Mədəniyyət
Rayon ərazisində 252 mədəniyyət obyekti ( mədəniyyət evi,klub,kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu.Tarixi abidə və s.) var
Rayonda yerləşən kütləvi informasiya vasitələri haqqında məlumat
“Zaqatala” qəzeti fəaliyyət göstərir.
“Zaqatala” qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər “Zaqatala kəndlisi” adlanan qəzet sonralar “Kolxozun səsi”, “Bolşevik kolxozu uğrunda”, “Qırmızı bayraq” və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir. Hal-hazırda “Zaqatala” qəzeti redaksiyasında 5 nəfər çalışır.
"Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.
Rayonun istirahət və turizm zonaları,idman kompleksləri haqqında məlumat
İstirahət və Turizm zonaları
- "Heydər parkı" - 1947-ci ildə salınmış bu parkın sahəsi 13 hektardır. Burada 27 ağac növü vardır. 2008-ci ildə parkda –yenidənqurma işləri aparılmış və müasir görkəm almışdır. Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldıldığı bu park əhalinin ən sevimli istirahət yeridir.
- Zərifə Əliyeva adına park - Müasir səhnə, işıqlandırma sistemi, fəvvarələr quraşdırılmışdır.
- Dədə Qorqud meydanı - Meydan Zaqatala əhalisinin sevimli istirahət yeridir. El arasında qala düzü pilləkənləri adlanan, 1946-cı ildə inşa edilən, sayı 128 olan pilləkənlər bu ərazidə yerləşir.
- Zaqatala tarix-mədəniyyət qoruğu - Zaqatala şəhərində yerləşən , 1830-cu ildə inşa edilən Zaqatala qalasında yerləşir. Bu qalada "Patyomkin" zirehli gəmisinin üsyançıları məhbus kimi saxlanılıb. Qalanın divarlarının eni 1.5 metrdir. Qalanın 100-dən çox mazğalı- tüfəng atmaq üçün yeri olub. Qalanın daxilində 20-dən çox yerli əhəmiyyətli tarixi abidə var.
- Car kəndi - Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı /Bəkməz və Zilban/ axır. 3 tərəfi dağlardır. Ümumi sahəsi 1314 ha, əhalisi 3244 nəfərdir. Tarixi abidələrdən car məscidi /XVII əsr/ XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10-12 metr olan Cigiz qala vardır. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib.
- Qəbizdərə kəndi - Mazıx kəndinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində, Katex çayının sağ sahilində yerləşir. Əhalisi 234 nəfərdir. Burada turizm istirahət mərkəzi üçün torpaq sahəsi ayrılmış və tikintisinə başlanılacaqdır. Ərazidə 15 metr hündürlükdən tökülən Respublikanın ən bol sulu şəlaləsi vardır.
- Pərzivan - Yuxarı Tala və Muxax kəndlərinin arasında Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Sahəsi 142 hektar, əhalisi 110 nəfərdir.
- Pipan və Silov dərələri - Yuxarı Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 70 ha sahəni əhatə edir. Tarixi abidələrdən Alban kilsəsi /IV-V əsrlər/ vardır. Burada turizm istirahət mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
- Meşleş kəndi - Yuxarı Tala kəndinin şimalında Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. 140 nəfər əhalisi vardır.
- Yuxarı Çardaxlar - Yuxarı Cardaxlar kəndinin ərazisi 1293 ha, əhalisi 2141 nəfərdir. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Kənddə XIII əsrə aid bürc, Alban kilsə qalıqları, XIX əsrdə tikilmiş məscid vardır. Burada III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan "Pəri qala" sı yerləşir. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.
Xidmət müəssisələri:
Rayonda 3 ulduzlu, 80 nəfəri qəbul edə bilən "İs otel" mehmanxanası, 4 mərtəbəli, 100 nəfərlik restoranı, Avropa tipli mətbəxi olan "Zaqatala" mehmanxanası, futbol meydançası, idman qurğuları və saunası olan 5 otaqlı "Karvan" istirahət güşəsi, 10 otaqlı "SMU-2"moteli, 10 otaqlı "Turqut" moteli, "Ləzzət" istirahət zonası, atçılıq, faytonla gəzinti, ekoturizim, balıq ovu təşkil olunan "Farel" istirahət zonası və yeni tikilmiş "Qrata hotel"i əhaliyə mədəni xidmət göstərir.
Rayonun qoruq, milli park və yasaqlıqları haqqında məlumat
Zaqatala Dövlət Təbiət qoruğu 1929-cu ildə Böyük Qafqaz dağlarının cənub yamaclarının təbiət kompleksini qorumaq fauna və floranı elmi əsaslarla öyrənərək mühafizə etmək, düzənlikləri, əkin sahələrini dağıdıcı sel sularından qorumaq məqsədilə Balakən və Zaqatala rayonlarının ərazisində yaradılmışdır. Hazırda Qoruğun ərazisi 23844 hektardır.
Zaqatala Dövlət Təbiət qoruğunda 900-dən artıq bitki növü yayılmışdır. Burada Azərbaycan florası üçün nadir sayılan və böyük elmi maraq doğuran iynəyarpaqlı qaracöhrə, qarmaqvari şam ağacı və ancaq Zaqatala qoruğuna məxsus olan Qafqaz rododendronu bitir.
Fauna baxımından da zəngin olan qoruqda 36 növ məməli, 103 növ köçəri və oturaq quş yaşayır. Qiymətli elmi və təcrübəvi əhəmiyyətə malik olan Dağıstan təkəsi, nəcib Qafqaz maralı, köpkər, cüyür, vəhşi donuz, qiymətli xəzi olan daşlıq və meşə dələsi, faunamızın nadir nümayəndəsi sayılan vaşaq, qonur Qafqaz ayısı, toyuqkimilər dəstəsindən olan endemik Qafqaz tetrası qoruqda məskunlaşan əsas heyvan və quş növləridir.
Zaqatala Dövlət qoruğunda Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş məməlilər sinfindən -2 növ, quşlardan -6 növ, balıqlardan -1 növ, amfibiya və reptililərdən -3 növ, bitkilərdən 12 növ, həşaratlardan 11 növ, nadir kimi qorunur.
Qoruqda elmi-tədqiqat işlərinə rəhbərlik edən elmi şöbə mövcuddur. Hal-hazırda şöbədə 4 nəfər elmi işçi, o cümlədən 2 nəfər biologiya elmləri namizədi çalışır. Elmi şöbə 1992-ci ildən etibarən "Təbiət səlnaməsi" üzrə əsas 4 istiqamətdə iş aparır. Bunlardan qoruğun landşaftı, bitki örtüyü heyvanat aləmi /məməlilər, ornitofauna və onurğasızlar/ üzrə elmi işlər aparılır. Qoruqda aparılan bu işlərin antropogen təsirindən kənar bir mühitdə baş verən təbii proseslərin kompleks şəkildə öyrənilməsinə yönəldilmişdir.
Şəki Zaqatala zonasında, eləcə də bütün respublikada təbiətin mühafizəsi işini xalq arasında daha da geniş təbliğ etmək məqsədilə qoruğun nəzdində təbiət muzeyi fəaliyyət göstərir. Bu muzeydə bütün zonanın təbii landşaftlarda və qoruğun öz ərazisində yaşayan heyvanlar aləmi nümayiş etdirilir.
Hal-hazırda Zaqatala Dövlət Təbiət qoruğunun ərazisinin genişləndirilməsi transsərhəd xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması istiqamətində layihə işləri aparılır. Nəticədə Zaqatala Dövlət Təbiət qoruğunun ərazisi 48000 ha, 7079 ha yasaqlıqla birlikdə 55000 ha olacaqdır. Bu isə bölgəmizdə turizmin, ekoturizmin inkişafına səbəb olacaqdır.
Rayonun mədəniyyət evləri haqqında məlimat
S/s | Müəssisənin adı | Ünvan | Müəssisə rəhbərinin soyadı, adı, atasının adı |
---|---|---|---|
1 | Zaqatala Rayon Mərkəzi Mədəniyyət Evi | Zaqatala rayonu-Nizami 9 | İbrahimov Şirin Abdulməcid oğlu |
2 | Şəhər Mədəniyyət evi | Qala Düzü | Hümbətov Çingiz Rüstəm oğlu |
3 | Yuxarı Tala Mədəniyyət evi | Yuxarı Tala kəndi | Camalova Svetlana Cavanşir qızı |
4 | Yol İdarəsi Mədəniyyət evi | Yuxarı Tala kəndi | Balaxlinski Roza Mes qızı |
5 | Aşağı Tala Mədəniyyət evi | Aşağı Tala kəndi | Mustafayev Zahid Zakir oğlu |
6 | Car Mədəniyyət evi | Car kəndi | Arasova Nəfisət Məhəmməd qızı |
7 | Bəhmədli Mədəniyyət evi | Bəhmədli kəndi | Cəlilova Nuridə Əli qızı |
8 | Makov Mədəniyyət evi | Makov kəndi | Lələyeva Gülnaz Seyidməhəmməd qızı |
9 | Suvagil Mədəniyyət evi | Suvagil kəndi | Qurbanov Qədir Əli qızı |
10 | Höytala Mədəniyyət evi | Höytala kəndi | Malcanova Gülbahar Cücüy qızı |
11 | Qandax Mədəniyyət evi | Qandax kəndi | Bayramova Qətibə Əmurullah qızı |
12 | Danaçı Mədəniyyət evi | Danaçı kəndi | Siracov Mohuma Ismayıl oğlu |
13 | Kəpənəkçi Mədəniyyət evi | Kəpənəkçi kəndi | Kərimova Tamam Rizvan qızı |
14 | Muxax Mədəniyyət evi | Muxax kəndi | Damadayev Nail İbrahim oğlu |
15 | Yuxarı Çardaxlar Mədəniyyət evi | Yuxarı Çardaxlar kəndi | Cabbarov Məhəmməd Əhməd oğlu |
16 | Çobankol Mədəniyyət evi | Çobankol kəndi | Şabanov Polad Əliyulla oğlu |
17 | Qımır Mədəniyyət evi | Qımır kəndi | Yusifov Abdulla Yusif oğlu |
18 | Əliabad Mədəniyyət evi | Əliabad qəsəbəsi | Musayev Əhmədiyyə İsa oğlu |
19 | Əlibayramlı Mədəniyyət evi | Əlibayramlı kəndi | İmayılova Elmira Məmmədrəsul qızı |
20 | Dombabinə Mədəniyyət evi | Dombabinə kəndi | Abdurahmanov Məhəmməd Abdurahman oğlu |
21 | Göyəm Mədəniyyət evi | Göyəm kəndi | Çobanova Şuaynat Abdulməcid qızı |
22 | Yengiyan Mədəniyyət evi | Yengiyan kəndi | Qurbanova Gülbadam Neymət qızı |
23 | Gözbarax Mədəniyyət evi | Gözbarax kəndi | Əzizova Ruhangiz Nəsib qızı |
24 | Mamrux Mədəniyyət evi | Mamrux kəndi | Ibrahimova Esmira Məhəmməd qızı |
25 | Muğanlı Mədəniyyət evi | Muğanlı kəndi | Məmmədova Gülüstan Cəbrayıl qızı |
26 | Lahıc Mədəniyyət evi | Lahıc kəndi | Kərimova Zenfira Əli qızı |
27 | Mosul Mədəniyyət evi | Mosul kəndi | Həbibullayev Şərif Əsədulla oğlu |
28 | Sumaylı Mədəniyyət evi | Sumaylı kəndi | Kamlayev Əyyub Yaqub oğlu |