Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir
XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
Bu fikirlər Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 10-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının tarixinə daxil olub. Ulu Öndərin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Bildirilib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövrdür. 1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını yenidən hakimiyyətə gətirib. Ötən illərdə Ulu Öndərin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarılıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.
Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qurban Muradov dahi rəhbərin həyat və fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər. Çıxışlarda müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyevin xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunduğu xüsusi vurğulanıb.