XX əsr liderlər əsri idi, əsrin lideri isə Heydər Əliyev olmuşdur
Bu məhşur fikir Gürcüstan Respublikasının sabiq prezidenti Eduard Şevardnadzeyə məxsusdur. Bütün mənalı ömrünü xalqımıza xidmətə həsr etmiş Heydər Əliyev XX əsrdə dünyanın ən görkəmli siyasi xadimlərindən və dövlət rəhbərlərindən biri olmuşdur. Bu dahi insanın uşaqlıq və yeniyetməlik dövrü Naxçıvanda keçmişdir. O 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirir. Gənclikdə ən böyük arzusu memar olmaq idi. Bu məqsədlə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Elə həmin il də İkinci Dünya Müharibəsi başladığından müharibə ona təhsilini davam etdirməyə imkan vermir və o, Naxçıvanda əmək fəaliyyətinə başlayır. 1941-1943-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında “bölmə müdiri”, 1943-1944-cü illərdə Naxçıvan MSSR Xalq Komissarları Sovetində “şöbə müdiri” vəzifələrində çalışır.
O, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına işə göndərilir, 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olur.
Heydər Əliyev 1949-1950-ci illərdə Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alır. Həmin məktəbi bitirməsi ilə əlaqədar ona verilən aşağıdakı xidməti xasiyyətnamədə deyilirdi.
“Baş leytenant Əliyev Heydər Əlirza oğlu 1949-cu ilin may ayından 1950-ci ilin iyul ayınadək SSRİ DTK-nın Leninqraddakı məktəbində oxumuş və özünü yalnız nümunəvi tərəfdən göstərmişdir. Təhsilə tam ciddi yanaşmışdır. Tədris materiallarının öyrənilməsi üzərində geniş və inadla çalışmışdır. Sinif və seminar məşğələlərinə həvəs və səylə hazırlaşmış, təhsildən kənar vaxtlarında öz ideya-siyasi və ümumtəhsil səviyyəsini artırmaq üzərində əlavə işləmişdir.”
Nəticədə bütün öyrənilən fənlər üzrə imtahan və zaçotlardan əla qiymətlər almışdır. Bütün təhsil aldığı müddətdə dərs əlaçısı olmuş, məhz buna görə də məktəb rəisinin əmrilə ona təşəkkür elan olunmuş, adı məktəbin “Şərəf lövhəsi”-nə salınmışdır.
Heydər Əliyev öz təhsili barədə deyirdi : “Sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxudum. Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu. Sonra mən siyasətə qoşulduğuma görə tarix fakültəsini bitirdim. KQB-nin ən yüksək məktəblərini bitirdim”. Heydər Əliyev 1950-1953-cü illərdə Azərbaycan SSR DTK-da bölmə rəisi vəzifəsində işləmişdir.
Azərbaycanda Heydər Əliyevədək bu orqana qeyri-azərbaycanlılar rəhbərlik etmişdi. Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə sədri vəzifəsinə irəli çəkilir. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev birinci katib seçildi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyindəki fəaliyyəti ölkənin istənilən sahəsində inkişafla müşahidə olundu. Əgər 1969-cu ildə Azərbaycan SSR-də milli gəlirin həcmi faktiki qiymətlərlə 329,6 milyon manat idisə, 1982-ci ildə bu, 2,5 dəfə çoxalaraq 1045,8 milyon manata çatdı.
Məhz Heydər Əliyev 1971-ci il iyunun 20-də Bakıda azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olmuş C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat Məktəbi açmağı bacarmışdı. O məktəb ki, Heydər Əliyevə kimi onu yaratmağı heç kim bacarmamışdı, o məktəb ki, Kremlin “azərbaycanlılar hərbi biliklərə yiyələnməməlidir” siyasəti yeritdiyi vaxtda Heydər Əliyev o məktəbi yaratmağı bacardı. Bu, böyük bir tarixi uzaqgörənlik, zamanı və vaxtı qabaqlamaq idi ki, sonradan həmin məktəbi bitirənlər Qarabağ savaşında ermənilərə qarşı mərdliklə döyüşəcək və Müstəqil Azərbaycanın ordu quruculuğunda onların hərbi biliklərindən istifadə ediləcəkdi.
Heydər Əliyev 1982-ci il noyabrın 22-də SSRİ Ali Sovetinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Sovet İKP MK plenumunda isə Siyasi Büronun üzvü seçildi. Sonralar Heydər Əliyev həmin illəri xatırlayaraq demişdir: “1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Mənə müraciət etdi ki, Moskvaya gəlim, orada həm Siyasi Büronun üzvü, həm də Baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi, onlardan yalnız bir nəfər birinci müavin idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də Baş nazirin birinci müavini olduğuma görə o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim”.
Bununla da Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri oldu. Bu faktın mahiyyətini başa düşmək üçün qeyd etmək lazımdır ki, SSRİ ərazisinə görə yer kürəsinin altıda bir hissəsini tutmaqla dünya sosializm sisteminə daxil olan ölkələrin siyasətini müəyyənləşdirir, Kreml dünyanın iki qlobal gücündən birinə rəhbərlik edirdi. Heydər Əliyev bu nəhəng dövlətin sosial-iqtisadi həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdi.
Heydər Əliyevin xidmətləri Sovet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 24 avqust tarixli fərmanı ilə “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” adı verildi. Digərlərindən fərqli olaraq bu ad o dövrki təcrübəyə uyğun olaraq “yubiley tədbiri” kimi deyil, məhz xidmətlərinə görə verilmişdi. SSRİ Ali Sovetinin 1983-cü il 7 may tarixli fərmanı ilə ona ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı verilərək həmin ildə Naxçıvanda onun büstü ucaldı. Heydər Əliyev Sovet dövlətinin lideri səviyyəsinə yüksəlmişdi. O dövrdə Avropada Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi görür və ehtiyat edirdilər ki, o, çökməkdə olan imperiyanı öz müstəsna qabiliyyəti sayəsində yenidən dirçəldəcək və dünyanın ən güclü dövlətinə çevirəcəkdir. SSRİ xarici işlər naziri olmuş A.A.Qromıko qeyd edirdi : “Siyasi Büroda ancaq üç adam nisbətən cavandır. Romanov, Qorbaçov, Əliyev. Əliyev mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan çox surətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və ləyaqətli adamdır. Amma, təəssüf ki, onun namizədliyi istisna olunur...”. O, “nəyə görə, milliyyətinə görəmi?” sualına belə cavab vermişdi: “Bu məsələdə - hə, milliyyətinə görə”. Kremldə hakimiyyətə ilk vaxtlardan Heydər Əliyevə rəqib kimi baxan M.S.Qorbaçov gətirildi. Heydər Əliyevin yanında hər cəhətdən cılızlığını hiss edən Qorbaçov necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoymuşdu. 1987-ci il oktyabrın 21-də Sovet İKP MK-nin plenumu keçirildi. Rəsmi məlumatda göstərilirdi ki, “plenum səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar Sovet İKP MK Siyasi Bürosunun üzvü H.Əliyev yoldaşın vəzifəsindən azad edilməsi barədə xahişini təmin etmişdir”.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti də eyni səbəblə Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad etdi.
Heydər Əliyev tariximizin ən çətin dövründə yenidən hakimiyyətə və fəal siyasi fəaliyyətə başladı. Əvvəlcə Naxçıvanda, sonra isə Azərbaycan Respublikasında müstəqilliyimizi qorudu, müstəqil dövlətimizi quraraq onu dünya arenasına çıxartdı. Keçmiş SSRİ rəhbərləri içərisində yalnız ona dünya siyasi olimpinin zirvəsinə ucalmaq səadəti nəsib oldu.
Vüqar Orucov,
Zaqatala rayon prokurorunun müavini,
ədliyyə müşaviri