Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada mövsümün ilk günündə 493 kiloqram yaş barama təhvil verilib

03 iyun 2025 | 09:41

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 18 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 144 kümçü ilə müqavilə bağlanılıb, onlara 450 qutu, yəni 8 kiloqram 550 qram ipəkqurdu paylanılıb.

İyunun 2-dən Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən barama qəbulu və qurutma məntəqəsinə kümçülər tərəfindən 493 kiloqram yaş barama təhvil verilib.

Cari mövsümün ilk məhsulunu məntəqəyə Mosul kənd sakini Murtuz Mədətov təhvil verib. Onun gətirdiyi yaş baramanın çəkisi 63,5 kiloqram olub. Mövsümün ilk günündə Uzuntala kəndindən İlahə Xaşayeva məntəqəyə 169,5 kiloqram, Maqov kəndindən Nəsrullah Məmmədov 109 kiloqram, Yuxarı Tala kəndindən Tahir Hüseynov 101 kiloqram, Danaçı kəndindən Yaşar Əliyev isə 50 kiloqram yaş barama təhvil veriblər.

Kümçülərdən yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdirilir. Kümçülərə əvəzsiz olaraq 6 min qutu ipəkqurdu paylanılıb. Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyasında, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində, həmçinin Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.

 

Keçidlər