Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyi fermerləri keyfiyyətli toxumla təmin edir

01 fevral 2023 | 10:18

Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Nazirliyin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyi uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərinin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır.

Müəssisənin əsas təsərrüfat fəaliyyəti dənli taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, yüksək reproduksiyalı super elit və elit toxumların artırılması, eyni zamanda, yeni sortların yaradılması və toxumçuluq təsərrüfatlarına tövsiyə edilməsindən ibarətdir. Birliyin əməkdaşları dənli və texniki bitkilərin seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması istiqamətində elmi-tədqiqat işlərini rayonun 3 müxtəlif sahəsində həyata keçirirlər. Buraya dəniz səviyyəsindən 500 metr hündürlükdə, dağətəyi zonada yerləşən Pərzivan və dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşən Tasançöl sahələri, həmçinin dəniz səviyyəsindən 220 metr hündürlükdə yerləşən, Alazan vadisini əhatə edən Danaçı məntəqəsi daxildir.

2022-ci ildə müəssisədə 123,3 ton super elit və elit buğda, 50,1 ton arpa toxumu istehsal edilərək, Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında taxılçılıqla məşğul olan rayonların toxumçuluq təsərrüfatına verilib. Eyni zamanda, keçən il müəssisədə 2 tondan çox yüksək reproduksiyalı qarğıdalı toxumu da istehsal edilib. Stansiyada quraşdırılmış toxumtəmizləmə qurğusundan yerli fermerlər də faydalanıblar. Belə ki, ötən il bu qurğunun köməyi ilə fermerlərə məxsus 100 tonadək buğda və arpa təmizlənib.

2023-cü ilin məhsulu üçün 112,7 hektarı buğda, 12 hektarı arpa olmaqla, 124,7 hektara taxıl səpilib. Martın axırı - aprelin əvvəllərində 10 hektarda qarğıdalı əkilməsi də nəzərdə tutulur.

Hazırda Zaqatala Yardımçı Təcrübə Təsərrüfatı Birliyində 19 əməkdaş çalışır. Müəssisə mövcud perspektivli sortların artırılması, yeni, daha yüksək keyfiyyət göstəricilərinə malik sortların yaradılması, özəl fermer təsərrüfatlarına yeni məhsuldar sortlar barədə məlumat və tövsiyələrin verilməsi istiqamətində elmi-tədqiqat və təsərrüfat fəaliyyətini davam etdirir.

Keçidlər