Zaqatalada “Qəhrəman yurdun xoşbəxt uşaqları” adlı bayram şənliyi keçirilib
20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Qəhrəman yurdun xoşbəxt uşaqları” adlı bayram şənliyi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram şənliyinin iştirakçıları “Xoşbəxt uşaqlar” mahnısının sədaları altında zala daxil olublar. Dövlət Himninin oxunmasından sonra uşaqlara aid videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova ölkəmizdə uşaqların müdafiəsinin, onların hüquq və azadlıqlarının təmin edilməsinin, rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Bildirilib ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl iş aparılır.
Bayram şənliyi rayonun məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan istedadlı uşaqların çıxışları ilə davam edib.