Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qabaqcıl kənd təsərrüfatı işçiləri mükafatlandırılıb

01 noyabr 2017 | 16:00

Zaqatala rayonunun kənd təsərrüfatı işçiləri peşə bayramlarını – Kənd Təsərrüfatı İşçiləri Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər. Bu da təsadüfi deyil. Son illər aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ilin 9 ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq, 98 milyon 965 min manat olub. Bütün növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb.

Bu barədə Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə noyabrın 1-də Zaqatala şəhərində keçirilən tədbirdə məlumat verilib.

Zaqatalanın qabaqcıl kənd təsərrüfatı işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçirilən tədbirdə idarənin rəisi Xalis Mahalov və rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə çıxış edərək, son illər rayonun aqrar sahəsində əldə olunan uğurlar barədə məlumat veriblər. Bildirilib ki, Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda da zəruri tədbirlər davam etdirilir. Cari ildə rayonda 743 hektar sahədə tütün əkilib. Fermerlər bu günədək 595 ton quru tütün istehsal ediblər. Hazırda sahələrdə tütün yığımı davam edir.

Diqqətə çatdırılıb ki, cari mövsümdə rayonda 21 ton 328 kiloqram yaş barama istehsal olunub. Barama istehsalı əvvəlki illə müqayisədə 3,5 dəfədən çox artıb. İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə ötən ilin payızında rayon ərazisində 2 min 560 hektar, cari ilin yazında isə 598 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə əlavə olaraq 1100 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Tədbirdə “Muxax” İstehsal Kooperativinin sədri Abdulla Mahmudov, fındıq ixracatçısı Zülfiqar Qurbanov, Zaqatala Arıçılar Birliyinin sədri Mövluddin Qurbanəliyev və digər fermerlər çıxış edərək, dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, bu qayğıya əməli işləri ilə cavab verəcəklərini, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam ödənilməsi üçün daha səylə çalışacaqlarını bildiriblər.

Tədbirin sonunda aqrar sahədə səmərəli fəaliyyətinə görə bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər