İllik hesabat
2019
Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına dair hesabatı
Zaqatala rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Qanunlarını rəhbər tutaraq öz işini “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun qurmağa çalışmış, gündəlik gəaliyyətində Prezident Administrasiyasının diqqət və qayğısı, eləcə də əməli kpməyi sayəsində rayonun sosial-iqtisadi siyasətinin daha da yüksəlməsinə səy göstərmişdir.
2019-cu il ərzində rayonda 351 milyon 312 min manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da keçən illə müqayisədə 5,9 faiz çoxdur. Məhsul istehsalı keçən illə müqayisədə sənayedə 24,1 faiz, kənd təsərrüfatında 4,9 faiz, ticarətdə 2,0 faiz, rabitədə 5,3 faiz, nəqliyyatda 1,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,4 faiz, pullu xidmətlərin həcmi 2,0 faiz artmış əsas kapitala yönəldilən investisiyaların həcmi 25 milyon 575 min manat olmuşdur ki, bunun da 17 milyon 209 min manatı tikinti quraşdırma işləri təşkil etmişdir. (Zaqatala rayonunda 2019-cu ilin bəzi sosial-iqtisadi göstəriciləri və 2018-ci illə müqayisəsi cədvəl 1 və diaqram 1 əlavə olunur)
2019-2023-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda da 17 tədbirin icrası istiqamətində müəyyən işlər görürlmüş, 998-ı daimi olmaqla 1622 iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin azaldılmasına xidmət göstərmişdir. (Rayonda 2014-2019-cu illərdə yeni acılmış iş yerləri haqqında məlumat cədvəl 2 əlavə olunur.)
Cari ilin hesabat dövründə sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 319,0 min manat həcmində güzəştli kredit verilmiş, rayonun iqtisadiyyatına ümumilikdə 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulmuşdur ki, onun da 113,9 min manatı xarici, 12 milyon 421,1 min manatı yerli investisaya olmuşdur. Cəlb olunan investisiyanın 71,6 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə, 17,3 faizi xidmət sahələri üzrə obyektlərin, 11,1 faizi sair xidmət sahələrin inkişafı üçün xərc edilmişdir.
Ötən dövrdə rayon büdcəsinə vergi və tədiyyələr üzrə 7,8 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 102,9 faiz icra edilmiş, gəlirlərin 29,8 faizi dövlət sektorunun, 70,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Cari ilin altı ayı ərzində büdcəyə məcburi dövlət sosial sığorta haqqları üzrə 7 milyon 177 min manat, işsizlikdən sığorta üzrə 241,6 min manat vəsait daxil olmuşdur. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 4 milyon 426 min manat subsidiya alınmış, büdcə xərcləri 12 milyon 117 min 755 manat və ya 97,6 faiz icra olunmuşdur.
2019-cu ildə rayonda 303 pensiya işi təyin edilmiş, 16136 pensiyaçıya, 190 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5324 nəfərə sosial müavinət, 161 ailəyə ünvanlı sosial yardım verilmişdir.
İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi sahəsində 2019-cu il ərzində bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilmiş, 2556 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 1065 nəfər münasib işlə təmin olunmuş, sosial müdafiəyə daha çox ehtiyacı olan 16 nəfər müəyyən olunmuş kvota yerlərinə göndərilmişdir. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 124 nəfərə “Öz biznesinə başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçmiş, imtahandan keçmiş 91 nəfər mal-materialla təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində “DOST İŞ” MMC tərəfindən rayonumuzda 410 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və hər biri ilə əmək müqaviləsi bağlanılması təmin edilmişdir.
Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 238 min manat, 4,9 faiz artaraq 133 milyon 989 min manata çatmışdır.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilmiş, rayonda 2019-cu ilin məhsulu üçün 10990 ha sahədə payızlıq taxıl, o cümlədən 7630 ha buğda, eləcə də 161 ha qazanlıq gülü, 45 ha lavanda və yeni əkilmiş 3 ha nanə sahələrinə aqrotexniki xidmət göstərilmiş, 28618,20 ha sahədə yazlıq bitkilər olmaqla, 3506 ha sahədə qarğıdalı, 615,20 sahədə tütün, 120 ha sahədə günəbaxan, 413 ha sahədə paxlalılar, ondan 231 ha sahədə soya, 1567 ha sahədə kartof, 2126 ha sahədə tərəvəz, 4391 ha sahədə yonca və 815 ha sahədə bostan bitkiləri əkilmişdir. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədi ilə payızlıq taxıl biçinindən sonra aralıq bitkilər (qarğıdalı, soya və s.) əkilərək 482 ha sahə təkrar əkinə cəlb edilmişdir. (Zaqatala rayonu üzrə 2019-cu ildə əkin sahələrindən istifadə vəziyyətinin 2018-ci illə müqayisəli təhlili cədvəl 3)
Rayonda ötən ildə 33169 ton payızlıq taxıl, o cümlədən 23425 ton buğda, 19739 ton qarğıdalı, 831 ton paxlalı, ondan 467 ton soya, 607 ton tütün, 296 ton dən üçün günəbaxan, 18867 ton kartof, 21347 ton tərəvəz, 9250 ton bostan məhsulları, 63849 ton quru ot, 875 ton üzüm, 55,5 ton yaşıl çay yarpağı, 39163 ton meyvə, o cümlədən 15344 ton fındıq istehsal olunmuşdur. (Zaqatala rayonu üzrə 2019-cu ildə bitkiçilik məhsulları istehsalının 2018-ci illə müqayisəli təhlili cədvəl 4)
2020-ci ilin məhsulu üçün rayonda 11320 ha sahədə payızlıq taxıl, o cümlədən 7812 ha sahədə buğda səpilmişdir. Bütün bu işlərin görülməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 654 ədəd özüyeriyən texnikadan istifadə edilmiş, əkin və bağ sahələrində zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənən ərazilər müəyyən edilərək 9760 ha sahədə büdcə vəsaiti hesabına, 16852 ha sahədə isə təsərrüfat subyektləri hesabına mexaniki-bioloji və kimyəvi mübarizə tədbirləri görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası olaraq ötən ildə rayon üzrə 7942 nəfər istehsalçıya 13203,86 ha əkin sahəsinin becərilməsinə görə 873361,80 manat, 64 nəfər istehsalçıya 299,56 ha təkrar əkin sahəsinin becərilməsinə görə 14978 manat dövlət yardımı verilmiş, güzəştli qaydada 1598,1 ton mineral gübrələr və 1173,2 litr pestisidlər satılmışdır.
Ötən il il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır.
Heyvandarlığın inkişaf etdirilməsi üçün 2019-cu ildə 15359 hektar dövlət fonduna aid yay otlaq sahələri fermerlərin icarəsinə verilmişdir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 6999 baş ana mal süni mayalandırılmış, 4135 baş cins bala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 60464 baş, qoyun-keçilərin baş sayı 137541 baş olmuş, rayonda 9412 ton diri çəkidə ət, 43658 ton süd, 22 milyon 787 min ədəd yumurta, 299,8 ton yun istehsal edilmişdir. (2019-cu ildə heyvandarlıq məhsulları istehsalının və sünü mayalanma ilə alınan mal-qaranın baş sayının 2018-ci illə müqayisəli təhlili cədvəlləri 5-6)
"Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının icrası olaraq rayonda süni mayalanma yolu ilə alınmış cins buzovlara görə 2019-cu ildə 3474 baş heyvan sahiblərinə 347400 manat subsidiya ödənilmişdir.
Qeyd olunmalıdır ki, Zaqatala rayonu ötən illərdə olduğu kimi, 2019-cu ildə də aparılmış süni mayalanma tədbirləri ilə əlaqədar həm süni mayalanan ana mal baş sayına, həm də əldə olunmuş cins bala baş sayına görə respublikada qabaqcıllar sırasındadır. Bu sahədə aparılmış səmərəli fəaliyyətin nəticəsi olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması və heyvandarlıq sektorunun intensiv inkişafına təkan verilməsi məqsədi ilə rayonumuzda damazlıq heyvanlara embrion köçürülməsi üçün pilot layihə ilə əlaqədar məqsədyönlü tədbirlər davam etdirilir.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda 2019-cu ildə 615,20 ha sahədə tütün əkilmiş və 607 ton quru tütün istehsal edilmişdir. Hazırda tütün şitillərinin yetişdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin balansında olan Zaqatala bağçılıq dayaq məntəqəsinin istifadəsindəki torpaq sahəsində polietilen örtüklü istixananın tikintisi məqsədilə ayrılmış 1,47 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün müvafiq sənədləşmə işləri görülür.
Rayonda mövcud olan fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq ötən ilin yaz və payız mövsümündə 676,40 ha olmaqla, son 4 ildə cəmi 10606.4 ha sahədə yeni fındıq bağları salınaraq mövcud fındıq bağlarının sahəsi 20181,40 hektara çatdırılmışdır .
Qeyd etmək yerinə düşərdi ki, 2019-cu ildə Zaqatala rayonunda sənaye üzrə məhsul buraxılışı 2018-ci illə müqayisədə 24,1 faiz artaraq 121milyon 472 min manat olmuş, bunun da 94,2 faizini fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər təşkil edir. Belə ki, 2019-ci ildə rayonda fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon dollar və ya 114,5 milyon manat vəsait daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 26,8 faiz çoxdur. Məlumat üçün qeyd edim ki, ixrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür. (Zaqatala rayonu üzrə 2019-cu ildə ixracyönümlü kənd təsərrüfatı məhsullarının əkin sahələrinin 2018-ci illə müqayisəli təhlili diaqram 2 əlavə olunur).
Baramaçılığın inkişaf etdirilməsi, gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə məqsədyönlü tədbirlər davam etdirilərək 2019-cu ilin payız mövsümündə cəmi 81 min 130 ədəd olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 31 min 130 ədəd tut tinginin və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 50 min ədəd (Çin Xalq Respublikası) tut tinginin əkilməsi təmin edilmişdir.
Rayonun kümçüləri 2019-cu ildə əvvəlki illə müqayisədə 10,4 faiz çox barama istehsaledərək artaraq “Şəki-İpək ASC”-yə 53 ton barama təhvil vermişlər. Bununla əlaqədar rayon üzrə 275 nəfər barama istehsalçısına emal müəssisəsinə təhvil verdikləri 52 ton 297,50 kq yaş baramaya görə (əyrilən və karapaçax barama istisna olmaqla) yaş baramanın hər kiloqramı üçün 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına 261487,50 manat subsidiya verilmişdir.
Rayonumuz üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. 2019-cu ildə “AZ ROSE” MMC-də abadlıq-quruculuq işləri davam etdirilməklə, qaraj-anbar binasının tikintisi başa çatdırılmış, il ərzində gül plantasiyasında 40 nəfər daimi və 200 nəfər mövsümi işlə təmin edilmişdir.
Ötən ildə müəssisənin 125 ha bar verən qızıl gül plantasiyasından 280 ton 71 kq qızıl gül, 36 ha barverən lavanda plantasiyasından 64 ton 800 kq lavanda ləçəyi tədarük edilmiş, 71,5 kq qızıl gül yağı və 1 ton 46 kq lavanda yağı istehsal edilmişdir. İstehsal olunmuş qızılgül yağının bir hissəsi Amerika, Bolqarıstan və Litva ölkələrinə 76 kq qızılgül, 83 kq isə lavanda yağı ixrac edilmişdir. Bundan başqa, “AZ ROSE” MMC-də istehsal olunmuş 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kq qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən istehlak olunmuşdur.
"Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası olaraq arıçılığın inkişaf etdirilməsi, bal ixracının artırılması məqsədi ilə rayonda “EkoZaqatala” MMC tərəfindən “Boz qafqaz”, “Karpat” və “Karnika” cinslərinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər.
Rayonda 1200-dən artıq arıçılıq təsərrüfatında 30000-dək arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 300 ton bal, 40 ton mum, 500 kq çiçək tozu, 200 kq vərəmum, 12-15 kq arı südü, və s. məhsullar istehsal olunur. Rayonumuzun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının artırılmasına imkan verir.
Ölkəmizdə arıçılıq sahəsinə dövlət qayğısının təzahürü olaraq “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının icrası məqsədi ilə saxladıqları hər arı ailəsinə görə 10 manat olmaqla 2019-cu il mövsümü üçün sənədlərini təqdim etmiş 1250 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə 288250 manat subsidiya verilmişdir.
Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində aqrar məsələlərə xüsusi yer verərək demişdir: “Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. ... Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır.”
Odur ki, rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar və fermer təsərrüfatları bütün imkanları səfərbər edərək cənab Prezidentin bu sahədə olan tapşırıqlarını yerinə yetirməlidirlər.
2019-cu ildə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmışdır. Ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 21628 manat dəyərində cərimə tətbiq olunmuşdur.
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən rayonda meşə əkini və meşəbərpa tədbirləri davam etdirilmiş, 900 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 29,5 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmiş, 14 ha sahədə fındıq, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınmışdır. Bundan başqa, ötən ildə 0,82 ha tinglik sahəsində müxtəlif növ tinglər yetişdirilmişdir.
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamına əsasən 2019-cu ildə Zaqatala şəhəri, Əliabad qəsəbəsi, Aşağı Tala, Çökək, Dağlı, Yengiyan, Lahıc, Qımır, Gözbarax, Mamrux, Ələsgər, Muxax və Yuxarı Tala kəndlərində 1 ədəd olmaqla daha 13 ədəd subartezian quyularının qazılması təmin edilmişdir.
2019-cu ildə rayon ərazisində 1382 min m3 həcmində cay yataqları, 379,0 min m3 həcmində suvarma kanalları təmizlənmiş, kanallar üzərində olan 15 ədəd hidrotexniki qurğunun, Muxax çayda və Tala çayda 280 m3 daş-beton bəndlərin tikintisi, eləcə də Muxax çayda və Tala çayda 1931 m3 həcmində daş-beton bəndlərin təmiri və Muxax çayda 850 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər və daxili imkanlar hesabına Rayon İcra Hakimiyyəti tərəfindən aparılan böyük abadlıq-quruculuq işləri sosial sahədə mövcud problemlərin həllini sürətləndirmiş, Zaqatala şəhərində, rayonun qəsəbə və kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə tikinti, nəqliyyat və rabitə, mənzil-kommunal təsərrüfatı sahələrində “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür. (Zaqatala rayonunda hesabat ilində bütün maliyyə mənbələri hesabına görülən tikinti, təmir və abadlıq işlərini əks etdirən cədvəl 7)
İl ərzində şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binası istifadəyə verilmiş, Nizami küçəsində çörək və qənnadı məhsullarının istehsal müəssisəsi, Amerika Birləşmiş Ştatları Şərq-Qərb İdarəçilik İnstitutu (SEDA) qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirilən layihə əsasında Zaqatala şəhərinin şimal-qərb yaşayış məassivində və Əliabad qəsəbəsində yem emalı məntəqələri, Aşağı Tala kəndində və Muxax bələdiyyəsi ərazisində ət kəsimi məntəqələri tikilmiş, şəhərin Azərbaycan prospekti 97a saylı ünvanda 5 mərtəbəli çoxmənzilli yaşayış binasının, “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlanılmış,
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası olaraq Zaqatala şəhərinin şimal-qərb yaşayış massivində Xalça evinin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi seçilərək yerquruluşu kadastr planı hazırlanmış, hazırda layihələndirmə işləri davam etdirilir. Eyni zamanda Zaqatala bələdiyyəsinin mülkiyyətindən ayrılmış 1,38 ha torpaq sahəsində yaş baramanın qurudulması üçün anbar binalarının tikintisinə başlanılmışdır.
Rayonda ümumi sahəsi 12445.4 kvm olan 101 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, sahibkarlar tərəfindən rayonda 12.5 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində rayonun Əliabad qəsəbəsində, Zəyəm, Aşağı Tala, Çobankol, Yuxarı Çardaxlar, Danaçı, Dardoqqaz, Üçüncü Tala, Göyəm, Uzunqazmalar, Cimcimax, Kəpənəkçi, Bazar və Faldarlı kəndlərində qəzalı vəziyyətdə olan 33 fərdi yaşayış evi yenidən tikilərək sakinlərin istifadəsinə verilmişdir. Şəhər 11, 13 saylı və Fındıqlı kənd uşaq bağçalarında, Muxax kənd mədəniyyət və Dağlı kənd folklor evlərində təmir işləri aparılmışdır.
2019-cu il ərzində H.Z.Tağıyev küçəsi, 2-ci döngə, 4 saylı binanın 300 kvm dam örtüyü, H.Əliyev prospekti 61 saylı binanın 720 kvm fasadları və həyətinin istinad divarının fasadı, 160 kvm pilləkən qəfəsi təmir edilmişdir. Bundan başqa Zaqatala şəhərinə yağan güclü dolu nəticəsində dam örtükləri yararsız hala düşmüş H.Əliyev prospekti 11, Nizami küçəsi 7 və 28 may küçəsi 97 saylı binaların ümumilikdə 1200 kvm dam örtükləri yenilənmiş, digər binaların da dam örtüklərinin ziyan dəymiş hissələri təmir edilmişdir. Eyni zamanda şəhər abadlığına ayrılmış vəsait hesabına müxtəlif küçələrdə 516 kvm səki, 250 metr su arx kanalı təmir edilmiş, SMD-20 yaşayış massivində yağış sularının kənarlaşdırılması üçün 192 metr, A.Qardaşov küçəsində 200 metr uzunluğunda su arxının tikintisi aparılmışdır. S.Kazımov küçəsində sakinlərin ümumi istifadəsi üçün bulaq inşa edilmişdir.
Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına 37 km uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun, 42 km uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun və 13.5 km uzunluğunda Muxax-Zəyəm-Yuxarı Çardaxlar-Qarqay avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Zaqatala şəhərinin Qazangül, S.Ə.Şirvani, Sol sahil, Sağ sahil, Babək, Ə.Naxçıvani, E.Əfəndiyev, H.Aslanov, C.Cabbarlı, E.Ağayev və Sülh küçələrinə 36,7 min kvm-dən çox asfalt örtüyü döşənmişdir.
Hesabat dövründə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin toplanmasına nəzarətin artırılması Rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri olmuşdur. Görülmüş tədbirlər nəticəsində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təchizatının yaxşılaşdırılması və xidmət haqlarının ödənişinin təmin edilməsi sahəsində müsbət nəticələr əldə olunmuşdur. Həm əhali və həm də qeyri-əhali sektoru üzrə göstərilmiş kommunal xidmətlərin dəyərinin ödənilməsi 100 faizdən artıq olmuşdur.
2019-cu il ərzində rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, ümumilikdə müxtəlif diametrli borularla 1608 metr qaz xətti quraşdırılmış, 2825 metr müxtəlif diametrli qaz xətləri rənglənmiş, istismar müddəti bitmiş 293 fərdi qaz tənzimləyici qurğu yenisi ilə əvəz olunmuş və 11 ədəd qaztənzimləyici qurğu yeni müasir şkaf tipli qaz tənzimləyici qurğu ilə əvəz edilmişdir. 1529 ədəd məişət qaz sayğaçı yenisi ilə, 220 abonentin qaz sayğacı isə yeni smart tipli qaz sayğaçı ilə əvəz olunmuşdur. Ümumilikdə 2019-cu il ərzində Zaqatala Qaz İstismar Sahəsi üzrə əhali abonentlərin sayı 1693 nəfər artaraq 23118 və qeyri-əhali abonentlərin sayı 20 ədəd artaraq 217 olmaqla cəmi abonent sayı 23335 təşkil edir.
Bütün bunlarla belə qeyd etmək lazımdır ki, rayonun 62 yaşayış məntəqəsindən cəmi 32-i, yəni 51.6 faizi qazlaşdırılmışdır. Qazlaşdırılmamış yaşayış məntəqələrinin və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı mərkəzi icra orqanlarına müraciət olunmuşdur.
Rayonda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə ilə 16.8 km uzunluğunda 10-kv-luq, 16.7 km uzunluğunda 0,4 kv-luq hava xətləri, 71 ədəd 10/0,4 kv-luq transformator məntəqəsi əsaslı və cari təmir olunmuşdur. 825 ədəd yeni elektron tipli sayğac quraşdırılmış, 2150 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 10-kv-luq hava xətində 54 ədəd, 0,4 kv-luq hava xətində 271 ədəd metal və dəmir-beton dayaq quraşdırılmışdır. Rayonun Əliabad qəsəbəsi, Bəhmətli, Mişleş, Yuxarı Tala və Aşağı Tala kəndlərinin 60.4 km uzunluğunda 0.4 kV-luq elektrik verilişi xətləri SİP kabel xətləri ilə əvəz edilmişdir və hazırda kabel xətlərinin çəkilişi davam etdirilir.
Bununla belə, rayon Elektrik Şəbəkəsinin xətt təsərrüfatı və qurğuları istismar dövrünü keçdiyindən elektrik verilişi xətlərinin böyük hissəsinin yenidənqurulmasına və SİP kabellə əvəz edilməsinə ehtiyac vardır.
Eyni zamanda rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmiş, Sukanal İdarəsi tərəfindən şəhər ərazisində, Çobankol, Bazar, Gözbarax, Muxax, Zəyəm, Üçüncü Tala, Muğanlı və Dağlı kəndlərində yararsız vəziyyətdə olan su xətlərində təmir işləri aparılmış, su xətlərində sızmaların qarşısı alınmış, müxtəlif ərazilərdə 500 metr uzunluğunda yararsız hala düşmüş su boruları dəyişdirilərək yeniləri ilə əvəz edilmiş, Yuxarı Çardaxlar kəndində içməli su xəttinin bərpası tədbirləri həyata keçirilmişdir.
Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Muxax, Tala, Katex, Alazan və Bəkməz çaylarında 1.4 milyon kubmetr həcmində çay yatağı təmizlənmiş, Zaqatala şəhərinin, Əliabad, Yeni Suvagil, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar yaşayış məntəqələrinin qorunması məqsədi ilə Muxax və Tala çayda 1931 m3 daş beton bəndlər təmir edilmiş, 850 m3 həcmində qabion bəndlər quraşdırılmışdır.
2019-cu ildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmiş, göstərilən xidmətin həcmi 3.3 milyon manat təşkil etmişdir. Zaqatala Poçt filialında və poçt şöbələrində hazırda əhaliyə yüksək səviyyədə 40 növə yaxın ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərilir. 2019-cu il ərzində rayonda telefon istifadəçilərinin sayı 95 nəfər artaraq 23593 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı 1999 nəfər artaraq 16450 nəfərə çatmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə də tikinti sektorunda, təmir, abadlıq və quruculuq sahəsində daha geniş miqyaslı işlərin görülməsi planlaşdırılmış, büdcə vəsaiti hesabına dövlət mənzil fondunda, təhsil, səhiyyə və mədəniyyət obyektlərində əsaslı təmir işlərinin və özəl qurumların, qeyri-dövlət təşkilatlarının vəsaiti ilə inşa olunan keçid obyektlərində tikinti-quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Dövlət İdarəetmə və Texnologiya kollecində, Zaqatala Peşə məktəbində, ümumtəhsil və məktəbəqədər təlim tərbiyə müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, pedoqoji kadrların effektiv və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən işlər görülmüş, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi sahəsində dövlətimiz tərəfindən görülən işlər təhsilin keyfiyyətinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır.
İl ərzində məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, müəllimlər arasında keçirilmiş pedaqoji mühazirələrin respublika mərhələsində Aşağı Tala kənd 1 saylı tam orta məktəbin təqdimatı 3-cü yerə layiq görülmüş, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi 3-cü yeri qazanmışdır.
Hesabat dövründə Respublika Fənn Olimpiadalarının final mərhələsində Mamrux kənd tam orta məktəbinin 10-cu sinif şagirdi tarix fənni üzrə 3-cü yerə layiq görülmüş, eyni zamanda “Əlaçı” intellektual televiziya oyununun respublika mərhələsinin qalibi olmuşdur.
2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərinin tam orta təhsil üzrə 1017 şagird, ümumi orta təhsil üzrə 1109 şagird bitirmişdir. Onlardan 27 nəfər tam orta təhsil üzrə, 18 nəfər ümumi orta təhsil üzrə fərqlənmə attestatları almış, bir nəfər şagird qızıl medalla təltif olunmuşdur.
Bu il rayonumuzun 473 nəfər məzunu ali məktəblərə qəbul olunmuşdur. Onlardan 16 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilmiş, 600-dən yuxarı bal toplayan məzunlara RİHB-nın qiymətli hədiyyələri təqdim olunmuşdur.
Hesabat dövründə “Ölkəmizi tanıyaq“ devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonun tədrisdə fərqlənən 40 nəfər 10-11-ci sinif şagirdi Gəncə-Göygöl-Şəmkir-Ağstafa-Qazax-Tovuz bölgəsinə, digər 40 nəfər şagirdi isə Lənkəran-Masallı-Astara rayonlarına səfər etmiş və xoş təəssüratlarla geri qayıtmışlar. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 36 rayondan 1490 nəfər məktəbli Zaqatala rayonuna gəlmiş, onların Heydər Əliyev Mərkəzində qarşılanması, rayonun tarixi və mədəni abidələri, emal müəssisələri ilə tanışlıq və yola salınması mərasimləri uğurla başa çatmışdır.
Azərbaycan Respublikası Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 28-də Azərbaycan Respublikasında akredetasiya olunmuş 45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatik korpusun nümayəndələri Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, Iqtisadiyyatı, turizm potensialı və folkloru ilə yaxından tanış olmuşlar.
Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, 2019-cu il ərzində rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 230379 nəfər ambulator qəbul, 17832 nəfər evə gediş olmuş, 1540 uşaq doğulmuşdur.
Hesabat dövründə rayonda qeydiyyatda olan 2200 nəfər şəkərli diabeti olan, 456 nəfər vərəmli, 303 nəfər onkoloji, 613 nəfər psixiatrik, 5 nəfər hemofiliyalı xəstəyə müvafiq qaydada müayinə və müalicələr təyin edilmiş, xroniki böyrək çatışmazlığı olan 45 nəfərə mütəmadi olaraq Zaqatala Müalicə Diaqnostika Mərkəzində dializ proseduru aparılmışdır.
Səhiyyədə aparılan islahatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. Respublika prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölkə ərazisində tibbi xidmətin təşkili işinin İcbari Tibbi Sığorta Agentliyi tərəfindən aparılması ilə bağlı Rayon Mərkəzi xəstəxanasının həm strukturu, həm də qeydiyyatı qoyulan tələblərə uyğunlaşdırılmışdır.
İl ərzində Azərbaycan dövlətinin bütün sahələrinin dinamik inkişafı mədəniyyət sahəsinin də inkişafını sürətləndirmiş, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, dövlət əhəmiyyətli günlər münasibəti ilə geniş bayram şənlikləri, konfranslar keçirilərək konsert proqramları təşkil olunmuş, müxtəlif sərgilər nümayiş etdirilmiş, kompazisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.
Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planına uyğun olaraq rayonda il ərzində Xalq Teatrının iştirakı ilə tamaşalar göstərilmiş, Milli teatrın yaranmasının 146 illiyi ilə əlaqədar “Xalq sənəti və Milli Teatrın əsası” mövzusunda Xalq teatrının kollektivi ilə görüş keçirilmiş, Beynəlxalq Teatr gününə həsr olunmuş Xalq Teatrının iştirakı ilə tamaşa nümayiş etdirilmişdir. III Xalq Teatrları Festivalında Zaqatala rayon Xalq teatrının M.S.Ordubadinin “5 manatlıq gəlin” musiqili-komediyası III yerə layiq görülmüş və müxtəlif nominasiyalarla təltif edilmişdir.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən-bölgələrə” layihəsi əsasında Gəncə şəhərində, Ağstafa, Lerik, Masallı rayonlarında və yekun olaraq Bakı şəhərində keçirilən tədbirlərdə rayonun Xalq kollektivləri iştirak etmişdir.
Mədəniyyət Mərkəzində məktəbəqədər təhsil müəssisələri üzrə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Şirin şəkər balalar” adlı bayram şənliyi və “Uşaqlar bizim gələcəyimizdir” adlı teatrlaşdırılmış uşaq şənliyi təşkil olunmuşdur.
26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar rayonun ərazisindəki Daxili və Sərhəd Qoşunlarında “Ümüd sənədir ancaq Azərbaycan əsgəri” adlı konsert proqramları təşkil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Mərkəzdə aprel ayında tələbə - gənclər arasında Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş lektoriya, may ayında təşkil edilmiş “Xalqımızın sönməyən günəşi” adlı şeir və mahnı müsabiqəsində rayonun 51 məktəbindən onlarla yeniyetmə, gənc iştirak etmiş, 1-ci,2-ci və 3-cü yerlərin qalibləri mükafatlandırılmışdır.
Mərkəzi Kitabxanalar Sistemində Heydər Əliyev irsinin təbliği ilə əlaqədar keçirilmiş bir sıra tədbirlərlə yanaşı 11-ci ənənəvi “Kitab bayramı”nda hesabat dövründə müxtəlif müsabiqələrdə fərqlənən şagirdlər və oxucular fəxri fərmanlarla təltif edilmişlər.
Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun mədəniyyət müəssisələrində “2019-cu il Nəsimi ilidir” başlığı altında sərgilər, mahnı və şer müsabiqələri təşkil edilmiş, silsilə tədbirlər keçirilmişdir.
Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə Rayon icra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət, Kənd Təsərrüfatı Nazirliklərinin və ATT ASC-nin dəstəyi ilə sentyabr ayının 28-də keçirilmiş “Beynəlxalq fındıq, qoz, şabalıd” festivalında ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Tədbirin sonunda respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunmuşdur.
Rayonumuzda təşkil olunmuş bu möhtəşəm festival bütün iştirakçılarda xoş təəssürat yaratmış və maraqlı məqamları ilə yaddaqalan olmuşdur.
Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini təbliğ edən rayon ziyalılarının 25 nəfərindən ibarət tədqiqat qrupu muzeyin fondunun zənginləşdirilməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini, Zaqatala rayonu ilə bağlı materialların toplanması işini də davam etdirmiş, 2019-cu il ərzində Mərkəzi 14250 nəfər fərdi, 11832 nəfər qrup şəklində, cəmi 26082 nəfər ziyarət etmişdir.
Hesabat dövründə 348 gənc ailənin nikahı rayonun Heydər Əliyev Mərkəzində qeydə alınmış və keçirilən hər bir nikah yüksək səviyyədə təşkil edilmişdir.
2019-cu il Zaqatala idmançıları üçün də uğurlu olmuş, rayonda gənclər və idman sahəsində müxtəlif tədbirlər həyata keçirilmiş, bu tədbirlərə yüzlərlə yeniyetmə və gənc cəlb olunmuşdur.
Cüdo idman növü üzrə Milli komandanın üzvü Vəlizadə Oruc Valeh oğlu Roma şəhərində keçirilən Açıq Avropa birinciliyində 1-ci yerə layiq görülmüş, Varşava şəhərində keçirilən cüdo üzrə Avropa kubokunun sahibi olmuşdur. Cüdo idman növü üzrə Milli komandanın üzvü Zutova Gözəl Həbibullah qızı Qazaxstanda keçirilən sərbəst güləş üzrə Qadınlar arasında Beynəlxalq turnirdə 2-ci, Bakı şəhərində keçirilən universal döyüş idman növü üzrə Qadınlar arasında Dünya Kubokunun sahibi olmuşdur. Kunq Fu Sanda idman növü üzrə Ruminyanın Konstanta şəhərində keçirilən yarışda həmyerlimiz Şabanov İsrafil Məmməd oğlu Dünya Çempionu olmuşdur.
Hesabat dövründə Qax rayonunda təşkil edilmiş Kompyuter Oyunları üzrə XIII Azərbaycan Çempionatının zona mərhələsində iştirak edən rayonun 1 komanda və 1 fərdi oyunçusu TEKKEN 7 oyunu üzrə 1-ci, FİFA 19 oyunu üzrə isə 3-cü yerin sahibi olmuşlar.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində “Grappling” idman növü üzrə keçirilmiş dünya Çempionatında Nərimanov İbrahim Nəriman oğlu və Ramazanov Sənan Samir oğlu uşaqlar arasında, Məmmədov Əli Abdulmütəllib oğlu veteranlar arasında III yerin sahibi olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə bağlı fikirlərinin, tövsiyələrinin geniş ictimaiyyətə çatdırılması üçün yaradılmış təbliğat qrupları Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş xüsusi qrafik üzrə Heydər Əliyev Mərkəzində, əhalinin yaşayış yerlərində, müəssisə və təşkilatlarda görüşlərin keçirilməsini təmin etmiş, il ərzində təbliğat qrupları tərəfindən 120 belə görüş keçirilmişdir.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmış, rayonda dini durum sabit olmuşdur. 2019-cu il ərzində Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə rayonda 64 tədbir keçirilmiş, həmin tədbirlərdə 5358 nəfər iştirak etmişdir. Rayon məscidlərində dindar kontingentlə keçirilmiş 32 tədbirdə 3331 nəfər, rayonun 16 məktəbində keçirilmiş tədbirlərdə 1030 nəfər, 16 təşkilatda keçirilmiş tədbirlərdə 997 nəfər rayon sakini iştirak etmişdir. Tədbirlərdə 1388 nüsxə dini marifləndirici kitablar, “Dövlət və Din” ictimai fikir toplusunun, “Cəmiyyət və din”, “İlahiyyatçı” qəzetlərinin, “Dini araşdırmalar” jurnalının nüsxələri paylanılmış, “Şəhadət” və “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmləri nümayiş edilmişdir.
Hesabat dövründə Ramazan ayı münasibəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə və Zaqatala RİH başçısı cənab Mübariz Əhmədzadənin təşəbbüsü ilə 700 nəfərdən çox rayon dindarları və ictimaiyyət nümayəndələrinə iftar süfrəsi təşkil olunmuş, Qurban bayramında 700 nəfərə qurban əti paylanılmışdır.
Rayon İcra Hakimiyyəti kütləvi informasiya vasitələri ilə işini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunların tələblərinə uyğun qurmuşdur. Rayonda fəaliyyət göstərən “Zaqatala” qəzeti Respublikada və rayonumuzda baş verən ən mühüm ictimai-siyasi hadisələrin vaxtında ictimaiyyətə çatdırılmasına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələrinin dolğun işıqlandırılmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, milli-mənəvi dəyərlərin təbliğ olunmasına səy göstərmişdir.
Rayonda il ərzində keçirilən tədbirlərin materiallarının Zaqatala saytında yerləşdirilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasında insan hüquqlarının inkişafına xidmət edən iqtisadi inkişaf proqramlarının və sosial layihələr üzrə tədbirlərin 2019-cu ildə də davam etdirilməsi ölkə əhalisinin sosial rifahına xidmət etməklə yanaşı, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin aradan qaldırılmasında və müasir dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə keçməsində əhəmiyyətli rol oynamışdır.
Rayonda korrupsiyaya və rüşvətxorluğa qarşı mubarizə istiqamətində ardıcıl tədbirlərın həyata keçirilməsi, açıq hökümətin təşviqi ilə bağlı tədbirlərin icrası təmin edilmişdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə qarşı kəsərli tədbirlər görmüşdür.
“18 iyun-Azərbaycan Respublikasında İnsan hüquqları günü” ərəfəsində “İnsan hüquqları aylığı”, cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə “Sülh aylığı” keçirilmişdir. “Uşaq hüquqları aylığı” çərçivəsində orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə 25 noyabr tarixində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilmişdir.
2019-cu il ərzində rayonda 108 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış tədbirlər nəticəsində cinayətlərin açılması 93,5 faiz olmuşdur.
Ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasət nəticəsində gənclərdə vətənpərvərlik hissləri güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin “Gənclərin həqiqi hərbi xidmətə çağırışın keçirilməsi haqqında” müvafiq Fərmanlarının rayonda icrası təmin edilərək 2019-cu il ərzində 485 nəfər həqiqi hərbi xidmətə yola salınmışdır.
2019-cu il lərzində Rayon İcra Hakimiyyəti ərazidə ictimai sabitliyin qorunması, təbii fəlakətlər və baş vermiş digər hadisələr barədə dürüstləşdirilmiş məlumatların Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, RİAİS proqramına ötürülməsini gündəlik nəzarətdə saxlamış və təmin etmişdir.
Təsdiq olunmuş müvafiq qrafik əsasında yanvar ayı ərzində RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və rayon bələdiyyələrinin 2018-ci ilin yekunları ilə əlaqədar illik hesabatlarının keçirilməsi təşkil edilmişdir. Hesabat yığıncaqlarında 3531 nəfər iştirak etmiş, onlardan 140 nəfəri çıxış edərək 147 tənqidi qeyd və təkliflər irəli sürmüşdür. 7 fevral 2019-cu il tarixdə RİHB-nın 2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmiş, iclaslarda səsləndirilən tənqidi qeyd və təklifləri sistemləşdirilərək Prezident Administrasiyasına və tədbirlər planı hazırlanaraq icra edilməsi üçün aidiyyatı üzrə təşkilatlara göndərilmişdir. Hesabat yığıncaqlarında səsləndirilmiş tənqidi qeyd və təkliflərin bir hissəsi rüb ərzində öz həllini tapmış, bəzilərinin icrasına başlanmış, bəziləri Dövlət Proqramı çərçivəsində həllini tapacaqdır. Hesabat yığıncaqlarında səsləndirilən 147 tənqidi qeyd və təkliflərdən 48-i (33%) il ərzində tam və ya qismən öz həllini tapmış, 99-u (67%) isə Dövlət Proqramı çərçivəsində həllini tapacaqdır. 01 sentyabr 2019-cu il tarixə görülmüş işlər barədə məlumatlar toplanaraq RİHB-na təqdim edilmişdir.
23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilən Bələdiyyə seçkiləri insanların yüksək fəallığı şəraitində, seçki məcəlləsinə uyğun olaraq, azad və şəffaf keçirilmiş, bu işdə RİHB-nın İƏD üzrə nümayəndəlikləri və rayon bələdiyyələri öz üzərinə düşən vəzifələrin icrasına bəzi istisnalar olmaqla yüksək səviyyədə nail olmuşlar.
İl ərzində nümayəndəliklərin və bələdiyyələrin qarşılıqlı fəaliyyəti nəticəsində bir sıra sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həlli, eləcə də abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin aparılması təmin olunmuşdur. Nümayəndəliklər və bələdiyyələr öz ərazilərində mütəmadi iməciliklər təşkil edərək, magistral yolların kənarlarının abad və təmiz saxlanılmasına daim diqqət yetirilmişdir.
RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində və bələdiyyələrdə 2019-cu ildəki fəaliyyətlərinə dair illik hesabatların keçirilməsi təmin edilmişdir.
Hesabat dövründə rayonun idarə, müəssisə və təşkilatlarında 5, yerli icra orqanlarında 20 kadr dəyişikliyi həyata keçirilmişdir. RİHB-nın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini və baş məsləhətçi-baş mühasibi, RİHB-nın Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, RİHB-nın Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, RİHB-nın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin baş məsləhətçi-baş mühasibi RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, vəzifələrinə xitam verilmiş, stajçı kimi dövlət qulluğuna yeni təyinatlar aparılmışdır. Vəzifələrə irəli çəkilən şəxslərin peşəkarlıq qabiliyyətləri nəzərə alınmışdır.
Hesabat dövründə əməkdə fərqlənən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 43 nəfər RİH-nin Fəxri Fərmanları və qiymətli hədiyələrlə təltif edilmişdir. Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar RİHB aparatının Hüquq şöbəsinin müdiri Eldar Mustafayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, rayonda baramaçılığın inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə qabaqcıl kümçü Mahmudov Mahmud Bayram oğlu Azırbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişlər.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq öz fəaliyyətini daim təkmilləşdirir, vətəndaş müraciətlərinə baxılması sahəsində işləri mövcud qanunvericiliyə uyğun qurmağa çalışır.
2019-cu ildə RİH-nə 1504 yazılı, 829 şifahi müraciət, 1324 xidməti sənəd daxil olmuş, 2073 xidməti sənəd və məktub göndərilmişdir.
Daxil olan vətəndaş müraciətlərinin 37,2 faizi nəzarət qaydasında araşdırılmış, 214-ü müsbət, 34-ü qismən həll olunmuş, 806 ərizəçiyə müvafiq izahat verilmiş, 90 müraciət baxılmaq üçün aidiyyatı üzrə digər orqanlara göndərilmişdir.
2019-cu ildə RİHB-nın yerlərdə 50 səyyar qəbul görüşləri keçirilmişdir. Səyyar qəbullarda 5617 adam iştirak etmiş, 286 tənqidi qeyd və təklif səsləndirilmişdir. Səyyar qəbullar zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər operativ qaydada yerində araşdırılaraq öz həllini tapmış, bəzi problemlərin həlli ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilmiş, müraciətlərin mövcud qanunvericiliyə uyğun şəkildə cavablandırılacağı barədə vətəndaşlara məlumat verilmişdir.
Rayon İcra Hakimiyyəti şəhid ailələri və Qarabağ əlilləri, eləcə də zəruri-sosial durumu aşağı olan vətəndaşların qayğılarını daim diqqətdə saxlayır, müxtəlif səbəblərdən maddi və mənəvi ziyan çəkmiş şəxslərə yardımlar göstərir. 2019-cu ildə zəruri sosial-iqtisadi durumu aşağı olan, eləcə də müxtəlif səbəblərdən (yanğın, təbii fəlakət, müalicə üçün və s.) zərər çəkmiş 15 vətəndaşa 8710 manat maddi yardım göstərilmiş, 18 nəfər əlilə patronaj təyin edilmiş, 15 nəfərə qəyyum təyin edilməsinə dair sərəncamlar verilmişdir.