Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC tütün əkini ilə əlaqədar 62 fermerlə müqavilə bağlayıb

07 mart 2024 | 10:36

“Zaqatala AGRO İndustry” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan rayonlarda builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlanılıb. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında, ümumilikdə, 62 fermerlə müqavilə bağlanılıb.

Əvvəlki illərdən fərqli olaraq, bu il fermerlərlə müqavilə hektara görə deyil, təhvil verəcəkləri yaş tütünün tonuna görə bağlanılıb. Belə ki, bağlanmış müqaviləyə əsasən, Şəki rayonunun fermerləri mövsüm ərzində müəssisəyə 2545 ton, Qax rayonunun fermerləri 2290 ton, Zaqatala fermerləri 2210 ton, Balakən fermerləri 250 ton, Oğuz rayonunun fermerləri isə 1640 ton “Virciniya botaniki” növlü yaş tütün təhvil verməlidirlər.

Hazırda müəssisənin istixana təsərrüfatında tütün şitillərinin yetişdirilməsi işlərinə başlanılıb. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün müəssisənin özündə ümumi sahəsi 12 min kvadratmetrdən çox olan 48 istixana quraşdırılıb. Onlardan 20-si kiçik, 28-i isə böyük ölçülüdür. Kiçik istixanaların hər biri 6,5 hektar, böyük ölçülü istixanaların hər biri isə 13 hektar sahəni tütün şitili ilə təmin edəcək. Tütün toxumları ABŞ-dan gətirilib. İstixanalarda yetişdiriləcək şitillər aprelin ortalarında sahələrə köçürüləcək.

Keçidlər