Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı müəllim: Azərbaycan Ordusunun zəfər yürüşü bizi ruhlandırır, Qələbəyə inamımızı artırır.

30 sentyabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində son günlər qoşunların təmas xəttində yaranan gərginlik, bu təxribatların qarşısının alınması məqsədilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü, uğurlu hərbi əməliyyatlar ölkə vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Zaqatala sakini, Əməkdar müəllim, əsgər anası Elmira Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun döyüş ruhunun olduqca yüksək olması, düşmənə tutarlı cavab verməsi Qələbə gününün uzaqda olmamasına böyük inam yaradır. Rayon ziyalısı deyib: “Torpaqlarımız 30 ildir ki, işğal altındadır. Cəbhə bölgəsindən gələn qələbə xəbərlərini sevinclə izləyirik. Şanlı əsgərlərimiz torpaqlarımıza soxulan erməni qaniçənlərinə sarsıdıcı zərbələr endirirlər. Ordumuzun mətinliyi, qəhrəman əsgərlərimizin vətənpərvərliyi bizi qürurlandırır. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaq”.

Qarabağ, Vətən sevgisinin 30 ildir ki, xalqımızın qəlbində bir məşələ çevrildiyini vurğulayan Elmira Hacıyeva hərbiçilərimizə müraciət edib: “Qəhrəman oğullarımız, gözünüz arxada qalmasın. Başda Ali Baş Komandan olmaqla, hamımız bir nəfər kimi sizin yanınızdayıq. İrəli, Azərbaycan əsgəri! Bu Vətən bizimdir. Sizdən yalnız Qələbə gözləyirik. Qoy uca Tanrı sizləri qorusun!”.

Keçidlər