İllik hesabat
2021
Rayon İcra Hakimiyyəti başçısının 2021-ci ilin yekunlarına dair hesabatı
Respublikamızda sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində rayonumuz da öz inkişafını davam etdirmişdir.
Cari ilin hesabat dövründə sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 layihə üzrə 310,0 min manat həcmində güzəştli kredit verilmişdir.
2021-ci il ərzində rayonda sənayedə 186,1 milyon manat, kənd təsərrüfatında 143,0 milyon manat, tikintidə 22,8 milyon manat, nəqliyyatda 2,8 milyon manat, ticarətdə 71,4 milyon manat, rabitədə 2,6 milyon manat olmaqla 428,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Rərakəndə əmtəə dövriyyəsi 225,6 milyon manat, pullu xidmətlərin həcmi 32,7 milyon manat, əsas kapitala yönəldilən investisiya 25,0 milyon manat olmuşdur.
2019-2023-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda da 17 tədbirin icrası istiqamətində müəyyən işlər görürlmüş, 1685-i daimi olmaqla 1765 iş yeri açılmışdır.
Cari ilin hesabat dövründə sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayonun iqtisadiyyatına 12,1 milyin manat manat həcmində özəl investisiya qoyulmuş onun da 64,6 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə, 28,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,6 faizi sair xidmət sahələrin inkişafı üçün xərc edilmişdir.
2021-ci il ərzində ayında rayon büdcəsinə vergi və tədiyyələr üzrə 8.9 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 111.5 faiz icra edilmiş, gəlirlərin 32.8 faizi dövlət sektorunun, 67.2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Cari ildə ərzində büdcəyə məcburi dövlət sosial sığorta haqqları üzrə 11 milyon 427 min manat, işsizlikdən sığorta üzrə 317.5 min manat vəsait daxil olmuşdur. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 704 min manat subsidiya alınmış, büdcə xərcləri 8 milyon 418 min manat və ya 82.8 faiz icra olunmuşdur.
2021-ci il ərzində rayonda 468 pensiya işi təyin edilmiş, 8308 nəfər sosial müavinət və təqaüd alan şəxsə xidmət göstərilmişdir. Onlardan 5236 nəfəri sosial müvinət, 3072 nəfəri təqaüd alanlardır.
2021-ci ilin ərzində Məşğulluq Mərkəzində artan yekunla 41761 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 21430 nəfəri qadın, 13155 nəfəri işsiz şəxslərdir. İl ərzində 98 nəfər münasib işlə təmin olunmuşdur. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Öz biznesinə başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçmiş, 253 nəfərə özünəməşğulluq proqramına cəlb edilmiş və onlardan 242 nəfəri qiymətləndirmədən uğur qazanmışdır. 2021-ci ildə uğur qazanmış 242 nəfər vətəndaşdan 139 nəfəri kənd təsərrüfatı (iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, arıçılıq təsərrüfatı zərfi) sahəsi üzrə aktivlə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində “DOST İŞ” MMC tərəfindən rayonumuzda 433 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və hər biri ilə əmək müqaviləsi bağlanılması təmin edilmişdir.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilmiş, rayonda 2021-ci ilin məhsulu üçün 11396 ha sahədə payızlıq taxıl, o cümlədən 7819 ha buğda, eləcə də 212 ha efir yağlı bitki sahələrinə aqrotexniki xidmət göstərilmiş, 3537 ha sahədə qarğıdalı, 588,7 sahədə tütün, 10 ha sahədə günəbaxan, 191 ha sahədə paxlalılar, 1595 ha sahədə kartof, 2160 ha sahədə tərəvəz, 4408 ha sahədə yonca və 822 ha sahədə bostan bitkiləri əkilmişdir. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədi ilə payızlıq taxıl biçinindən sonra aralıq bitkilər (qarğıdalı, soya və s.) əkilərək 488 ha sahə təkrar əkinə cəlb edilmişdir.
Rayonda ötən ildə 39073 ton payızlıq taxıl, o cümlədən 27054 ton buğda, 20020 ton qarğıdalı, 432 ton paxlalı, o cümlədən 40 ton soya, 674 ton tütün, 26 ton dən üçün günəbaxan, 19236 ton kartof, 21751 ton tərəvəz, 9346 ton bostan məhsulları, 65148 ton quru ot, 915 ton üzüm, 56,5 ton yaşıl çay yarpağı, 54469 ton meyvə, o cümlədən 30431 ton fındıq istehsal olunmuşdur
Bundan başqa, rayonumuzun toxumçuluq təsərrüfatlarında 2021-ci ilin məhsulu üçün 1007 ha sahədə toxumluq buğda və arpa yetişdirilmiş, sahələrdə aqrotexniki tədbirlər görülməklə torpaq nümunələri əsasında aqrokimyəvi analizlər aparılmışdır. Həmin toxumluq əkinlərin aprobasiya olunmuş toxuma yararlı 924 hektarından 3606 ton məhsul biçilmiş, orta məhsuldarlıq 39 sent/ha olmuşdur. Kondisiyaya çatdırılmış və laboratoriya analizi edilmiş 2640 ton I və II reproduksiyalı taxıl toxumlarına sertifikat verilmişdir.
2022-ci ilin məhsulu üçün rayonda 7771,8 ha sahədə payızlıq taxıl, o cümlədən 4151,1 ha sahədə buğda səpilmişdir. Bütün bu işlərin görülməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 686 ədəd özüyeriyən texnikadan istifadə edilmişdir.
2021-ci ildə rayonda mövcud k/t-na yararlı əkin və bağ sahələrində aparılan müşahidələr nəticəsində zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənən ərazilər müəyyən edilərək 2761 ha sahədə büdcə vəsaiti hesabına, 23341 ha sahədə isə təsərrüfat subyektləri hesabına mexaniki-bioloji və kimyəvi mübarizə tədbirləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası təsdiq edilmişdir. Yeni “Qayda”lara uyğun olaraq fermerlər becərdikləri torpaq sahələrində əkilmiş məhsulları elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) altsistemi olan subsidiya informasiya sisteminə (SİS) elektron qaydada bəyan edirlər.
Belə ki, rayonda 6994 ha sahədə aparılmış payızlıq taxıl əkinləri ilə əlaqədar 2117 fermerə məxsus 3077 ədəd torpaq sənədi SİS-nə daxil edilməklə, ondan 1602 ədədinin subsidiya ödənilməsi üçün müraciətləri qəbul olunmuşdur.
Ötən il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır.
Heyvandarlığın inkişaf etdirilməsi üçün 2021-ci ildə 15359 hektar dövlət fonduna aid yay otlaq sahələri fermerlərin icarəsinə verilmişdir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalandırılma yolu ilə 5970 baş cins bala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 59365 baş, qoyun-keçilərin baş sayı 137537 baş olmuş, rayonda 9491 ton diri çəkidə ət, 43857 ton süd, 23 milyon 291 min ədəd yumurta, 303 ton yun istehsal edilmişdir.
"Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının icrası olaraq rayonda süni mayalanma yolu ilə alınmış cins buzovlara görə 2021-ci ildə 5217 baş heyvan sahiblərinə 521700 manat subsidiyanın ödənilməsi məqsədilə sənədləşmə işləri görülmüşdür.
2021-ci ildə 8052 baş inək və düyələr süni mayalandırılmışdır ki, bu da rayonda olan ana malın 27 faizini təşkil edir. Zaqatala rayonu əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də aparılmış süni mayalanma tədbirləri ilə əlaqədar həm süni mayalanan ana mal baş sayına, həm də əldə olunmuş cins bala baş sayına görə respublikada qabaqcıllar sırasında öz mövqeyini qoruyub saxlamışdır.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Zaqatala Bölgə Təcrübə Stansiyasının bitkiçilik və əkinçilik şöbəsində torpaq-iqlim şəraitinə uyğun yeni məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı tütün sortlarının yaradılması və yeni becərmə texnologiyalarının işlənib hazırlanması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Belə ki, mövcud genofondun qorunub saxlanması və genişləndirilməsi məqsədilə yerli tütün sortları əsasında kolleksiya sahəsinin yaradılması üçün Stansiyada 27 sort üzərində (Zaqatala iriyarpaqlısı, Virciniya GL-26, Berley -78, Virciniya PHV-2261, Zaqatala Berleyi, Trapezond -1, Trapezond -5, Zaqatala Dübeki, Zaqatala-67, İmmunı-1 və s.) seleksiya və sortöyrənmə işləri həyata keçirilir.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin balansında olan Zaqatala Bölgə Təcrübə Stansiyasının istifadəsindəki torpaq sahəsində tütün şitillərinin yetişdirilməsi üçün polietilen örtüklü istixananın tikintisi məqsədilə ayrılmış 1,47 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün müvafiq sənədləşmə işləri görülür.
Ötən il, rayonda “Zaqatala Agro İndustry” MMC tərəfindən illik istehsal gücü 2500 ton (quru tütün) olan 120 ədəd tütün qurutma kameralarının quraşdırılmş, tütün şitillərinin yetişdirilməsi məqsədilə ümumi sahəsi 12256 kv.m olan 48 ədəd hidroponik istixanalar təşkil edilmiş və orada keyfiyyətli şitillərin yetişdirilməsi təmin edilmişdir.
Ümumilikdə ötən il rayonda588,7 ha sahədə tütün əkilmiş, rayonda quru tütün istehsalı artaraq 673,7 ton olmuşdur.
Qərzəkli bağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər uğurla icra olunaraq fındıq bağları 20187,4 hektara çatdırılmışdır ki, bunun da 16100 hektarı barverən bağlar təşkil etmiş, fındıq istehsalı artaraq 30431 ton olmuşdur.
Baramaçılığın inkişaf etdirilməsi, gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə məqsədyönlü tədbirlər davam etdirilərək yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi məqsədilə Zaqatala bələdiyyəsinin mülkiyyətindən ayrılmış 1,38 ha torpaq sahəsində anbar binalarının tikintisi başa çatdırılmışdır. Bundan başqa, 2021-ci ildə 47300 ədəd yerli tut tinglərinin fermerlərə paylanaraq əkilməsi təmin olunmuş və rayonda 42 ton 455 kq barama istehsal edilmişdir.
Rayonumuz üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməkdədir, ötən ildə “AZ ROSE” MMC tərəfindən 20 kq 200 qram qızılgül və 1250 kq lavanda yağı Amerika, Türkiyə və Litva ölkələrinə ixrac edilmişdir.
Rayonda arıçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlər davam etdirilərək,1400-dən artıq arıçılıq təsərrüfatında 30000-dən çox arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 300 ton bal, 40 ton mum, 500 kq çiçək tozu, 200 kq vərəmum, 12-15 kq arı südü, və s. məhsullar istehsal olunur. Rayonumuzun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının artırılmasına imkan verir.
Bal arısı cinslərinin təmizliyinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə ana arıların təbii mayalanması üçün təcrid bölgənin müəyyən edilməsi istiqamətində işlər davam etdirilmiş, rayonda tarixən mövcud olmuş “Boz qafqaz” arı cinsinin təmizqanlı genofondunun qorunması, çoxaldılması və ana arıya olan tələbatın öyrənilməsi ilə əlaqədar rayon ərazisində 200 ha sahədə təcrid bölgənin yaradılması ilə bağlı aidiyyəti təşkilatların mütəxəssisləri tərəfindən məqsədyönlü tədbirlər görülmüşdür. Bu məqsədlə “Boz Qafqaz” arı cinsi üzrə damazlıq təsərrüfatı qeydiyyatdan keçərək 2021-ci ildən etibarən fəaliyyətə başlamışdır. Hazırda təsərrüfatda 110 ədəd “Boz Qafqaz” arı cinsi ailələrinə xidmət olunur.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının icrasına uyğun olaraq 2021-ci il üçün sənədləri təsdiq olunmuş 1514 subyektə 34635 arı ailəsinə görə, 346350 manat subsidiya hesablanmışdır
2021-ci ildə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmışdır. Ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 174756 manat dəyərində cərimə tətbiq olunmuşdur.
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən rayonda 16,7 ha sahədə meşə əkini və meşəbərpa tədbirləri davam etdirilmiş, əvvəlki illərdə salınmış 67,5 ha sahədə meşə əkininin doldurulması işi aparılaraq 20285 müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir.
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır.
2021-ci ildə rayon ərazisində 969,0 min m3 həcmində cay yataqları, 474,0 min m3 həcmində suvarma kanalları təmizlənmiş, kanallar üzərində olan 23 ədəd hidrotexniki qurğunun, Muxax çayda 1405 m3 daş-beton bəndlərin tikintisi, eləcə də Muxax çayda və Tala çayda 3023,8 m3 həcmində daş-beton bəndlərin təmiri və Muxax çayda 615 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə memarlıq fəaliyyəti, tarix və mədəniyyət abidələrinin qorunması tikinti, nəqliyyat və rabitə, mənzil-kommunal təsərrüfatı sahələrində “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
İl ərzində rayonda “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun, Zaqatala bələdiyyəsinin mülkiyyətindən ayrılmış 1,38 ha torpaq sahəsində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin, anbar binalarının, şəhərin F.Əmirov küçəsində II Qarabağ müharibəsi şəhidlərinə xatirə kompleksinin tikintisi başa çatdırılmış, Azərbaycan prospekti 97a saylı ünvanda 5 və 8 mərtəbəli çoxmənzilli yaşayış binalarının, Bakı-Qəbələ-Balakən avtomobil yolunun 378-ci kilometrində Zaqatala şəhərinin Qazangül yaşayış sahəsi ərazisində ayrılmış 0.39 hektar torpaq sahəsində Pitstop istirahət məntəqəsinin tikintisi davam etdirilmiş, “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası olaraq Zaqatala şəhərinin şimal-qərb yaşayış massivində Xalça evinin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi seçilərək yerquruluşu kadastr planı hazırlanmış, hazırda torpaqayırma və layihələndirmə işləri davam etdirilir.
Amerika Birləşmiş Ştatları Şərq-Qərb İdarəçilik İnstitutu (SEDA) qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirilən layihələr əsasında rayonun Gözbarax kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud subartezian quyusuna 25 ton su tutumu olan su çəni quraşdırılmaqla 120 ailəyə xidmət edən su şəbəkəsi yaradılmış, Danaçı kəndində kənd bələdiyyəsinin dəstəyi ilə motorlu karusel və digər oyun qurğuları quraşdırılmaqla uşaqlar üçün əyləncə parkı salınmışdır.
Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasında təmir işləri aparılmışdır. Mosul kəndində yeni 528 şagird yerlik tam orta məktəb binasının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış, artıq qısa müddətdə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Rayonda ümumi sahəsi 7291.1 kvm olan 62 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, Sahibkarlar tərəfindən rayonda 6.1 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində rayonun Zaqatala şəhərində, Göyəm, Yuxarı Tala, Qandax, Dardoqqaz, Çobankol və Sabunçu kəndlərində qəzalı vəziyyətdə olan 9 fərdi yaşayış evi yenidən tikilərək sakinlərin istifadəsinə verilmişdir.
2021-ci ilin müvafiq dövrü ərzində rayonda abadlıq-quruculuq işləri də davam etdirilmişdir. Mənzil fondunun saxlanması üçün ayrılmış vəsait hesabına Cəfər Cabbarlı küçəsi 4 və 6 saylı binaların həyətində abadlıq işləri ilə əlaqədar 183 kvm divar hörülmüş, 696 m2 suvaq işləri görülmüş, divarların fasad hissəsinə 1507 kvm emulsiya vurulmuş, həyətlərə 2 ədəd söhbətgah və 2 ədəd altıaçıq quraşdırılmışdır. Hər iki binanın həyətinin ümumilikdə 1500 kvm asfalt örtüyü yenilənmişdir. Mənzil İstismar İdarəsinin balansında olan binaların dam örtüklərinin təmiri işləri ilə əlaqədar Faiq Əmirov küçəsi 42 saylı binanın 985 kvm, Qarabağ küçəsi 3 saylı binanın 260 kvm, PMK-20 yaşayış massivində binanın 130 kvm dam örtükləri yenilənmişdir. Minə Nəzirova küçəsi 5, Hacı Zeynalabdin Tağıyev küçəsi 17 və Heydər Əliyev prospekti 35 saylı binaların həyətində 4 yerlik sanitar qovşağı təmir olunaraq istifadəyə verilmişdir. Ümid Sadıqov küçəsi 14 saylı binanın blokunun 80 kvm divarı və 26 kvm döşəməsi təmir edilmişdir. C.Məmmədquluzadə küçəsi, 1 saylı ünvanda yerləşən xidməti mənzildə təmir işləri aparılaraq 150 metr uzunluğunda istinad divarı yenidən suvaqlanaraq rənglənmişdir.
Şəhərin abadlığı üçün ayrılmış vəsait hesabına Faiq Əmirov küçəsində işıqlandırma sisteminin təmiri işləri ilə əlaqədar 13 ədəd metal işıq dirəyi quraşdırılmış, 700 m elektrik kabeli çəkilmişdir, Zərifə Əliyeva küçəsində işıqlandırma sisteminin təmiri ilə əlaqədar 18 ədəd metal işıq dirəyi quraşdırılmış, 450 m elektrik kabeli çəkilmiş, səkiyə 73 kvm tamet tavalar vurulmuşdur. Bakı prospekti park ərazisinin mühafizə divarının 100 m hissəsində tikinti işləri aparılmış, 154 m hissədə metal məhəccər quraşdırılmış, ərazidə abadlıq işləri ilə əlaqədar 272 m beton səki daşları düzülmüş, 1 ədəd söhbətgah və 2 ədəd yelləncək quraşdırılmışdır. Vasif Qurbanov küçəsi 1 saylı binanın həyətində aparılan abadlıq işləri ilə əlaqədar ərazidə divara 250 kvm suvaq vurulmuş, 250 kvm emulsiya işləri görülmüş, 370 m beton səki daşları düzülmüş, 750 kvm asfalt örtüyü salınmışdır. Bundan əlavə 1 ədəd söhbətgah, 1 ədəd altıaçıq quraşdırılmışdır. 3 saylı Şimal Qərb yaşayış massivində park ərazisinin təmiri işləri ilə əlaqədar 1200 kvm sahə mexaniki üsulla palanlaşdırılmış, ərazinin ətrafına 314 kvm metal məhəccər düzəldilmişdir.
Şəhərin Z.Əliyeva küçəsində səkilərin və yağış sularının kənarlaşdırılması üçün su arxlarının təmiri ilə əlaqədar 401 metr uzunluğunda beton səki daşı yenisi ilə əvəz edilmiş, diametri 400 mm olan azbest borularla 458 metr uzunluğunda su arxı təmir edilmişdir. A.Qardaşov küçəsində 12 saylı körpələr evi-uşaq bağçasının 143 metr yararsız istinad divarı sökülərək mişar daşından tumbalarla yenidən tikilmiş, divar səthi suvaqlanmış və fasad emulsiyası ilə rənglənmiş, 260 metr uzunluğunda metal məhəccər quraşdırılmışdır. Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun şəhərin Qazangül yaşayış sahəsindən keçən hissəsinin kənarındakı 200 metr uzunluğunda istinad divarları dəmir konstruksiya ilə üzlənmişdir.
2021-ci il ərzində rayonda avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində də işlər davam etdirilmiş, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılmışdır. Eyni zamanda Zaqatala şəhəri ərazisində keçən dövr ərzində 17 küçəyə ümumilikdə 35 min kvm asfalt örtüyü döşənilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə 2.7 km uzunluğunda Uzuntala kənd yoluna asfalt örtüyünün döşənməsi üçün hazırlıq işləri aparılmışdır. Hazırda asfaltlama işlərinə başlanılımışdır.
2021-ci il ərzində rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, ümumilikdə 3520 metr uzunluğunda qaz xətti quraşdırılmış, istismar üçün yararsız 61 ədəd qaz tənzimləyici qurğu yeni müasir tipli qaz tənzimləyici qurğu ilə əvəz olunmuş, 219 abonentin qaz saygacı həyətlərdən küçəyə çıxarılmış, 7340 ədəd məişət qaz sayğacı yeni qaz sayğacları ilə əvəz olunmuşdur, 2494 metr uzunluğunda qaz xəttləri rənglənmiş, 7800 metr uzunluğunda müxtəlif diametrli yerüstü qaz xəttləri kol-kosdan təmizlənmiş, istismara yararsız 573 ədəd d-20 mm-lik ventil yenisi ilə əvəz olunmuşdur. Zaqatala şəhərinin Kiçikxanlı küçəsində, rayonun Aşağı Çardaxlar, Göyəm, Mazıx və Aşağı Tala kəndlərində 7 şəhid ailəsinin evləri təbii qazla təmin edilmiş, Çökək, Lahic, Aşağı Tala kəndlərində qazilərin və az təminatlı ailələrin qaz təchizatı yaxşılaşdırılmışdır.
2021 ci il ərzində 595 əhali abonentin və 44 qeyri əhali abonentinin yeni quraşdırılmış qaz xətti mənbəyə qoşularaq təbii qazla təmin olunmuşdur. Hal-hazırda abonentlərin sayı 24383-dür. Bundan 24101 əhali, 282 qeyri-əhali abonentidir, smart tipli qaz saygaclarının sayı 575 ədəddir.
Bütün bunlarla belə qeyd etmək lazımdır ki, rayonun 62 yaşayış məntəqəsindən cəmi 32-i, yəni 51.6 faizi qazlaşdırılmışdır. Qazlaşdırılmamış yaşayış məntəqələrinin və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış materiallar aidiyyatı mərkəzi icra orqanlarına göndərilərək müraciət olunmuşdur.
Rayonda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə ilə 2021-ci il ərzində 11.2 km uzunluğunda 10 kv-luq xətt təmir edilmiş, 87 ədəd yeni, 116 ədəd söküntü dayaq quraşdırılmışdır. 0,4 kv-luq 16.35 km uzunluğunda elektrik verilişi xətləri, 579 ədəd 10/0,4 kv-luq transformator məntəqəsi təmir edilmiş, 16.186 km uzunluğunda SİP kabel xətti çəkilmiş, 165.8 km uzunluğunda xəttin mühafizə zolağı ağac kütlədən təmizlənmiş, təmir işləri zamanı 674 ədəd 0,4 kv-luq və 134 ədəd 10 kv-luq dayaq rənglənmiş, 624 ədəd yeni sayğac quraşdırılmış, 1685 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilmişdir.
Bununla belə, rayon Elektrik Şəbəkəsinin xətt təsərrüfatı və qurğuları istismar dövrünü keçdiyindən elektrik verilişi xətlərinin böyük hissəsinin yenidənqurulmasına və SİP kabellə əvəz edilməsinə ehtiyac vardır.
Eyni zamanda rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmiş, Sukanal İdarəsi tərəfindən şəhər ərazisində, qəsəbə və kənd yerlərində yararsız vəziyyətdə olan su xətlərində təmir işləri aparılmış, su xətlərində sızmaların qarşısı alınmış, müxtəlif ərazilərdə yararsız hala düşmüş su boruları dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.
2021-ci ildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmiş, Zaqatala Poçt filialında və poçt şöbələrində hazırda əhaliyə yüksək səviyyədə 40 növə yaxın ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərilir.
2021-ci il ərzində rayonda telefon istifadəçilərinin sayı 483 nəfər artaraq 24286 nəfər, internet istifadəçilərinin sayı isə 1432 nəfər artaraq 19257 nəfər olmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci ildə də tikinti sektorunda, təmir, abadlıq və quruculuq sahəsində daha geniş miqyaslı işlərin görülməsi planlaşdırılmış, büdcə vəsaiti hesabına dövlət mənzil fondunda, təhsil, səhiyyə və mədəniyyət obyektlərində əsaslı təmir işlərinin və özəl qurumların, qeyri-dövlət təşkilatlarının vəsaiti ilə inşa olunan keçid obyektlərində tikinti-quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm islahatlar aparılmış və məqsədyönlü nəticələr əldə olunmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Dövlət İdarəetmə və Texnologiya kollecində, Zaqatala Peşə məktəbində, ümumtəhsil və məktəbəqədər təlim tərbiyə müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, pedoqoji kadrların effektiv və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən işlər görülmüş, məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, seminarlar təşkil olunmuşdur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi sahəsində dövlət tərəfindən görülən işlər təhsilin keyfiyyətinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır.
İl ərzində rayonun ümumtəhsil məktəblərində pandemiya şəraitinə üyğun karantin rejimi tələbləri gözlənilməklə I-IV siniflərdə tədris əyani distant, V-IX siniflərdə əyani distant, X-XI siniflərdə distant davam etdirilmiş, eyni zamanda onlayn müsabiqə, olimpiada və yarışlar keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı Təqdimat” müsabiqəsinin onlayn video təqdimatı keçirilmiş, Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi video təqdimatla respublika mərhələsində iştirak edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən notebook və Fəxri Fərmanla mükafatlandırılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Lütfi Zadə adına məntiq olimpiadasında” Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri 1-ci və 2-ci, “Zəfər yolu” inşa müsabiqəsində Z.Əliyeva adına Texniki Fənlər Təmayüllü liseyin 8-ci sinif şagirdi 3-cü yerlərə layiq görülərək fəxri fərmanla təltif edilmişlər.
2020-2021-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin tam orta təhsil üzrə 832 şagird, ümumi orta təhsil üzrə 1346 şagird pandemiya şəraitinə uyğun sosial-izolyasiya tədbirlərinə uyğun olaraq buraxılış imtahanlarında iştirak etmişdir.
Bu tədris ilində 11-ci sinfi bitirmiş 832 məzundan 433 nəfəri sənəd vermiş və onlardan 365 məzun ali məktəblərə qəbul olunmuşdur. Qəbul olan məzunlardan 12 nəfəri 600-dən yuxarı, 45 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Rayonda koronovirus infeksiyasının (Covid-19) yayılmasının qarşısının alınması məqsədi ilə RİHB-nın 19 mart 2020-ci il 50/1 nömrəli sərəncamına uyğun rayon qərargahı yaradılmışdır. Bu infeksiyanın yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə 58 mobil qrup yaradılmış, rayonun ərazisində fəaliyyət göstərən bütün müəssisələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilmiş, əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya maarifləndirmə işləri həyata keçirilmiş və bu tədbirlər davam etdirilir.
Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq məqsədilə xüsusi karantin rejimi dövründə rayonda aztəminatlı əhali qrupunun və yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.
Humanizm və xeyirxahlıq rəmzi olan Ramazan və Qurban bayramlarında Rayon İcra Hakimiyyəti və digər təşkilatlar tərəfindən şəhid, aztəminatlı ailələrə və yardıma daha çox ehtiyacı olan xəstə və ahıl insanlara qurban payı, ərzaq və maddi yardımlar olunmuşdur.
İl ərzində Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə küçə və meydanlarda, parklarda, təhsil, məktəbəqədər təhsil müəsisələrində, çoxmənzilli ictimai yaşayış binalarında, idarə, müəssisələr və sahibkarlıq obyektlərində, poçt şöbələrində, bank və bankomatlarda, məsciddə, körpü və yeraltı keçiddə profilaktik dezinfeksiya və əksepidemik tədbirlər aparılmaqla, hazırda davam etdirilir.
Yoluxucu xəstəliklərin profilaktikasında qoruyucu peyvəndlərin xüsusi əhəmiyyəti vardır. Rayonda da peyvənd tədbirləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Milli peyvənd təqvimi əsasında müəyyən yaş qrupuna daxil olan əhali arasında təlimata uyğun olaraq aparılmışdır.
2021-ci ilin dekabr ayında rayonun ərazisində əhalinin müvafiq kontingentinə (tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan yaşlı və orta yaşlı əhali və xroniki xəstəlikləri olan uşaqlar) 380 nəfərə qrip əleyhinə peyvəndləmə aparılmışdır.
Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, əhaliyə tibbi xidmət 2021-ci ilin yanvar ayının 1 dən Zaqatala RMX PHŞ İcbari Tibbi Sığorta Agentliyində “Təbib”in tələblərinə uyğun olaraq təşkil olunmuşdur.
İl ərzində rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkimləri tərəfindən 237366 nəfər ambulator qəbul edilmiş, 135558 evə gediş olmuş, 1519 uşaq doğulmuşdur. 7652 xəstə stasionar müalicə almış, 2652 xəstəyə əlilliyin təyini, əlavə müayinə və müalicə üçün Respublikanın müvafiq xəstəxanalarına göndəriş verilmişdir. 24 perinotal ölüm qeydə alınmışdır ki, bu da Respublika göstəricilərindən aşağıdır.
Hesabat dövründə rayonda qeydiyyatda olan 2197 nəfər şəkərli diabeti olan, 555 nəfər vərəmli, 327 nəfər onkoloji, 648 nəfər psixiatrik, 6 nəfər hemofiliyalı xəstəyə müvafiq qaydada müayinə və müalicələr təyin edilmiş, xroniki böyrək çatışmazlığı olan 38 nəfərə mütəmadi olaraq dializ proseduru aparılmışdır.
2021-ci ildə nigaha daxil olmaq istəyən 888 gəncdən qan nümunəsi alınmiş, onlardan 43 nəfərində talassemiya daşıyıcılığı, 1 nəfərdə isə QİCS aşkarlanmışdılr.
Hazırda dünya Səhiyyəsinin “COVİD-19” pandemiyası ilə mübarizə apardığı bu dövrdə Zaqatala RMX PHŞ də Pandemiyaya qarşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərməklə həm profilaktik həm də müalicəvi yardımla məşğuldur. 2021-ci il ərzində rayonun ərazısində 5972 nəfərdən laborator müayinə material götürülmüş müayinələrin cavabı olaraq 848 rayon sakinində “COVİD-19” virusuna yoluxma qeydə alınmışdır. Xəstəliyə yoluxmuş ağır xəstələr təcili olaraq Region üzrə karantin xəstəxanası olan Balakən Rayon Mərkəzi Xəstəxanasına, Şəki və Qobustan Modul xəstəxanalarına yerləşdirilmişdir. Xəstələrdən 840-ı sağalmış, 23 nəfəri isə karantin rejimində müalicəyə cəlb olunmuş, 34 nəfəri isə vəfat etmişdir. Qeydə alınmış xəstələrin hər birinin yaşadığı ünvanda epidemioloji təhqiqat aparılmış, xəstə ilə təmasda olmuş şəxslər aşkar edilmiş, olanlardan RMX tərəfindən yaxma götürülmüş və Şəki Regional laboratoriyaya göndərilmişdir. Xəstələr və aşkar edilmiş təmaslar arasında “COVİD-19” infeksiyası, karantin qaydaları barədə sanitariya maarifi işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq 2021-ci ildə Zaqatala rayon Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münüsibətilə “Şairin həyatı və nəsihətləri” adlı vide konftans, “Nizami Gəncəvi irsi bəşəriyyətə əvəzsiz töhfədir” adlı dəyirmi masa, “Nizami Gəncəvi yaradıcılığında rəngarənglik“ adlı onlayn rəsm müsabiqəsinin, “İnci tək sözlər seç, dünya bəzənsin” adlı onlayn şeir müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
May ayında Şuşa şəhərində keçirilən “Xarı bülbül” festivalında Zaqatala rayonundan Dardoqqaz kənd folklor klubunun “Tamburçular qrupu” (avar) və Suvagil kənd folklor evinin “Ceyranim” xalq kollektivi (saxur) iştirak etmişdir.
27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun bütün müəssisələri tərəfindən şəhid məzarları və şəhid ailələri ziyarət edilmiş, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qalib Azərbaycan xalqı” adlı ümumrayon tədbiri təşkil edilmişdir. “Zəfər Günü” münasibəti ilə “Zəfər səsi” adlı şeir, “Zəfər yolu” adlı inşa, “Zəfərin rəngləri” adlı rəsm müsabiqələri elan edilmiş, Mədəniyyət Mərkəzində 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları,şəhid ailələri və qazilərlə “Bir çiçək də Vətəndir” adlı tədbir keçirilmiş, tədbirdə Zaqatala Xalq Teatrının ifasında Qarabağ müharibəsinə həsr olunmuş “Məzuniyyət” adlı əsərdən bir parça oynanılmış, Zaqatala rayon Heydər Əliyev Mərkəzində şəhid övladları üçün “Əmanətiniz göz bəbəyimizdir” adlı tədbir keçirilmişdir.
8 noyabr tarixində “Zəfər Günü” ilə əlaqədar “Tarixi zəfərimiz qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri təşkil edilmiş, “Zəfər yürüyüşü”ndə yüzlərlə ictimaiyyət nümayəndələri iştirak etmiş, “Zəfər kompleksi” ziyarət olunmuşdur. Həmin tarixdə Rəsm qalereyası tərəfindən “Dədə Qorqud” meydanında həvəskar rəssamların müharibə mövzusunda çəkdiyi rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmış, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların dinə münasibətinin müəyyən edilməsində, dini ayin və mərasimlərdə iştirak etməsinə və eyni zamanda dini biliklərin əldə olunmasında maneəçiliyə yol verilməmiş, dini durum sabit olmuşdur.
2021-ci il ərzində Zaqatala rayonu üzrə cəmi 23 maarifləndirici tədbir keçirilmişdir. Onlardan 7-i regional tədbirlər təşkil edir. Bu tədbirlərdə 720 nəfərdən çox Zaqatala rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Eyni zamanda Zaqatala, rayonunda dini icmalara, şöbəyə müraciət edən şəxslərə, rayon ictimaiyyət nümayəndələrinə, təşkilatlara müxtəlif adda 19 741 nüsxə dini maarifləndirici ədəbiyyat paylanılmışdır.
Bundan başqa Ramazan ayında və sonrakı aylarda Zaqatala rayonunun dini icmalarına, inanclı insanlara, rayon ictimaiyyətinin nümayəndələrinə 40 nüsxə Quran-Kərimin tərcüməsi və eləcə də, ərəb dilində 46 nüsxə Qurani-Kərim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından hədiyyə edilmişdir.
Hesabat dövründə rayonda 24 nüsxə “Dövlət və Din” ictimai fikir toplusu, 244 nüsxə “Cəmiyyət və Din” qəzeti rayonun ictimaiyyət nümayəndələrinə, dini icmalara, rayon mərkəzi kitabxanalar sisteminə, rayon təşkilatlarına mütəmadi olaraq paylanılmışdır. Görülmüş işlərin müsbət nəticəsi olaraq rayonda əhali arasında dini radikalizmə meyillilik azalmış, radikal və xurafatçı dindarlara qarşı ikrah hissi güclənməkdə davam etmişdir.
Hesabat dövründə “ Narkomaniya-ümumbəşəri bəla ”, ”İnsan hüquqları aylığı” çərçivəsində Zaqatala rayonunda “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı seminar-treninq, “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı regional seminar, tarixdə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” adlı seminar-müşavirə, “Vətəni yaşadanlar” sənədli filmin təqdimatı, “ Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində ” adlı seminar - müşavirə,” Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi ” adlı seminar, “Zəfərə aparan yol: milli və dini həmrəylik” adlı seminar,”Vətən Şəhidləri Siz həmişə bizimləsiz” adlı regional konfrans, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə“ mövzusunda seminar keçirilmişdir.
Rayonda fəaliyyət göstərən “Zaqatala” qəzeti respublikamızda və rayonumuzda gedən abadlıq-quruculuq, tikinti-təmir işlərini, o cümlədən rayonda keçirilən bütün tədbirləri, bu gün dünya üçün təhlükə olan koronovirus infeksiyasının aradan qaldırmaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarını face book səhifəsində daima işıqlandırır.
Bundan başqa milli-mənəvi dəyərlərin qorunması, ana dilimiz, tariximiz, adət-ənənələrimiz, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sair mövzular da qəzet səhifələrində əhatəli şəkildə öz əksini tapır.
Rayonda il ərzində keçirilən tədbirlərin materiallarının Zaqatala saytında yerləşdirilməsi təmin edilmişdir.
2021-ci il ərzində Azərbaycan Respublikası ərazi bütövlüyünün müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 63 nəfər Zaqatala rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat göndərilmişdir.
Rayon ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar vaxtında təmin edilir, şəhid adının əbədiləşdirilməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlər qəbul olunaraq icra olunmuşdur.
Beləki il ərzində, 33 nəfər Vətən müharibəsi şəhidinin adı yaşadığı və digər küçələrə verilmiş, rayon kənd və qəsəbələri üzrə 8 şəhid bulağı tikilərək istifadəyə verilmişdir.
“Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 3 nəfər şəhidimizin adı Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin qərarına əsasən Zaqatala rayonun məktəblərinə verilmişdir.
Belə ki, Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şixamir Oruc oğlu Qaflanovun, Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İsmayıl Məhəmməd oğlu Səmədovun, Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Vahid oğlu Bədəlovun adı verilmişdir.
İl ərzində, 33 şəhid ailəsinə fərqli vaxtlarda 37500 azn məbləğində ərzaq yardımı, bayram və matəm günlərində isə 33500 azn məbləğində birdəfəlik maddi yardım edilmiş, 33 nəfər Vətən müharibəsi şəhidinin məzarlarının üstü götürülmüşdür.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşlər keçirilmiş, onların problemləri öyrənilərək, aidiyyatı üzrə köməklik göstərilmişdir.
Zaqatala rayonunda “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası təmin edilir, şəffaflığın təmin olunması sahəsində qabaqlayıcı tədbirlər həyata keçirilir.
Şəffaflığın təmin edilməsi məqsədilə büdcə təşkilatları tərəfindən malların alınması, iş və xidmətlərin görülməsi, əməliyyatların aparılması "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrə uyğun həyata keçirilmiş, mal alışı, iş və xidmətlərin görülməsi zamanı tender və kotirovka sorğularının komissiyalar tərəfindən həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir
“18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ərəfəsində “İnsan hüquqları aylığı”, cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə “Sülh aylığı” keçirilmişdir. “Uşaq hüquqları aylığı” çərçivəsində orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilmişdir.
2021-ci il ərzində rayonda 155 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış tədbirlər nəticəsində cinayətlərin açılması 95 faiz olmuşdur. Hesabat dövründə 16 agır və xüsusilə ağır növ cinayət qeydiyyata alınmış, onlardan 100 faizinin açılması təmin olunmuşdur. Şəxsiyyət əleyhinə 43 cinayət qeydiyyata alınmış,97,6 faizinin açılması təmin olunmuşdur.
Rayon ərazisində tətbiq edilən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən 1018 protokol tərtib edilmişdir.
Ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasət nəticəsində gənclərdə vətənpərvərlik hissləri güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin “Gənclərin həqiqi hərbi xidmətə çağırışın keçirilməsi haqqında” müvafiq Fərmanlarının rayonda icrası təmin edilərək 2021-cu il ərzində 441 nəfər həqiqi hərbi xidmətə yola salınmışdır.
Hesabat dövründə RİHB-nın səhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəlikləri koronavirus (Covid-19) infeksiyası ilə əlaqədar aparılan profilaktik tədbirlərdə yaxından köməklik göstərmiş və dövlət tərəfindən verilmiş tapşırıqların icrasında yaxından iştirak edərək bələdiyyələrlə birgə əhalinin vaksinləşmə prosesinə cəlb edilməsi ilə əlaqədar tədbirlərin yerlərdə təşkilini təmin etmişlər.
İl ərzində nümayəndəliklərin və bələdiyyələrin qarşılıqlı fəaliyyəti nəticəsində bir sıra sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həlli, eləcə də abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin aparılması təmin olunmuşdur. Nümayəndəliklər və bələdiyyələr tərəfindən öz ərazilərində mütəmadi iməciliklər təşkil edilərək, magistral yolların kənarlarının abad və təmiz saxlanılmasına daim diqqət yetirilmişdir. Zaqatala rayonunda yaşıllıqların artırılması, yol kənarlarında ağacların əkilməsi və yeni gər bağlarının salınması yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
2021-ci il ərzində RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların ərizə, təklif və şikayətlərinə baxılması nəzarətdə saxlanılmış, RİH tərəfindən keçirilən təşkilati məsələlərin icrasına və yerlərdə işçilərin əmək və icra intizamına nəzarət edilmişdir.
Rayon İcra Hakimiyyəti Respublika Prezidentinin Fərman və Sərəncamlarını rəhbər tutaraq öz fəaliyyətini daim təkmilləşdirir, rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə sənədlərlə iş, kargüzarlığın aparılması və vətəndaşların müraciətlərinə baxılması sahəsindəki işlərin günümüzün artan tələbləri səviyyəsində qurulmasına daim səy göstərir.
2021-ci ildə RİHB-nın 152 sərəncamı, 248 əmri verilmişdir. Rayon İcra Hakimiyyətinə 1110 xidməti sənəd daxil olmuş, 1810 sənəd göndərilmiş, 1132 yazılı müraciət, Prezident Administrasiyasından 476, Milli Məclisdən 23, Nazirlər Kabinetindən 30, digər Mərkəzi İcra orqanlarından 45 ərizə daxil olmuşdur.
Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlərin mövcud qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması təmin olunmuşdur. Belə ki, Rayon İcra Hakimiyyətinə daxil olan yazılı müraciətlərin 1103-ü (97 faizi) ərizə, 24-ü (2,1 faizi) şikayət, 5-i təklif olmuşdur. Daxil olmuş vətəndaş müraciətlərindən 312-i müsbət, 25-i qismən təmin edilmiş, 539-na müvafiq izahat verilmiş, 198-i baxılması üçün aidiyyəti təşkilata göndərilmişdir.
Koronavirus (Covid-19) pandemiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən qəbullar onlayn eləcə də telefon rabitəsi vasitəsilə həyata keçirilmişdir. Müraciət edən hər bir vətəndaşın şikayəti qeydə alınmış və icrası istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti bundan sonra da vətəndaşların qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması, onların arzu, istək və problemlərinə qayğılı münasibət göstərilməsi üçün səylərini daha da artıracaq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr icra etmək üçün bütün qüvvələrini səfərbər edəcəkdir.