Zaqatalada selin fəsadları aradan qaldırılır.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları rayonun ən iri çaylarından olan Muxaxçay və Tala çaylarında sululuğun artmasına səbəb olub. Muxaxçaydan qısa müddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması nəticəsində Bəhmətli kəndinin fındıq bağlarına və həyətyanı sahələrinə sel suları dolub.
Sel və daşqın fəsadlarının aradan qaldırılması məqsədi ilə əraziyə rayon suvarma sistemləri idarəsinin ağır texnikası və maşınları cəlb edilib.
Daşqın zamanı Mamrux kəndinin bir hissəsinin rayonla əlaqəsi kəsilib. Tala çayında sululuğun artması nəticəsində rayonun Höytala və Yolayrıc kəndlərində subasma təhlükəsi yaşanıb. Bəhmətli kəndində sakinlərin evlərinin zirzəmilərinə və təsərrüfat sahələrinə su dolub.
Səhər saat 5 radələrindən etibarən subasmaya məruz qalan Yevlax-Zaqatala-Gürcüstan magistralında təmizləmə işlərinə başlanılıb və magistralda hərəkət təmin olunub.Muxaxçayda selin qarşısını almaq üçün daha dörd texnika da hazırda Çobankol kəndi ərazisində sahilbərkitmə və məcra dərinləşdirməklə məşğuldur.
Fəsadların aradan qaldırılması istiqamətində işlər gün boyu davam etdirilib. Belə ki, Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin balansında olan bütün ağır texnikalar ərazilərə cəlb olunub.
Gözlənilən təhlükə nəzərə alınaraq komissiya üzvlərinin iştirakı ilə maşın və texnikalar gecə növbətçiliyinə cəlb edilib.