“Zaqatala AGRO İndustry” MMC bu il şimal-qərb rayonlarında 356,7 hektar sahədə tütün əkəcək
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 356,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Fermerlər indiyədək 300 hektaradək sahəyə tütün şitilləri köçürüblər.
Tütün istehsalı ilə bağlı bu il həmin rayonlarda 36 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 238 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə fermerlər fərdi müqavilələr üzrə şirkət tərəfindən verilmiş toxumla təsərrüfatlarında 118,7 hektar sahədə tütün əkəcəklər. İndiyədək Balakən rayonunda 14 hektar, Zaqatalada 183,6 hektar, Qaxda 80 hektar, Şəki rayonunda isə 19,3 hektar sahəyə tütün şitilləri köçürülüb. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün müəssisənin özündə ümumi sahəsi 12 min kvadratmetrdən çox olan 48 ədəd istixana quraşdırılıb. Tütün toxumları ABŞ-dan gətirilib.
Müəssisədən verilən məlumata görə, 2022-ci ildə tütünqurutma məntəqəsində 311 ton quru tütün istehsal olunub. Quru tütün əsasən Rusiya bazarlarına ixrac olunub.