Zaqatalada “Şuşa böyük qayıdışın şah əsəridir” adlı tədbir təşkil olunub
Şuşanın Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Bu qədim şəhəri təsadüfən Azərbaycanın mədəniyyət paytaxtı adlandırmırlar. Şuşa musiqi, ədəbiyyat və xalçaçılığın mərkəzi, təbiət gözəllikləri və tarixi-mədəni irsin vəhdət tapdığı unikal məkandır.
Bu fikirlər “Şuşa İli” çərçivəsində iyulun 15-də Zaqatala rayonunun Aşağı Tala kəndində keçirilən “Şuşa böyük qayıdışın şah əsəridir” adlı tədbirdə səsləndirilib.
Kəndin icra nümayəndəliyi, bələdiyyə, Sənətkarlıq evi və kitabxana filiallarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsinin iştirakçıları, gənclər iştirak ediblər.
Rayon icra hakimiyyətinin rəhbər şəxsləri və tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkə başçısı İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu vurğulayıb. Bildirilib ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Diqqətə çatdırılıb ki, hazırda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində çox böyük bərpa və quruculuq işləri həyata keçirilir.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Qarabağda aparılan quruculuq işlərindən, Şuşanın Azərbaycan üçün əhəmiyyətindən bəhs ediblər.
Çıxışlardan sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, torpağa, Vətənə aid şeirlər səsləndirilib, milli rəqslər ifa olunub.