Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun xatirəsi anılıb
Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Üçüncü Tala kəndindən olan Daxili Qoşunlarının hərbi qulluqçusu, Vətən Müharibəsi Qəhrəmanı mayor Şixamir Qaflanovdur.
Şixamir Qaflanovun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, Şixamir Qaflanovun doğmaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə qəhrəmanın həyatından bəhs edən film nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub, şeirlər oxunub.
Çıxış edənlər Şixamir Qaflanovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildiriblər. Qeyd olunub ki, Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. Evin sonbeşiyi olan Şixamir orta təhsilini kənd məktəbində alıb. Uşaqlıqdan zabit olmaq arzusunda olan Şixamir 2008-2010-cu illərdə hərbi məktəbdə oxuyub. Mayor Şixamir Qaflanov Vətən müharibəsi zamanı Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı, hünəri yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Şixamir Qaflanova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirdən sonra şəhidin Üçüncü Tala kəndindəki məzarı ziyarət olunub.