Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın Muxax kəndində su təchizatı sistemi istifadəyə verilib

22 iyun 2016 | 16:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində iyunun 22-də Zaqatala rayonunda daha bir layihənin icrası uğurla başa çatıb.

Muxax kəndində su təchizatı sisteminin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 9 ildir ki, uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatala rayonunda bu layihə də daxil olmaqla, ümumi dəyəri 711 min 813 ABŞ dolları olan 7 layihə reallaşıb. Həmin layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edir.

Zaqatala rayonuna növbəti səfərindən məmnun qaldığını vurğulayan səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.

Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında 2016-cı ilin fevralında imzalanıb. Layihənin əsas məqsədi Zaqatala rayonunun Muxax və Qımır kəndlərinin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 90 min 832 ABŞ dolları təşkil edir.

Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

Keçidlər