Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə rəhbəri tərəfindən həyata keçirilən islahatlar

13 may 2020 | 16:00

Hazırda ölkəmizdə dövlət  başçısının siyasi iradəsinə uyğun olaraq yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar reallaşdırılır və dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər həyata keçirilir. Ölkəmizdə dayanıqlı  inkişafı  təmin etmək üçün dövlət  idarəçiliyi  sisteminin  təkmilləşdirilməsi, səmərəliliyin  yüksəldilməsi, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması  məqsədi  ilə  ölkə Prezidenti  tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Struktur, kadr, maliyyə və hüquq sahəsində aparılan islahatlar müəyyən mənada ötən  illərki  islahatların davamı kimi şərh oluna bilər. Yeni keyfiyyət  müstəvisinə  keçid  və dövlət  idarəçiliyinin yeni siyasi mədəniyyət  üzərində  qurulması həm mərkəzi, həm də yerli icra qurumlarını əhatə etməklə, yüksək təhsili, bilik və bacarığı, yenilikci mövqeyi ilə seçilən peşəkar komandanın yüksək postlara təyinatını  göstərir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlarla  yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Ölkə başçısının çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı barədə  dəfələrlə  sərt xəbərdarlıqlarına  baxmayaraq, bəzi məmurlar  öz vəzifələrinə çox məsuliyyətsiz şəkildə yanaşır, mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edirək  hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salırlar.  Nəticə isə göz qabağındadır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən  beş icra başçısı, onların tabeliyində olan şəxslər,  habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi  təmin olunmuşdur.  Prezident tərəfindən ölkədə başlayan inqilabi islahatların bütün sahələri əhatə etməsi xalq tərəfindən güclü dəstəklənir. 
Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlara  qarşı ciddi  mübarizə  aparılacaq, lazım gəlsə, bundan sonra da həbslər silsilə şəklində davam etdiriləcəkdir. Çox üzücü bir haldır ki, ölkədə çox ciddi dəyişikliklərin baş verdiyi bir zamanda hamı səfərbər olur, Prezident müraciət edir, sadə vətəndaşlar belə əllərindən gələni etməyə çalışır, ancaq hakimiyyətdə olan korrupsiyaya uğramış məmurlar islahatlara dəstək vermək əvəzinə ciddi badalaq vururlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin edilməsi də Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini,  cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  yüksək vəzifəli şəxsləri  cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək  barələrində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi əlbəttə ki, hiddətlə qarşılanmalı  və  ən kəskin tərzdə qınanmalıdır.
Bu gün qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində hər bir kəs üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə bu gün  həyata keçirilən  struktur islahatları Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasını və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin edəcək.

Keçidlər