Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Zaqatalanın kəndində su təchizatı layihəsi icra olunub

27 iyul 2021 | 16:00

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iyulun 27-də Zaqatala rayonunda olub.
Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Zaqatala rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, həmçinin Yaponiya hökumətinin dəstəyi ilə reallaşan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 2007-ci ildən uğurla davam etdirilir. Dost ölkənin qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatalada məktəb tikintisi, tibb və ekologiya, su təchizatı və digər sahələri əhatə edən 10-dək layihə reallaşıb.
Zaqatalaya səfəri çərçivəsində səfir Cuniçi Vada Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonun Zəyəm kəndində həyata keçirilən “İçməli su təchizatı sisteminin inşası” layihəsinin icrasının başa çatması münasibətilə təşkil edilən mərasimdə iştirak edib. Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə işlər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs Mərkəzi” İctimai Birliyi arasında imzalanan müqavilə əsasında yerinə yetirilib. Yaponiya hökumətinin “Zaqatala rayonunun Zəyəm kəndində içməli su təchizatı sisteminin inşası” layihəsi üzrə ayırdığı qrant yardımının ümumi məbləği 54 min 453 ABŞ dolları təşkil edib. Layihədən kəndin iki min nəfərədək sakini bəhrələnəcək.
İçməli su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

Keçidlər