Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı kümçülər indiyədək qəbul məntəqəsinə 14 tondan çox yaş barama təhvil veriblər

17 iyun 2022 | 10:51

Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək rayondakı Baramaqurutma Müəssisəsinə 14 ton 18 kiloqram yaş barama təhvil veriblər.

Builki mövsümdə rayonda yaş barama istehsalının 30 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 221 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 750 qutu, yəni 14 kiloqram 250 qram ipəkqurdu paylanılıb.

Muğanlı kəndindən Zaman Musayev hələlik müəssisəyə rayon üzrə hamıdan çox – 281 kiloqram yaş barama təhvil verib. Kümçü builki mövsümdə 115 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub. Faldarlı kəndindən Qəhrəman Məmmədov bu günədək müəssisəyə 212 kiloqram, Danaçı kəndindən Çingiz Ömərov 188 kiloqram, Qandax kəndindən Elvin Şəkərov isə 158 kiloqram yaş barama təhvil veriblər.

Müəssisədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Keçidlər