Zaqatalalılar Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini anıblar
Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Cəmi 44 gün davam edən bu müharibədə Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovdu. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində qazanılan Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaq.
Bu fikirlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı rayon tədbirində səsləndirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, “Zəfər kompleksi” abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Vətən müharibəsi şəhidi Əhməd Laçınovun anası Züleyxa Laçınova, müharibə iştirakçısı Laçın Gülüyev, Milli Məclisin deputatı Asif Əsgərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zaqatala rayon şöbəsinin sədri Telman Ramazanov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində, eləcə də ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi, nəsillər ötdükcə ürəklərdə yaşayacaq.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.