Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü qasırğa Zaqatala ciddi fəsadlar törədib

23 iyul 2016 | 16:00

İyulun 22-də axşam saatlarında Zaqatalada leysan yağışı ilə müşayiət olunan qasırğa nəticəsində bir sıra sosial obyektlərə, fərdi evlərin, çoxmənzilli yaşayış binalarının dam örtüyünə, elektrik, rabitə, təbii qaz və su təsərrüfatına ciddi ziyan dəyib.

Təbii fəlakət nəticəsində şəhərdə 11 çoxmənzilli yaşayış binasının, Mədəniyyət Mərkəzinin, 39 fərdi evin 4 min 470 kvadratmetr ölçüdə metal və şifer dam örtüyü yararsız vəziyyətə düşüb. Rayon ərazisində 30-a yaxın irigövdəli ağacın aşması nəticəsində şəhər təsərrüfatına, yaşayış binalarına və abadlıq qurğularına ciddi ziyan dəyib. Vətəndaşlara məxsus 8 minik avtomobili zədələnib. Güclü qasırğa rayon elektrik şəbəkəsinə məxsus 4 elektrik dayağını, 200 metr SİP kabel xəttini, 600 metr AS-50 məftili, həmçinin rabitə təsərrüfatına məxsus 25 dayağı, 900 metr naqili və 300 metr TPP kabeli sıradan çıxarıb.

Hadisədən dərhal sonra rayon fövqəladə hallar komissiyası tərəfindən yerlərə baxış keçirilib və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb. İlk növbədə yollar təmizlənib, elektrik enerjisinin verilişi bərpa olunub.

Təbii fəlakətin fəsadlarının tam aradan qaldırılması üçün ehtiyac duyulan materialların ayrılmasına kömək göstərilməsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət edilib.

Keçidlər