Zaqatalalı kümçülərə 450 qutu ipəkqurdu paylanılacaq
29 aprel 2026 | 10:22
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti mayın 5-8-də başa çatacaq və əldə olunacaq ipəkqurduları bölgü əsasında rayonun kümçülərinə paylanılacaq.
Cari mövsümdə barama yetişdirmək üçün 250-dək kümçü ilə müqavilə bağlanılıb. Barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün təsərrüfatlarda zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.






