İllik hesabat
2020
Rayon İcra Hakimiyyəti başçısının 2020-ci ilin yekunlarına dair hesabatı
Respublikamızda sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində rayonumuz da öz inkişafını davam etdirmişdir.
Cari ilin hesabat dövründə sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 layihə üzrə 735,0 min manat həcmində güzəştli kredit verilmişdir.
2020-ci il ərzində rayonda sənayedə 186,1 milyon manat, kənd təsərrüfatında 143,0 milyon manat, tikintidə 22,8 milyon manat, nəqliyyatda 2,8 milyon manat, ticarətdə 71,4 milyon manat, rabitədə 2,6 milyon manat olmaqla 428,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Rərakəndə əmtəə dövriyyəsi 225,6 milyon manat, pullu xidmətlərin həcmi 32,7 milyon manat, əsas kapitala yönəldilən investisiya 25,0 milyon manat olmuşdur.
2019-2023-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda da 17 tədbirin icrası istiqamətində müəyyən işlər görürlmüş, 1685-i daimi olmaqla 1765 iş yeri açılmışdır.
Cari ilin hesabat dövründə sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayonun iqtisadiyyatına 12,1 milyin manat manat həcmində özəl investisiya qoyulmuş onun da 64,6 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə, 28,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,6 faizi sair xidmət sahələrin inkişafı üçün xərc edilmişdir.
2020-ci il ərzində rayon büdcəsinə vergi və tədiyyələr üzrə 7.6 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 108.5 faiz icra edilmiş, gəlirlərin 47.8 faizi dövlət sektorunun, 52.2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İl ərzində büdcəyə məcburi dövlət sosial sığorta haqqları üzrə 8 milyon 037 min manat, işsizlikdən sığorta üzrə 278,8 min manat vəsait daxil olmuşdur. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 704 min manat subsidiya alınmış, büdcə xərcləri 8 milyon 418 min manat və ya 82.8 faiz icra olunmuşdur.
2020-ci il ərzində rayonda 214 pensiya işi təyin edilmiş, 14893 pensiyaçıya xidmət göstərilmiş, 5371 nəfərə sosial müavinət, 227 ailəyə ünvanlı sosial yardım verilmişdir.
2020-ci ilin ərzində Məşğulluq Mərkəzində artan yekunla 40670 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 21089 nəfəri qadın, 13268 nəfəri işsiz şəxslərdir. İl ərzində 759 nəfər münasib işlə təmin olunmuş, sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 13 nəfəri müəyyən olunmuş kvota yerlərinə göndərilmişdir. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Öz biznesinə başla və təkmilləşdir” mövzusunda xüsusi təlimlər keçmiş, uğur qazanmış 162 nəfər vətəndaşdan 126 nəfəri kənd təsərrüfatı (iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, arıçılıq təsərrüfatı zərfi) sahəsi üzrə aktivlə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində “DOST İŞ” MMC tərəfindən rayonumuzda 433 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və hər biri ilə əmək müqaviləsi bağlanılması təmin edilmişdir.
Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2020-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 143,0 milyon manat olmuşdur.
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilmiş, rayonda 2020-ci ilin məhsulu üçün 11320 ha sahədə payızlıq taxıl, o cümlədən 7812 ha buğda, 28678 ha sahədə yazlıq bitkilər olmaqla, 3536 ha sahədə qarğıdalı, 574 sahədə tütün, 12 ha sahədə günəbaxan, 191 ha sahədə paxlalılar, 1584 ha sahədə kartof, 2155 ha sahədə tərəvəz, 4404 ha sahədə yonca və 819 ha sahədə bostan bitkiləri əkilmişdir. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədi ilə payızlıq taxıl biçinindən sonra aralıq bitkilər (qarğıdalı, soya və s.) əkilərək 422 ha sahə təkrar əkinə cəlb edilmişdir.
Rayonda ötən ildə 35050 ton payızlıq taxıl, o cümlədən 24455 ton buğda, 19970 ton qarğıdalı, 378 ton paxlalı, 672 ton tütün, 31 ton dən üçün günəbaxan, 19087 ton kartof, 21668 ton tərəvəz, 9304 ton bostan məhsulları, 65050 ton quru ot, 903 ton üzüm, 56 ton yaşıl çay yarpağı, 39309 ton meyvə, o cümlədən 15366 ton fındıq istehsal olunmuş dur.
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən rayon üzrə 08.01.2021-ci il tarixə 25398 ədəd torpaq sənədi SİS-nə daxil edilməklə, 12144 fermer öz əkinlərini bəyan edərək müvafiq subsidiya məbləğini almışdır. Hazırda payızlıq əkinlərin qeydiyyatı davam edir.
Ötən il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalandırılma yolu ilə 5569 baş cins bala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 60322 baş, qoyun-keçilərin baş sayı 131167 baş olmuş, rayonda 9453 ton diri çəkidə ət, 43699 ton süd, 23 milyon 38 min ədəd yumurta, 301 ton yun istehsal edilmişdir.
Ötən ildə 7992 baş inək və düyələr süni mayalandırılmışdır ki, bu da rayonda olan ana malın 27 faizini təşkil edir. Əvvəlki illə müqayisədə artım 4 faiz olmuşdur. "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının icrası olaraq rayonda süni mayalanma yolu ilə alınmış cins buzovlara görə 2020-ci ildə 5030 baş heyvan sahiblərinin sənədləri qəbul olunaraq subsidiya hesablanmış və bundan 4020 baş heyvan sahiblərinə 402000 manat subsidiyanın ödənilməsi təmin edilmişdir.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ildə 574 ha sahədə tütün əkilmiş, rayonda quru tütün istehsalı artaraq 672 ton olmuşdur.
“Zaqatala Agro İndustry” MMC tərəfindən 18000 kv.m sahəsi olan hidroponik istixana təşkil edilmişdir. Cari ilin fevral ayının birindən etibarən həmin istixanada tütün toxumlarının əkilməsinə başlanılacaqdır. Şirkət tərəfindən illik istehsal gücü 2500 ton (quru tütün) olan 120 ədəd tütün qurutma kameralarının quraşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
2020-ci ildə 35500 ədəd yerli tut tinglərinin fermerlərə paylanaraq əkilməsi təmin olunmuş və rayonda 36 ton 165 kq barama istehsal edilmişdir.
2020-ci il ərzində “AZ ROSE” MMC-nin plantasiyalarından 438 ton 290 kq qızıl gül, 66 ton 955 kq lavanda və 5 ton 900 kq nanə ləçəyi tədarük edilərək emal olunmuş, 121 kq qızıl gül yağı, 1 ton lavanda yağı və 31 kq nanə yağı istehsal edilmişdir. Ötən ildə “AZ ROSE” MMC tərəfindən 20 kq 200 qram qızılgül və 1250 kq lavanda yağı Amerika, Türkiyə və Litva ölkələrinə ixrac edilmişdir.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən rayonun inzibati ərazi dairələri üzrə 2019-cu il mövsümü üçün sənədlərini təqdim etmiş 1250 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 28825 arı ailəsinə (pətəyə) görə 288250 manat subsidiya verilmişdir.
Ötən illə müqaisədə 195 arıçı və 3192 arı ailəsi artmışdr. 2020-ci il mövsümü üçün sənədləri təsdiq olunmuş 1445 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 32017 arı ailəsinə (pətəyə) görə 320170 manat subsidiya verilmişdir.
2020-ci ildə rayonda ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 172096 manat dəyərində cərimə tətbiq olunmuş, rayonda meşə əkini və meşəbərpa tədbirləri davam etdirilmiş, əvvəlki illərdə salınmış 112 ha sahədə meşə əkininin doldurulması işi aparılaraq 30890 müxtəlif cinslərdən ibarət tinglər əkilmiş, 20 ha sahədə xurma, tut, fındıq, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınmışdır.
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır.
“Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli Sərəncamına əsasən 2020-ci ildə rayonda 18 ədəd subartezian quyularının qazılması başa çatdırılmışdır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2020-ci il tarixli Sərəncamına əsasən “Azərsu” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə 2020-ci ildə Aşağı Tala və Göyəm kəndlərində əlavə subartezian quyuları qazılmışdır. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 6 kəndin 2101 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsi əsasən təmir olunmuşdur.
2020-ci ildə rayon ərazisində 1151,5 min m3 həcmində cay yataqları, 343,6 min m3 həcmində suvarma kanalları təmizlənmiş, kanallar üzərində olan 18 ədəd hidrotexniki qurğunun, Muxax çayda, Katex çayda və Tala çayda 650 m3 daş-beton bəndlərin tikintisi, eləcə də Muxax çayda 1980 m3 həcmində daş-beton bəndlərin təmiri və Muxax çayda 815 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.
Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına 22,8 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür.
İl ərzində rayonda “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun, şəhərin Azərbaycan prospekti 97a saylı ünvanda 5 mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilmiş, “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası olaraq Zaqatala şəhərinin şimal-qərb yaşayış massivində Xalça evinin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi seçilərək yerquruluşu kadastr planı hazırlanmış, hazırda torpaqayırma və layihələndirmə işləri davam etdirilir. Bakı-Qəbələ-Balakən avtomobil yolunun 378-ci kilometrində Zaqatala şəhərinin Qazangül yaşayış sahəsi ərazisində ayrılmış 0.39 hektar torpaq sahəsində Pit stop istirahət məntəqəsinin tikintisi davam etdirilmişdir.
Rayonda ümumi sahəsi 12445.4 kvm olan 116 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, həmçinin Rayon İcra Hakimiyyəti tərəfindən Yuxarı Tala kəndində Teymurxanova Zenfira Camaldin qızının ailəsi üçün 1 otaqlı və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Aşağı Tala kəndində Talıbov Elçin Abid oğlunun ailəsi üçün 3 otaqlı fərdi yaşayış evləri tikilərək istifadəsinə verilmiş, Çökəkoba kənd sakini Vətən müharibəsi şəhidi Hacıyev Abakər Məhəmməd oğluna məxsus fərdi yaşayış evində əsaslı təmir işləri aparılmışdır. Sahibkarlar tərəfindən rayonda 12.5 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan 21 fərdi yaşayış evi yenidən tikilərək sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda 2020-ci il ərzində rayonda Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması üçün 8 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir. Şəhər 11 və 13 saylı uşaq bağçalarında təmir işləri aparılmışdır.
2020-ci il ərzində rayonda abadlıq-quruculuq işləri də uğurla davam etdirilmişdir. Mənzil fondunun saxlanması üçün ayrılmış vəsait hesabına Sülh küçəsi, 9 saylı binanın 648 kvm dam örtüyü, C.Cabbarlı küçəsi 1 saylı binanın 21 saylı mənzili və H.Z.Tağıyev küçəsi 2, 4 və 6 saylı yaşayış binalarının həyətindəki ictimai sanitar qovşağı təmir edilmişdir. Şəhərin Qazangül yaşayış sahəsində yerləşən sığınacaq binalarının kanalizasiya sistemi təmir edilərək 385 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Güclü külək və yağış nəticəsində dam örtüklərinə ziyan dəymiş yaşayış binalarının ümumilikdə 192 kvm metal dam örtüyü təmir edilmişdir. N.Nərimanov küçəsi 39 saylı binanın pilləkənləri təmir edilərək yeni metal məhəccərlər quraşdırılmışdır.
Eyni zamanda şəhər abadlığına ayrılmış vəsait hesabına H.Əliyev prospektində, 28 may, Nizami və F.Əmirov küçələrində səkilərin və yağış sularının kənarlaşdırılması üçün su arxlarının təmiri ilə əlaqədar 555 kvm səkidə tamet döşəmə, 135 metr beton səki daşı yenisi ilə əvəz edilmiş, diametri 400 mm olan azbest borularla 24 metr uzunluğunda su arxı təmir edilmişdir. Ü.Hacıbəyov küçəsində fərdi yaşayış evlərinin istinad divarlarında 220 kvm divar səthi yenidən suvaqlanaraq fasad emulsiyası ilə rənglənmişdir. N.Nərimanov küçəsində istinad divarının 195 kvadrat metr hissəsi sökülərək yenidən tikilmiş, A.Qardaşov küçəsində 12 saylı körpələr evi-uşaq bağçasının yararsız istinad divarı sökülərək
mişar daşından tumbalarla yenidən tikilmiş, 260 kvm divar səthi suvaqlanmış və fasad emulsiyası ilə rənglənmiş, 100 metr uzunluğunda metal məhəccər quraşdırılmış, H.Əliyev prospekti və Dədə Qorqud küçəsinin kəsişməsində S.Qazıyevanın büstünün yerləşdiyi dairə əsaslı təmir edilmişdir. Şəhərin SMD-20 yaşayış sahəsində yağış sularının kənarlaşdırılması üçün diametri 400 mm olan azbest borularla 130 metr uzunluğunda yeni su arxı tikilmişdir. N.Nərimanov küçəsində 28 ədəd metal işıq dirəyi basdırılaraq yeni işıqlandırma sistemi qurulmuş, 960 metr uzunluğunda elektrik xətti çəkilmişdir. Eyni zamanda H.Əliyev prospektində 34 ədəd işıq dirəyi sökülərək və təmir işləri aparılaraq yenidən quraşdırılmışdır. Ç.Mustafayev küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq 163 metr uzunluğunda səki daşları düzülmüş, 132 kvm asfalt örtüyü döşənmiş, metal konstruksiyadan sahəsi 60 kvm olan 1 ədəd altıaçıq və hər birinin sahəsi 12 kvm olan 2 ədəd söhbətgah quraşdırılmışdır. Z.Əliyeva küçəsi, 1 saylı binanın həyətində abadlıq işləri aparılaraq 812 kvm asfalt örtüyü döşənmiş, 63 metr uzunluğunda səki daşları düzülmüşdür. Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun şəhərin Qazangül yaşayış sahəsindən keçən hissəsinin kənarındakı 500 metr uzunluğunda istinad divarları dəmir konstruksiya ilə üzlənmişdir. Qeyd olunanlara əlavə olaraq daxili imkanlar hesabına magistral avtomobil yolunun şəhər ərazisindən keçən hissəsinin kənarında yerləşən 7000 kvm istinad divarı və 5000 metr uzunluğunda bardürlər rənglənmişdir.
Rayonda avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində də xeyli işlər görülmüş, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılmışdır. Zaqatala şəhərinin küçələrinə 33.5 min kvm asfalt örtüyü döşənmişdir.
2020-ci il ərzində müxtəlif diametrli borularla 6524 metr qaz xətti quraşdırılmış, 2825 metr müxtəlif diametrli qaz xətləri rənglənmiş, istismar müddəti bitmiş 189 fərdi qaz tənzimləyici qurğu yenisi ilə əvəz edilmişdir. 2020-ci il ərzində Zaqatala Qaz İstismar Sahəsi üzrə əhali abonentlərin sayı 416 nəfər artaraq 23534 və qeyri-əhali abonentlərin sayı 12 ədəd artaraq 229 olmaqla cəmi abonent sayı 23763 təşkil edir.
Bütün bunlarla belə qeyd etmək lazımdır ki, rayonun 62 yaşayış məntəqəsindən cəmi 32-i, yəni 51.6 faizi qazlaşdırılmışdır. Qazlaşdırılmamış yaşayış məntəqələrinin və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının sürətləndirilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış materiallar aidiyyatı mərkəzi icra orqanlarına göndərilərək müraciət olunmuşdur.
Rayonda 16.4 km uzunluğunda 10-kv-luq, 28.16 km uzunluğunda 0,4 kv-luq hava xətləri əsaslı və cari təmir olunmuşdur. 750 ədəd smart tipli və 1950 ədəd yeni elektron tipli sayğac quraşdırılmış, Əliabad qəsəbəsində və Kebeloba kəndində həyətlərdən keçən 10-kv-luq hava xətlərində ümumilikdə 48 ədəd dayaq çıxarılaraq küçə boyu çəkilmiş, rayonun 10 kv-luq hava xətlərində 69 ədəd metal dayaq quraşdırılmışdır. Danaçı kəndinin 3.2 km uzunluğunda 0.4 kV-luq elektrik verilişi xətləri 50 ədəd metal dayaq basdırılmaqla SİP kabel xətləri ilə əvəz edilmişdir. Yuxarı Tala, Aşağı Tala, Çobankol və Danaçı kəndlərində 24 ədəd transformator məntəqəsi yenidənqurulmuş, Danaçı, Aşağı Tala, Qandax, Höytala və Vöhtala kəndlərində ümumilikdə 280 ədəd metal dayaq quraşdırılaraq 5 km uzunluğunda SİP kabel çəkilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir.
Eyni zamanda rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmiş, Sukanal İdarəsi tərəfindən şəhər ərazisində, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Qımır, Bazar, Gözbarax, Muxax, Zəyəm, Üçüncü Tala, Muğanlı və Dağlı kəndlərində yararsız vəziyyətdə olan su xətlərində təmir işləri aparılmışdır.
2020-ci ildə rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, internet və multimediya xidmətləri genişləndirilmiş, göstərilən xidmətin həcmi 3.52 milyon manat təşkil etmişdir. Zaqatala Poçt filialında və poçt şöbələrində hazırda əhaliyə yüksək səviyyədə 40 növə yaxın ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri xidmətləri göstərilir.
2020-ci il ərzində rayonda telefon istifadəçilərinin sayı 210 nəfər artaraq 23803 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı 1375 nəfər artaraq 17825 nəfərə çatmışdır.
Hesabat dövründə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedoqoji kadrların effektiv və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən işlər görülmüdür.
İl ərzində “Ümumtəhsildə keyfiyyət ili”nin davamı olaraq müəllimlər arasında pedaqoji mühazirələrin rayon mərhələsinin keçirilməsinə start verilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi qalib olmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ən yaxşı Təqdimat” müsabiqəsinin onlayn video təqdimatı keçirilmiş, Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi video təqdimatın respublika mərhələsində iştirak edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Evdə qalaq, evdə yaradaq” devizi altında keçirilmiş onlayn yaradıcılıq müsabiqəsində rayonun Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdləri 1-3 yerlərə layiq görülmüşlər.
Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planına uyğun olaraq rayonun təhsil müəssisələrində doğma Qarabağın flora və faunası, tarixi, mədəni irsinin öyrənilməsi məqsədi ilə açıq dərslər, təqdimatlar,onlayn video mühazirələr təşkil olunmuş,“Qızıl hərflərlə yazılan tarix” mövzusunda rəsm, “Xarı bülbül” adlı şer mahnı, “Əziz Şuşa sən azadsan”, “Əziz Şuşa biz qayıtmışıq” yaradıcılıq müsabiqələri onlayn olaraq keçirilmişdir.
2019-2020-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin tam orta təhsil üzrə 894 şagird, ümumi orta təhsil üzrə 1410 şagird pandemiya şəraitinə uyğun sosial-izolyasiya tədbirlərinə uyğun olaraq buraxılış imtahanlarında iştirak etmişdir. Onlardan 24 nəfəri tam orta təhsil üzrə, 27 nəfəri ümumi orta təhsil üzrə fərqlənmə attestatları almış, bir nəfər şagird Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür.
Bu tədris ilində 11-ci sinfi bitirmiş 894 məzundan 580 nəfəri sənəd vermiş və onlardan 436 məzun ali məktəblərə qəbul olunmuşdur. Qəbul olan məzunlardan 21 nəfəri 600-dən yuxarı, 40 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Rayonda koronovirus infeksiyasının (Covid-19) yayılmasının qarşısının alınması məqsədi ilə RİHB-nın 19 mart 2020-ci il 50/1 nömrəli sərəncamına uyğun rayon qərargahı yaradılmışdır. Bu infeksiyanın yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə 58 mobil qrup yaradılmış, rayonun ərazisində fəaliyyət göstərən bütün müəssisələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilmiş, əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya maarifləndirmə işləri həyata keçirilmiş və bu tədbirlər davam etdirilir.
Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən cari ilin mart ayında Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə küçə və meydanlarda, parklarda, təhsil, məktəbəqədər təhsil müəsisələrində, çoxmənzilli ictimai yaşayış binalarında, idarə, müəssisələr və sahibkarlıq obyektlərində, poçt şöbələrində, bank və bankomatlarda, məsciddə, körpü və yeraltı keçiddə profilaktik dezinfeksiya və əksepidemik tədbirlər aparılmışdır.Əksepidemik və profilaktik tədbirlər davam etdirilir.
Yoluxucu xəstəliklərin profilaktikasında qoruyucu peyvəndlərin xüsusi əhəmiyyəti vardır. Rayonda da peyvənd tədbirləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Milli peyvənd təqvimi əsasında müəyyən yaş qrupuna daxil olan əhali arasında təlimata uyğun olaraq aparılmışdır.
2020-ci ilin dekabr ayında rayonun ərazisində əhalinin müvafiq kontingentinə (tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan yaşlı və orta yaşlı əhali və xroniki xəstəlikləri olan uşaqlar) 3700 nəfərə qrip əleyhinə peyvəndləmə aparılmışdır.
Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq məqsədilə xüsusi karantin rejimi dövründə rayonda aztəminatlı əhali qrupunun və yaşı 65-dən çox yaşı olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna Rayon İcra Hakimiyyətinin başçısı bir aylıq əmək haqqını və müavinləri isə əmək haqqının yarısını ianə etmiş, həyata keçirilən xeyriyyəçilik kompaniyasına iş adamları, sahibkarlar da könüllü olaraq qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarına dəstək olaraq bu günədək rayonda 4500-dən çox aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları olunmuşdur. Belə ki, RİH-nin başçısı tərəfindən 600-dən çox, “Əlillərə və Aztəminatlı ailələrə ictimai dəstək”fondu tərəfindən 500, “Bravo”supermarketi tərəfindən 322, millət vəkilləri Kamilə Əliyeva tərəfindən 60, Elşən Musayev tərəfindən 70, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 80, AHİK tərəfindən 50, Azərbaycan Neft və sənaye Universitetinin professor heyəti tərəfindən 33, Bismak şirkəti tərəfindən 50, rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanları tərəfindən, sahibkarlar, iş adamları, eləcə də ayrı-ayrı müəssisə təşkilatlar tərəfindən ərzaq yardımları ehtiyacı olan insanlara kollegial şəkildə çatdırılmış, heç bir neqativ hal müəyyən olunmamışdır. Rayonda Regional İnkişaf İctimai Birliyi tərəfindən “Biz birlikdə güclüyük” aksiyasına onlayn müraciət etmiş 1598 vətəndaşa ərzaq yardımları çatdırılmış, eləcə də Heydər Əliyev Fondu tərəfindən 611 sağlamlıq imkanları məhdud uşaqlara, “Bravo”supermarketi tərəfindən 339 ailə başçısını itirmiş ailələrə yardımlar göndərilmişdir.
Rayonda aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqətdə saxlanılır, ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilir. Müqəddəs Ramazan ayı ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbəri tərəfindən 150 aztəminatlı ailələrə, xəstə və ahıl insanlara ərzaq yardımları olunmuşdur.
Humanizm və xeyirxahlıq rəmzi olan Qurban bayramında Heydər Əliyev Fondunun (1352), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadənin, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, Zaqatala rayon Qazılığının və şəhər bələdiyyəsinin təşəbbüsü ilə 2193 nəfər aztəminatlı və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payı verilmiş, cəmiyyətimizdə insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirilmişdir. Eyni zamanda 2-ci Qarabağ müharibəsində, Qələbəyə gedən yolda bütün Azərbaycan xalqı kimi Zaqatala rayon sakinləri, Rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən idarə müəssisələrin hər biri Dövlətimizə və Ordumuza mənəvi və maddi dəstək olmuş, cəbhəyə öz dəstətini göstərmişdir.
Karantin dövrünün ilk günlərində yaranan maska çatışmamazlığına dəstək olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən Peşə məktəbinin dərzi ixtisas qrupu tərəfindən gün ərzində 1000-1500 ədəd maskanın tikilməsi, könüllülər və mobil qruplar tərəfindən ictimaiyyətə çatdırılması təmin edilmişdir.
İl ərzində rayon Mərkəzi Xəstəxanasının PHŞ həkimləri tərəfindən 187258 nəfər ambulator qəbul, 9899 nəfər evə gediş olmuş, 1866 uşaq doğulmuşdur. 6532 xəstə stasionar müalicə almış, 52 xəstəyə əlavə müayinə və müalicə üçün Respublikanın müvafiq xəstəxanalarına göndəriş verilmişdir.
Hesabat dövründə rayonda qeydiyyatda olan 2069 nəfər şəkərli diabeti olan, 504 nəfər vərəmli, 318 nəfər onkoloji, 627 nəfər psixiatrik, 6 nəfər hemofiliyalı xəstəyə müvafiq qaydada müayinə və müalicələr təyin edilmiş, xroniki böyrək çatışmazlığı olan 45 nəfərə mütəmadi olaraq Zaqatala Müalicə Diaqnostika Mərkəzində dializ proseduru aparılmışdır.
2020-ci ildə nigaha daxil olmaq istəyən 762 gəncdən qan nümunəsi alınmiş,onlardan 25 nəfərində talassemiya daşıyıcılığı, 1 nəfərdə sifilis, 2 nəfərdə isə QİCS aşkarlanmışdılr.
Hazırda dünya Səhiyyəsinin “COVİD-19” pandemiyası ilə mübarizə apardığı bu dövrdə Zaqatala RMX PHŞ də Pandemiyaya qarşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərməklə həm profilaktik həm də müalicəvi yardımla məşğuldur. 2020-ci il ərzində rayon ərazısində 9801 nəfərdən laborator müayinə material götürülmüş müayinələrin cavabı olaraq 486 rayon sakinində “COVİD-19” virusuna yoluxma qeydə alınmış xəstələrdən 417-si sağalmış, 35 nəfəri karantin rejimində müalicəyə cəlb olunmuş, 34 nəfəri isə vəfat etmişdir.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmış, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların dinə münasibətinin müəyyən edilməsində, dini ayin və mərasimlərdə iştirak etməsinə və eyni zamanda dini biliklərin əldə olunmasında maneəçiliyə yol verilməmiş, dini durum sabit olmuşdur.
Hesabat dövründə rayonda 12 (3 tədbir onlayn) dini maarifləndirici tədbir keçirilmiş, onlardan 3 məktəb, 3 təşkilat və 6 məscid tədbirləridir. Keçirilmiş tədbirlərdə 1136 nəfər rayon sakini iştirak etmişdir.
Karantin müddətində dini icma sədrləri ilə “Pandemiya dövründə dini icmaların fəaliyyəti və qarşıda duran vəzifələr”, 18.09.2020-ci il tarixdə “Tolerantlığın ünvanı-Azərbaycan!” və 15.12.2020-ci il tarixdə “Zəfər bizimdir!” Vətən II Qarabağ müharibəsində Qələbə mövzularında onlayın konfranslar keçirilmişdir.
21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilmişdir. Rayon icra hakimiyyəti və rayon polis şöbəsi tərəfindən təlim toplanışının mütəşəkkil keçirilməsi məqsədi ilə tədbirlər müəyyən edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala şöbəsi tərəfindən hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar vətəndaşların həqiqi hərbi xidmətə çağırılması yüksək səviyyədə təmin olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən plan-tapşırıq 100 faiz yerinə yetirilmişdir.
Hesabat dövründə rayonda 141 cinayət hadisəsi qeydə alınmış, onlardan 93,9%-nın açılması təmin olunmuşdur.
Rayon ərazisində tətbiq edilən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir.
Zaqatala rayonunda “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası təmin edilir, şəffaflığın təmin olunması sahəsində preventiv tədbirlər həyata keçirilir.
RİHB-sı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiya tərəfindən 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası diqqət mərkəzində saxlanılmış, narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyası təşkil edilmiş, antinarkotik təbliğata xüsusi önəm verilmiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, profilaktik tədbirlərin səmərəliliyi artırılmış, həmçinin ictimai maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir.
RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və rayon bələdiyyələrinin 2019-cu ilin yekunları ilə əlaqədar illik hesabatlarının keçirilməsi təşkil edilmişdir. Hesabat yığıncaqlarında 3550 nəfər iştirak etmiş, onlardan 124 nəfəri çıxış edərək 134 tənqidi qeyd və təkliflər irəli sürmüşdür. 18 fevral 2020-ci il tarixdə RİHB-nın 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmiş, iclaslarda səsləndirilən tənqidi qeyd və təklifləri sistemləşdirilərək Prezident Administrasiyasına göndərilməsi təmin olunmuşdur. Eyni zamanda həmin tənqidi qeyd və təkliflərin icrasına dair tədbirlər planı hazırlanaraq icra edilməsi üçün aidiyyəti üzrə təşkilatlara göndərilmişdir. Hesabat yığıncaqlarında səsləndirilən 134 tənqidi qeyd və təkliflərdən 41-i (31%) il ərzində tam vəya qismən öz həllini tapmış, 93-ü (69%) isə Dövlət Proqramı çərçivəsində həllini tapacaqdır.
RİHB-nın səhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri koronavirus (Covid-19) infeksiyası ilə əlaqədar aparılan profilaktik tədbirlərdə yaxından köməklik göstərmiş və dövlət tərəfindən verilmiş tapşırıqların icrasında mobil qruplar yaradılaraq bilavasitə yaxından iştirak etmişlər.
2020-ci il ərzində baş vermiş təbii fəlakətlərin xüsusilə də, 16 sentyabr 2020-ci il tarixdə rayon ərazisində qeyri sabit hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılmasında RİHB yanında Fövqəladə Hallar Komissiyası ilə yanaşı RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon bələdiyyələri yaxından iştirak etmişlər.
Hesabat ili ərzində RİHB-nın şəhər, qəsəbə və kənd inzibəti ərazi dairələri üzrə nümayəndəliklərində müəyyən edilmiş qrafik üzrə 7 səyyar qəbul keçirilmişdir. RİHB-nın səyyar qəbullarında 1192 nəfər iştirak etmiş və 33 tənqidi qeyd irəli sürülmüş və ümumiləşdirilərək Prezident Adminstrasiyasına göndərilməsi təşkil edilmişdir.
2020-ci ildə RİHB yanında Şuranın iş planında nəzərdə tutulan məsələlərin müzakirəsi həyata keçirilmiş, 7 Şura yığıncağında 10 məsələyə baxılmışdır (xüsusi karantin rejiminin tətbiqinə qədər). RİHB-nın 146 sərəncamı, 210 əmri verilmişdir. Rayon İcra Hakimiyyətinə 1160 xidməti sənəd daxil olmuş, 1870 sənəd göndərilmiş, 1128 yazılı, 389 şifahi müraciət, Prezident Administrasiyasından 498, Milli Məclisdən 9, Nazirlər Kabinetindən 34, digər Mərkəzi İcra orqanlarından 34 ərizə daxil olmuşdur.
Rayon İcra Hakimiyyətinə daxil olan yazılı müraciətlərin 1104-ü (97 faizi) ərizə, 21-i (1,9 faizi) şikayət, 3-ü təklif olmuşdur. Vətəndaş müraciətlərinin 190-ı (17 faizi) müsbət, 23-ü qismən həll edilmiş, 697-nə (61 faizi) müvafiq izahat verilmiş, 11 vətəndaşın (0,9 faiz) tələbi əsassız sayılmışdır. 179 ərizə baxılmaq üçün aidiyyatı təşkilatlara göndərilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binasında RİHB tərəfindən 175 vətəndaş qəbul edilərək dinlənilmişdir (xüsusi karantin rejiminin tətbiqinə qədər). Koronavirus (Covid-19) pandemiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən qəbullar onlayn eləcə də telefon rabitəsi vasitəsilə həyata keçirilmişdir. Müraciət edən hər bir vətəndaşın şikayəti qeydə alınmış və icrası istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti bundan sonra da vətəndaşların qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması, onların arzu, istək və problemlərinə qayğılı münasibət göstərilməsi üçün səylərini daha da artıracaqdır.