Zaqatalada Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilir
Zaqatala rayonunda meşə fondu ərazilərində Amerika ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində AXA tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr səfərbər olunaraq mübarizə tədbirlərinə cəlb olunub. Həmçinin monitorinqlərə və mübarizə tədbirlərinə AXA-nın yerli mütəxəssisləri cəlb edilib.
Cari ilin yanvar ayından bu günədək ümumilikdə 2455 hektar sahədə müşahidə aparılıb, 1137 hektarda sirayətlənmə qeydə alınıb, 1137 hektarda mübarizə tədbirləri aparılıb. Hazırda AXA-nın yerli mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd olunub ki, Amerika ağ kəpənəyinin tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir, bəzi illərdə isə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçikyaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçikyaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Onun yayılmasının qarşısını almaq üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə tətbiqi zəruridir.
Ümumilikdə isə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə zərərverici aşkar edildiyi hallarda aidiyyəti yerli qurumlara məlumat verilməlidir. Yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.






