Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada sənaye məhsulu istehsalı iki dəfəyədək artıb

10 fevral 2017 | 16:00

Ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, 2016-cı ildə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Hesabat ilində rayonda 292,4 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 17,5 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfəyə yaxın, pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,7 faiz, pullu xidmətlərin həcmi isə 11,9 faiz artıb. Ötən il rayonda 2482-si daimi olmaqla, 3824 yeni iş yeri açılıb.

Bu barədə fevralın 10-da Zaqatalada 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə 2016-cı ildə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133,5 hektar artırılaraq 601,5 hektara çatdırılıb, 528 ton quru tütün istehsal olunub. Fermerlər tütün məhsullarının ixracından 11,9 milyon manat gəlir əldə ediblər.

Qeyd olunub ki, ötənilki mövsümdə rayonda 1,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl edərək, 6 tondan çox yaş barama istehsal ediblər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə ötən il rayon ərazisində 147 min ədəd tut tingi əkilib. Cari ildə rayonda barama istehsalının 13,5 tona çatdırılması nəzərdə tutulur.

İxracyönümlü sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 2560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16,4 min hektara çatdırılıb. 2016-cı ildə zaqatalalı fermerlər fındıq ixracından 91 milyon manatdan çox gəlir əldə ediblər. Rayonda yeni fındıq bağlarının salınması istiqamətində işlər cari ildə də davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Bu sahənin inkişaf etdirilməsi, yeni gül plantasiyasının salınması məqsədi ilə ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül tingi, 25 hektar sahədə isə 500 min ədəd “lavanda gülü” əkilib. Tezliklə bu ərazidə yeni gül emalı zavodunun tikintisinə başlanılacaq.

Qeyd olunub ki, hesabat dövründə rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 30 layihə üzrə 268 min manat güzəştli kredit verilib. Dövlətimizin başçısının əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə ötən il rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində Sosial Ticarət Mərkəzinin yaradılması üçün layihələndirmə işlərinə başlanılıb. Layihəyə əsasən, ərazidə tikiləcək 20-yə yaxın müxtəlif təyinatlı istehsal obyektində 1100-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Yığıncaqda, həmçinin 2016-cı ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

Milli Məclisin deputatları Kamilə Əliyeva, Elşən Musayev, Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2016-cı ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.

Sonra 2016-cı ildə səmərəli fəaliyyətinə görə bir qrup şəxs fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Yığıncağın sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər