Zaqatalada bayram yarmarkası
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə dekabrın 28-də Zaqatala şəhərinin mərkəzi küçəsində, sakinlərin gediş-gəlişinin sıx olduğu yerdə bayram satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından 10-20 faiz ucuz qiymətə təklif olunur. Yarmarkada mal və qoyun ətinin bir kiloqramının qiyməti 9-10 manatdır. Bazarda kiloqramı 8-9 manata satılan balıq yarmarkada növündən asılı olaraq kiloqramı 5-6 manata satılır. Alma, heyva, nar, sitrus meyvələri və digər məhsullar da bazardakından ucuzdur.
Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razı qaldıqlarını bildirirlər.
Bayram satış yarmarkası iki gün davam edəcək.