü, qüdrətimizi artırır. Biz güclü dövlət olmaq istəyirik. Hər bir ölkə istəyir ki, onun gücü olsun, həm iqtisadi gücü artsın, həm regiondakı mövqeyi möhkəmlənsin, eyni zamanda, müdafiə potensialı da möhkəmlənsin.


Ordu quruculuğunda böyük işlər görülüb, bu məqsədlərə ayrılan xərclər ilbəil artır və Azərbaycanda çox güclü hərbi potensial yaranmaqdadır. Gələcək illərdə bu, daha da güclənəcək, bizim imkanlarımız artacaq, büdcəmiz ildən-ilə artacaqdır. Son dörd il ərzində Azərbaycanın büdcəsi 4 dəfə artıbdır. Amma bu hələ son hədd deyil, görüləcək əsas işlər qabaqdadır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanmış, onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycan zəngin, inkişaf etmiş ölkəyə çevriləcəkdir. Ölkənin bütün problemləri öz həllini tapacaqdır. Bu gün bu bölgədə olarkən də, - səhərdən Balakəndə, indi Zaqatalada, sonra başqa rayonlarda da olacağıq, - görürük. Hər bir rayonda inkişaf gedir, müasir infrastruktur yaradılır. İdman kompleksləri, xəstəxanalar, aeroportlar, müalicə-diaqnostika mərkəzləri, məktəblər, sərhəd dəstələri, yollar - bütün bunlar inkişafın əlamətidir. Azərbaycan ən sürətlə inkişaf edən ölkədir, bölgədə lider ölkədir. Eyni zamanda, hərbi potensialına görə lider ölkədir və bu, davam etdiriləcəkdir. Azərbaycan möhkəmlənəcək və zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bütün bunları təmin etmək üçün sabitlik, təhlükəsizlik, ictimai-siyasi asayiş olmalıdır. Sərhəd Qoşunlarının bu işlərdə böyük əməyi var, mən bunu, görülən işləri də yüksək qiymətləndirirəm.

Çox yüksək səviyyədə peşəkarlıq var, hazırlıq yüksək səviyyədədir. Eyni zamanda, vətənpərvərlik ruhu da yüksəkdir. Bu, həmişə lazımdır və bu da var. Mən bunları görəndə çox sevinirəm. Sizə şərəfli işinizdə uğurlar arzulayıram, Vətənin maraqlarını, Azərbaycanın müstəqilliyini qoruyun, möhkəm olun.

Sağ olun.

X X X


Sonra Prezident İlham Əliyev xidmətdə fərqlənənlərə qiymətli hədiyyələr təqdim etdi. Sərhədçilərin nümunəvi çıxışları oldu. Əsgər və zabitlər sərhəd pozucularının tutulması üçün texnika və ləvazimatdan istifadə qaydalarını böyük məharətlə nümayiş etdirdilər.

Sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçdi.

Prezident İlham Əliyev zabitlərin xidməti şəraiti ilə maraqlandı, sərhəd dəstəsinin qərargahı ilə tanış oldu. Burada yaradılmış xüsusi guşədə terrorizmlə mübarizədə iştirak edən sərhədçilərin fəaliyyəti əks olunur. Ali baş komandan Heydər Əliyev guşəsinə də baxdı. Burada ulu öndərin sərhəd xidmətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş etdirilir. Ölkəmizin müxtəlif rayonlarında yerləşən sərhəd dəstələrinin, yeni sərhəd zastavalarının bugünkü və keçmiş vəziyyətini göstərən fotoguşə də maraqla qarşılandı.

Sonra Azərbaycan Prezidenti dağlıq ərazilərdə sərhədçilərin istifadə etdikləri texnikaya, cihaz və ləvazimata, müxtəlif təyinatlı digər avadanlığa da baxdı, dağlıq ərazidə uçuşları həyata keçirən vertolyotun kabinəsində əyləşdi.

Daha sonra Ali baş komandan əsgər yataqxanası ilə tanış oldu, yeməkxanaya gələrək, sərhədçilərlə nahar etdi.

ZAQATALADA YENİ HAVA LİMANI TİKİLƏCƏKDİR

2006-04-12 [14:00:37]

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatalada yeni tikiləcək hava limanının layihəsi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevi köhnə hava limanında “Azərbaycan Hava Yolları” Dövlət Konserninin sədri Cahangir Əsgərov qarşıladı. O, dövlətimizin başçısına məlumat verərək dedi ki, Zaqatala şəhərindən 5 kilometr cənubda yerləşən bu hava limanı 1974-cü ildə istismara verilmişdi. Doqquz ildir fəaliyyətini dayandırmışdır. Əvvəllər də ancaq “Yak” tipli təyyarələri qəbul edirdi. Uçuşlar isə Bakıya və geriyə olurdu.

Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu müasir standartlara çatdırılacaq, yəni 3300 metr olacaqdır. Aerovağzal binası saatda 150 sərnişinə xidmət edə biləcəkdir. Yeni hava limanında yük terminalı, yanacaq-sürtkü materialları anbarı, aerodrom maşın-mexanizmlərinin təmiri üçün emalatxana və s. olacaqdır. Tezliklə tikintiyə başlanacaq və hava limanı 12 aya istifadəyə veriləcəkdir.

Prezident İlham Əliyev layihə ilə tanış olaraq bildirdi ki, gələcəkdə bölgə daha da inkişaf edəcək və buraya sərnişin axını artacaqdır. Beynəlxalq statusa malik olacaq bu hava limanından sərnişinlər xarici ölkələrə də uçmaq imkanı qazanacaqlar. Azərbaycanın belə səfalı bir məkanında yeni hava limanının tikilməsi regionun inkişafına da böyük təkan verəcəkdir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Zaqatala rayonuna səfərini başa çatdırdıqdan sonra, günün ikinci yarısında Qax rayonuna gəldi.

Qax şəhərinin mərkəzi meydanında Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı böyük hörmətlə və sürəkli alqışlarla qarşıladılar.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin burada ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Prezident İlham Əliyev görüşdə nitq söylədi.

Görüşdən sonra dövlətimizin başçısı Qax rayonunun İlisu kəndindəki “Uludağ” turizm və istirahət mərkəzi ilə tanış oldu, Qax-İngiloy kəndində gürcü sakinlərlə görüşdü, buradakı Müqəddəs Georgi kilsəsində oldu.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Şəki rayonuna gəldi.

 

Keçidlər