“Yol hərəkətinin təşkili”
Yol hərəkətinin təşkili cəmiyyətin təhlükəsizliyi, insanların həyat və sağlamlığının qorunması, nəqliyyat vasitələrinin fasiləsiz və səmərəli hərəkətinin təmin olunması üçün həyata keçirilən mühüm fəaliyyət sahəsidir. Müasir dövrdə avtomobillərin sayının artması, şəhərlərin genişlənməsi və əhali sıxlığının yüksəlməsi yol hərəkətinin düzgün təşkilini daha da vacib etmişdir. Yol hərəkətinin təşkili yalnız sürücülərin deyil, piyadaların, velosipedçilərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə yönəlmiş kompleks tədbirlər sistemidir. Yol hərəkətinin təşkili dedikdə, küçə və yollar üzərində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə tətbiq olunan hüquqi, texniki və inzibati tədbirlər başa düşülür. Bu tədbirlərə yol nişanlarının quraşdırılması, svetoforların tənzimlənməsi, yol cizgilərinin çəkilməsi, sürət hədlərinin müəyyən olunması, piyadalar üçün keçidlərin yaradılması və nəqliyyat axınının idarə edilməsi daxildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu fəaliyyət həm yol infrastrukturunun düzgün qurulmasını, həm də mövcud yolların qanunvericilik çərçivəsində tənzimlənməsini tələb edir. Yol hərəkətinin əsas prinsipləri insan həyatının üstünlüyü, kompleks yanaşma, ekoloji səmərəlilikdir. İnsan həyatının üstünlüyü prinsipinə əsasən yol hərəkətinin təşkilində ən əsas prinsip iqtisadi və ya digər mənfəətlərdən asılı olmayaraq, hərəkət iştirakçılarının, xüsusilə piyadaların təhlükəsizliyinin qorunmasıdır. Kompleks yanaşma prinsipinə əsasən nəqliyyatın idarə edilməsi zamanı həm sürücülər, həm sərnişinlər, həm də piyadaların maraqları eyni dərəcədə nəzərə alınmalıdır. Ekoloji səmərəlilik prinspinə əsasən isə nəqliyyat axınının düzgün bölüşdürülməsi ilə izafi yürüşlərin və atmosferə atılan zərərli qazların minimuma endirilməlidir.
Müasir dünyada urbanizasiya və əhalinin rifah halının yüksəlməsi şəhərlərdə avtomobillərin sayının sürətlə artmasına səbəb olur. Bu artım fonunda yolların ötürücülük qabiliyyətinin düzgün idarə edilməməsi tıxaclara, vaxt itkisinə, iqtisadi zərərə və ən əsası, yol-nəqliyyat hadisələrinin çoxalmasına şərait yaradır. Yol hərəkətinin düzgün təşkili sadəcə yollara nişan qoymaq deyil, həm də insan həyatını qoruyan və şəhər iqtisadiyyatını canlandıran strateji bir elmdir. Əvvəllər tıxacların həlli yolu kimi yalnız yeni yolların salınması və ya mövcud yolların genişləndirilməsi görülürdü. Lakin müasir şəhərsalma elmi sübut edir ki, yollar genişləndikcə ora daha çox avtomobil cəlb olunur. Bu səbəbdən müasir təşkilatlanma fərqli prinsiplərə əsaslanır. Azərbaycanda yol hərəkətinin təşkilinin planlaşdırılması və icrası konkret qurumların səlahiyyətlərinə daxildir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) küçə və prospektlərdə hərəkət sxemlərinin hazırlanması, avtobus zolaqlarının təşkili və nəqliyyat layihələrinin icrasını həyata keçirir. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən yol hərəkətinin düzgün təşkili şəhərlərdə həm vaxt itkisinin qarşısını alır, həm də yol-nəqliyyat hadisələrinin sayını kəskin şəkildə azaldır.
Yol hərəkətinin təşkilinin əsas məqsədləri bunlardır: yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması, nəqliyyat axınının rahat və fasiləsiz təmin edilməsi, tıxacların azaldılması, piyadalar üçün təhlükəsiz şərait yaradılması, ekoloji təsirlərin minimuma endirilməsi. Bu məqsədlərin həyata keçirilməsi həm dövlət orqanlarının, həm də yol hərəkəti iştirakçılarının üzərinə mühüm vəzifələr qoyur. Yol hərəkətinin təşkilində istifadə olunan vasitə - yol nişanları sürücülərə və piyadalara məlumat vermək, xəbərdarlıq etmək və müəyyən qaydaları bildirmək üçün istifadə olunur. Onlar xəbərdaredici, qadağanedici, məcburedici və məlumatverici nişanlara bölünür. Svetoforlar Svetoforlar nəqliyyat və piyada axınını nizamlamaq üçün istifadə edilir. Onların düzgün işləməsi yol hərəkətinin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Yol cizgiləri hərəkət zolaqlarını müəyyən edir, sürücülərə istiqamət verir və təhlükəli sahələr barədə məlumatlandırır. Zebra keçidləri də yol nişanlanmasının əsas elementlərindən biridir. Yollarda sürət hədlərinin müəyyən olunması qəza riskinin azaldılması məqsədi daşıyır. Məktəb, xəstəxana və yaşayış məntəqələrinə yaxın ərazilərdə sürət hədləri daha aşağı müəyyən edilir.
Dövlət yol hərəkətinin təhlükəsiz təşkili üçün qanunvericilik bazası yaradır və nəzarət mexanizmlərini həyata keçirir. Azərbaycanda yol hərəkəti ilə bağlı əsas normativ akt Azərbaycan Respublikasının “Yol Hərəkəti Haqqında” Qanunu hesab olunur. Bu qanun yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrini, yol hərəkətinin təşkili qaydalarını və təhlükəsizlik tədbirlərini müəyyən edir. Eyni zamanda aidiyyəti dövlət qurumları tərəfindən yolların texniki vəziyyətinə nəzarət edilir, yeni yol infrastrukturu yaradılır və maarifləndirici tədbirlər həyata keçirilir. Yol hərəkətinin təhlükəsiz təşkili yalnız dövlət orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Sürücülər və piyadalar da müəyyən qaydalara riayət etməlidirlər. Sürücülər yol nişanlarının tələblərinə əməl etməli, sürət həddini aşmamalı, sərxoş vəziyyətdə avtomobil idarə etməməli, piyadalara yol verməli, nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə saxlamalıdırlar. Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, svetofor siqnallarına əməl etməli, hərəkət edən nəqliyyat vasitələrinin qarşısına qəfil çıxmamalıdırlar.
Yol hərəkəti təhlükəsizliyinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Hər il dünyada minlərlə insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir və ya müxtəlif dərəcəli bədən xəsarətləri alır. Buna görə də hər bir şəxs yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmalıdır. Maarifləndirmə tədbirləri, sürücülük mədəniyyətinin artırılması və müasir texnologiyaların bu sahədə tətbiqi yol hərəkətinin daha təhlükəsiz təşkilinə kömək edir. Qeyd olunmalıdır ki, yol hərəkətinin təşkili cəmiyyətin təhlükəsizliyi və rahatlığı üçün mühüm əhəmiyyət daşıyır. Qaydaların düzgün tətbiqi, yol hərəkəti iştirakçılarının məsuliyyətli davranışı və dövlət nəzarəti yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olur. Təhlükəsiz yol hərəkəti yalnız qanunların mövcudluğu ilə deyil, hər bir insanın həmin qaydalara əməl etməsi ilə mümkündür.
Zaqatala rayon prokurorluğunun
böyük müstəntiqi, I dərəcəli hüquqşünas
Rəsul Babayev
10.06.2026-cı il






