Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala qadınları rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayırlar

09 mart 2023 | 09:21

Cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən Azərbaycan qadını bu gün dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə ləyaqətlə təmsil olunur, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verirlər.

Bu fikir 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 7-də rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, Mərkəzin foyesində Zaqatala qadınlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Rayonun rəhbər işçilərinin, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarının, həyat yoldaşları və övladlarının, fəal qadınların iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qadınları əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadınının müstəqil respublikamızda cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyə olunması, Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli bir işi öz üzərilərinə götürüb və bu işin öhdəsindən layiqincə gəliblər.

Ölkəmizdə qadın siyasətinin formalaşdırılmasının, qadın hərəkatının gücləndirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra hakimiyyətinin başçısı 1993-cü ildə xalqın istəyi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra qadınların ictimai-siyasi həyatda fəallığının, dövlət idarəçiliyində təmsilçiliyinin daha da artdığını və onların bütün sahələrdə kişilərlə çiyin-çiyinə çalışaraq cəmiyyətimizin bərabərhüquqlu üzvlərinə çevrildiyini vurğulayıb.

Konfransda YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov çıxış edərək, qadınların ictimai-siyasi və mədəni həyatımızdakı fəal rolundan, rayonun sosial-iqtisadi inkişafına verdikləri töhfələrdən ətraflı bəhs ediblər. Bildirilib ki, ömrü boyu qadına böyük hörmət, dərin məhəbbət hissi bəsləyən Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun artmasına xüsusi diqqətlə yanaşıb, ölkə iqtisadiyyatının idarə olunmasında onlara həmişə üstünlük verib. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Şəhid anası Səlminaz Allahyarova çıxışında Vətən uğrunda canından keçən qəhrəman övladı ilə fəxr etdiyini vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər