Zaqatalada dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıblar
Dövlət qulluqçuları Azərbaycanda demokratik, hüquqi dövlət qurulması prosesində mühüm rol oynayır, dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edirlər.
Bu fikir Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə iyunun 23-də Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsini, həmçinin Şəhidlər xiyabanını və Zəfər kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdə çıxış edərək, ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolu barədə danışıb. Bildirilib ki, dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir.
Çıxış edənlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olunub.