Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalıda törədilmiş kütləvi qırğın ərazi bütövlüyümüzə qarşı yönəldilmiş terror siyasətinin tərkib hissəsidir

26 fevral 2024 | 10:00

Üzərindən 32 il keçməsinə baxmayaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda soydaşlarımızın başına gətirilən müsibətin ürəyimizdəki ağrı-acısı da, günahsız insanlarımıza divan tutan qaniçən düşmənə nifrət və qəzəb hissimiz də o faciənin yaşandığı tarixdəki kimi təzədir və bu, qiyamətə qədər belə olacaq.

Bu fikir Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Zaqatalada keçirilən anım tədbirində səsləndirilib.

Faciənin ildönümü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Vurğulanıb ki, xalqımız illər boyu 1992-ci il fevralın 26-da Xocalıda yaşanan müsibətə, qəddarlıqla öldürülən nənə-babalara, ana-atalara, oğul-qızlara, qardaş-bacılara, ana bətnində süngülənən körpələrin yarımçıq taleyinə ağlayıb, gözləri qan-yaş töküb. Xocalı faciəsi insanlıq tarixinə qanlı ləkə kimi düşüb.

Zaqatala rayon hərbi prokuroru Emin Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev və digər çıxış edənlər 32 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş terror siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Xocalı rayonu sakini Vasif Allahverdiyev çıxışında Azərbaycan xalqının bu qanlı tarixi heç vaxt unutmayacağını, azğın erməni silahlı birləşmələrinin öz havadarları ilə birlikdə dinc, silahsız Xocalı sakinlərinə etdikləri amansızlıqların və vəhşiliklərin xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirib.

Keçidlər