Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Gənclər günü qeyd edilib

02 fevral 2020 | 16:00

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə sonsuz inam və məhəbbətinin nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi həyatda fəallığının artırılması, onların dövlət quruculuğu işinə geniş cəlb olunması, istedadlılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılıb. Azərbaycan gəncləri artıq cəmiyyətimizin ən fəal qurucularına çevriliblər.

Bu fikirlər Gənclər Günü münasibətilə fevralın 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirin əvvəlində ölkə və Zaqatala gənclərinin uğurlarından bəhs olunan film göstərilib.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev çıxış edərək Zaqatala gənclərinin 2019-cu ildə qazandıqları uğurlar barədə danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını söyləyib. Ölkəmizdə gənclərlə bağlı işin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini vurğulayan idarə rəisi deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına böyük töhfələr verir.

Bildirilib ki, ötən il rayonda gənclər siyasəti sahəsində 50, bədən tərbiyəsi və idman sahəsində isə 45 kütləvi tədbir keçirilib. Bu tədbirlərdə minlərlə gənc iştirak edib. Zaqatalanın gənc idmançıları respublika səviyyəli yarışlarda 22 qızıl, 22 gümüş, 28 bürünc medal əldə ediblər. Bundan əlavə, tanınmış idmançılar Gözəl Zutova, İsrafil Şabanov, Oruc Vəlizadə, Əli Məmmədov, İbrahim Nərimanov, Sənan Ramazanov və Məhəmməd Balayev beynəlxalq səviyyəli yarışlarda 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Tədbirdə rayondakı Heydər Əliyev Mərkəzinin elmi işçisi Fatma Fərhadlı “Heydər Əliyev və gənclər siyasəti”, Gənclərin İnkişaf və Karyera Mərkəzini direktoru Şəlalə Şabanova “Könüllülər ili” mövzularında çıxışlar ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir gənclərin hazırladığı maraqlı konsert proqramı ilə başa çatıb.

 

Keçidlər