Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

07 sentyabr 2017 | 16:00

Təhsil cəmiyyətin inkişafını şərtləndirən başlıca amillərdən, hər bir dövlətin gələcək inkişaf strategiyasında mühüm rol oynayan əsas prioritetlərdən biridir.

Bu fikir Zaqatala rayon təhsil işçilərinin sentyabrın 7-də Heydər Əliyev Mərkəzində keçirilən ənənəvi sentyabr konfransında səsləndirilib.

Rayonun təhsil işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun hesabat məruzəsində 2016-2017-ci dərs ilinin yekunları geniş təhlil olunub, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs edilib.

Bildirilib ki, bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının gündən-günə artmasının, dünya təhsilinə qovuşmasının təməlində Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur.

Diqqətə çatdırılıb ki, ötən dərs ilində rayonda 65 ümumtəhsil məktəbi, həmçinin 41 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Məktəb binalarından 54-ü birtipli layihə əsasında tikilib, 11 məktəb uyğunlaşdırılmış binalarda yerləşdirilib. Rayonun ümumtəhsil məktəblərində təhsil alan 16 min 372 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2 min 377 müəllim məşğul olub.

Bildirilib ki, hazırda təhsil sistemində səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmunun yaradılması, insan resurslarının müasirləşdirilməsi, şəffaf, səmərəli idarəetmə mexanizminin, təhsil infrasturukturunun yaradılması ilə əlaqədar mühüm işlər görülür. Müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirməsinin keçirilməsi onların əməyinin stiumullaşdırılmasına yönələn tədbirlərdəndir. Cari ilin mayında bölgə üzrə keçirilən müəllimlərin bilik bacarığının diaqnostik qiymətləndirilməsində Zaqatala rayonu üzrə 2 min 42 müəllim iştirak edib, onlardan 6 nəfəri 59 bal toplayıb. Rayon üzrə orta bal göstəricisi 37 bal təşkil edib.

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu vurğulayan təhsil şöbəsinin müdiri sənəd vermiş 455 məzundan 381 nəfərinin, yəni imtahanda iştirak edənlərin 78 faizinin tələbə adını qazandığını diqqətə çatdırıb. Bundan əlavə, əvvəlki illərin məzunlarından 20 nəfər ali məktəblərə daxil olub. Bildirilib ki, qəbul imtahanlarında məzunlardan 46-sı 500-dən, 19-u isə 600-dən yuxarı bal toplayıb. İmtahanlarda Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu Yusifli Səyyad rayon üzrə hamıdan çox (690) bal yığıb. O, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.

Ötən tədris ilində Suvagil kənd 1 nömrəli tam orta məktəbin müəllimi Rəfael İsmayılov “Tərəqqi” medalı ilə təltif olunub.

Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov və Təhsil Nazirliyinin məsul nümayəndəsi Əsgər Quliyev çıxış edərək təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.

Sonda bir qrup qabaqcıl təhsil işçisi mükafatlandırılıb.

  

Keçidlər