Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində Qələbənin ildönümü Şəki-Zaqatala bölgəsində silsilə tədbirlərlə qeyd olunub

09 may 2017 | 16:00

İkinci Dünya müharibəsi veteranlarının keçdiyi qəhrəmanlıqlarla dolu şərəfli həyat yolu bugünkü gənclərə əsl nümunədir. Bu fikir faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Zaqatalada keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və müharibə veteranları, həmçinin bayram tədbirində iştirak edən Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri əvvəlcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzüb, igid həmyerlilərinin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin burada ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Mərkəzin kafesində çay süfrəsi ətrafında davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müharibə iştirakçılarını faşizm üzərində Qələbənin ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsində iştirak edən 6200 zaqatalalı döyüşçünün yarıdan çoxu cəbhədən geri qayıtmayıb.
Vurğulanıb ki, hər yerdə olduğu kimi, Zaqatala rayonunda da müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar. Hazırda rayonda 5 nəfər 1941-1945-ci illər müharibəsinin iştirakçısı yaşayır. Onların şərəfli ömür yolu zaqatalalı gənclərə əsl nümunə, örnəkdir.
Sonra rayon icra hakimiyyəti tərəfindən veteranlara maddi yardım göstərilib.

Keçidlər