Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yaş barama tədarükünə başlanıldı

08 iyun 2022 | 09:22

İyunun 7-də Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda iki il əvvəl istifadəyə verilən Baramaqurutma Müəssisəsinə kümçülər tərəfindən 788 kiloqram yaş barama gətirilib.

 Builki mövsümdə rayonda yaş barama istehsalının 30 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 221 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 750 qutu, yəni 14 kiloqram 250 qram ipəkqurdu paylanılıb. 650 nəfərədək kənd sakini barama yetişdirilməsi ilə məşğul olur.

Cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Mustafa Səmədov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 121 kiloqram gəlib.  

Rayonun Zəyəm kəndindən Allahverdi Şıxıyev isə dördüncü ildir baramaçılıqla məşğul olur. Kümçü builki mövsümdə 5 qutu, yəni 95 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub. Mövsümün ilk günündə müəssisəyə 205 kiloqram yaş barama təhvil verib. Bu il Zəyəm kəndində 4 ailə baramaçılıqla məşğul olur. Onlara 4 qutu ipəkqurdu paylanılıb.

Yeni Suvagil kənd sakini Fatma Əzizova da baramanın alış qiymətinin artırılmasından razılıq edir. O, uzun illərdir ki, baramaçılıqla məşğuldur. Bu il 200 kiloqram yaş barama istehsal etməyi qarşısına məqsəd qoyub.

Müəssisədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

Keçidlər