Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi istehsalçılardan 294 ton yaş tütün qəbul edib

15 iyul 2024 | 10:08

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 356,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 294 tondan çox yaş tütün kütləsi daxil olub.

Tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 38 fermerlə müqavilə bağlanılıb. Qax rayonundan fermer Rahib Əliyev indiyədək qəbul məntəqəsinə 25,7 ton, Füzuli Əliyev 18,9 ton, Elmir Ramazanov 15 ton, Şəkidən fermer Elxan Hacıəliyev 17,9 ton, Orxan Məmmədov 13,3 ton, Zaqataladan Akif Kələşov 15,8 ton, Məftun İsmayılov 14,6 ton, Balakəndən Nurlan Əhmədov isə 18,6 ton yaş tütün təhvil veriblər. İndiyədək təhvil verilən yaş tütünün 72,5 tonu birinci, 219,4 tonu ikinci, qalanı isə üçüncü növdür. Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 22 qəpik ödənilir.

Hazırda “Tet İnternational Development” şirkətinin Azərbaycanda 4 tütünqurutma müəssisəsi var. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür. Bu məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb.

Keçidlər