Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada uşaqlara əsil bayram sevinci bəxş olunub

01 iyun 2017 | 16:00

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Zaqatalada təşkil edilən silsilə bayram tədbirləri balacalara xoş əhval-ruhiyyə, əsil əyləncə yaşadıb. Silsilə tədbirlər çərçivəsində Zaqatala şəhərindəki “Tumurcuq” uşaq bağçasında təşkil edilən bayram şənliyində rayonda fəaliyyət göstərən uşaq bağçalarının kollektivləri təqdim etdikləri rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına, valideynlərə xoş anlar bəxş ediblər. Çıxış edənlər dövlətimiz tərəfindən uşaqlara daim yüksək diqqət və qayğı göstərildiyini, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, hər cür şəraiti olan bu uşaq bağçası da Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə şəhərin Dədə Qorqud Meydanında da uşaqlar üçün “Dünyaya sülh bəxş edək” adlı bayram tədbiri keçirilib. Tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgilərlə tanış olub, balaca musiqiçilərin ifalarına qulaq asıblar. Əlamətdar bayram münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı attraksion və yelləncəklər iyunun 1-də günün ikinci yarısında uşaqlara pulsuz xidmət göstərib. Parkda təşkil edilən bayram tədbirində uşaq incəsənət məktəbinin kollektivi maraqlı konsert proqramı ilə hamıya xoş ovqat bəxş edib.

Keçidlər