Zaqatala rayonunda aqrar sektorun inkişafı istiqamətində işlər davam etdirilir
Noyabrın 19-da Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Zaqatala rayonunda görülən işlərlə tanış olublar.
Bu məqsədlə Agrarco MMC-nin Zaqatala rayonunda yerləşən intensiv bağçılıq təsərrüfatına baxış keçirilmiş, nümayəndələr təsərrüfatın fəaliyyəti ilə yerində tanış olmuşlar. Məlumat üçün bildiririk ki, bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər qarşıya vəzifə olaraq qoyulmaqla fındıq bağlarının sahəsinin əlavə 230 hektar artırılaraq 600 hektara çatdırılması, məhsuldarlığın 21 sentnerə, ümumi məhsul istehsalının isə 513 tondan 1001 tona çatdırılması nəzərdə tutulmuşdur. Belə ki, artıq İsraildən 1,4 mln manat dəyərində suvarma avadanlıqları, eləcə də İtaliyadan 168,0 min manat dəyərində 5 ədəd dərman və herbisid çiləyicilər alınmış və bununla da təsərrüfatı maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər davam etdirilir.
Bundan başqa, fiziki şəxs qismində fəaliyyət göstərən Ayaz Allahverdiyev tərəfindən meyvə və giləmeyvə məhsullarının konservləşdirilməsi və sirop istehsalı üzrə layihə çərçivəsində ümumi sahəsi 240 kv.m olan, illik 1500 ton emal gücü nəzərdə tutulan istehsal binasının tikintisi başa çatdırılmışdır. Müəssisə üçün paslanmayan parlaq metaldan hazırlanmış avadanlıqlar alınmış, oraya su xətti çəkilərək 25 ton tutumlu ehtiyat su çəni və 20 ton tutumlu soyuducu quraşdırılmışdır. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən obyektin istismarına icazə sənədi artıq təqdim olunmuşdur.
Yuxarı Tala kənd sakini, arıçılıq damazlıq təsərrüfatının rəhbəri Mövlüddin Qurbanəliyev tərəfindən rayonda arı təsərrüfatının inkişaf etdirilməsi, həmçinin bal istehsalının artırılması üçün 600 yeni arı pətəyi alınaraq arı ailələrinin sayının 1200-ə, bal istehsalının isə 11 tondan 25 tona çatdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə süni mayalanma avadanlığı alınmaqla, arı pətəklərinin və pətəklər üçün çərçivələrin hazırlanması istiqamətində işlər davam etdirilir.
Rayonun Danaçı kənd sakini Süleymanov Süleyman Məhəmmədrəsul oğluna məxsus heyvandarlıq təsərrüfatında mövcud köhnə mal damının söküntüsü başa çatdırılmış, yeni 325 kv.metr müasir tipli mini fermanın tikintisi aparılaraq dam örtüyü vurulmuşdur. Fermanın İribuynuzlu heyvandarlıq (südlük) istiqamətində fəaliyyəti üçün 12 baş heyvan artıraraq 15 başa, süd istehsalının 20 tondan 100 tona çatdırılması məqsədilə müvafiq tədbirlər görülməkdədir.
“Tabaterra Leaf” MMC tərəfindən 250 ha ərazidə tütün istehsalının arıtırlması üçün 14 ədəd “Tambur”suvarma sisteminin qurulması başa çatdırılmışdır.
“AzerNuts” MMC meyvəçiliyin inkişaf etdirilməsi məqsədi ilə 30 ha ərazidə yeni xurma bağın salınmasını nəzərdə tutmuşdur. Artıq ərazidə artezian və suvarma gölü qazılmışdır. Xurma tinglərinin əkilməsinə mart ayında başlanacaqdır.
Orucov İsmayıl Oruc oğlu tərəfindən 3 ha sahədə “Avatar” növünə aid üzüm bağının salınması məqsəi ilə ərazi kol-kosdan təmizlənmiş, hazırda tinglərin əkilməsi üçün şumlama və malalama işləri aparılır.
Soltanov Abdurəhman Nəbi oğlu tərəfindən yun emalı və yapıncı istehsalı müəssisəsinin yaradılması layihəsi çərçivəsində zəruri avadanlıqların alınması məqsədilə Türkiyə Respublikasının müvafiq şirkətləri ilə danışıqlar aparır.
Baxış zamanı sahibkarların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklərlə maraqlanılıb, onların təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. İclasda Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Həyata keçirilən tədbirlər Zaqatala rayonunun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu istiqamətdə işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.






