Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi hər bir azərbaycanlının qan yaddaşına həkk olunub

26 fevral 2023 | 10:57

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Zaqatala rayonunda anım tədbirləri davam edir.

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyət nümayəndələri fevralın 26-da soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.

Anım mərasiminin əvvəlində Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən qəhrəman şəhidlərin, həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Bu faciə hər bir azərbaycanlının qan yaddaşına həkk olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev, Xocalı sakini Vasif Allahverdiyev, Vətən müharibəsi qazisi Nurlan Mazanov çıxışlarında erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın öz miqyasına və dəhşətli nəticələrinə görə digərlərindən fərqləndiyini, xalqımıza qarşı yüzillər boyu apardıqları etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıblar.

Həmin gün Zaqatalada məskunlaşmış Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

Keçidlər