Zaqatala sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib
Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti görüş iyulun 8-də Zaqatala rayonunda baş tutub.
Aksiyaya üz tutan sakinlər qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar səyyar qəbul otağının imkanlarından istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev və Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq lazımi izahatlar veriblər.