Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq

13 iyul 2024 | 10:03

Əlamətdar tarixlər böyük şəxsiyyətlərin misilsiz xidmətləri ilə yaranır. 1969-cu ilin 14 iyulu da məhz belə tarixlərdəndir. Əlli beş il əvvələ qədər bu gün Azərbaycanın həyatında, bəlkə də sıradan bir gün idi. Ancaq zəmanəsinin böyük şəxsiyyətlərindən olan Ümummilli Lider Heydər Əliyevin adı, həyat və fəaliyyəti, zəngin irsi bu günə xüsusi məna qazandırdı, bu günü milli dövlətçilik tariximizin ən əhəmiyyətli və şərəfli səhifələrindən birinə çevirdi. 14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi gündür. Həmin gündən Azərbaycanda yeni tarix başlanıb. Bu, xalqın milli ideyalar ətrafında səfərbər olunması, milli dövlətimizin yüksəlişi dövrüdür. Ötən əsrin sonlarına doğru Azərbaycanın müstəqillik nemətinə qovuşmasında və indiki uğurlarında həmin dövrün çox böyük rolu var.

Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə iyulun 13-də Zaqatala şəhərində keçirilən “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətə həsr edilən film nümayiş olunub.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsi dinlənilib. Məruzədə Ümummilli Liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, Ulu Öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olub, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan verib. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə respublikaya birinci rəhbərlik dövründən qoymağa başlayıb, ilk növbədə, gələcək iqtisadi müstəqilliyə etibarlı zəmin formalaşdırıb. Ötən əsrin 60-cı illərinin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş ittifaq miqyasında son sıralarda dayanan Azərbaycan qısa müddətdə tənəzzül mərhələsini geridə qoyaraq sürətli tərəqqi yoluna qədəm qoyub. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli sənaye müəssisələri Azərbaycanda inşa olunub. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəlib. Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq.

Konfransda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva, Maqov kənd ərazi dairəsi üzrə nümayəndə Rəcəb Davudov çıxış ediblər. Vurğulanıb ki, Ulu Öndərin Azərbaycanın inkişafı üçün təməlini qoyduğu siyasət, müəyyən etdiyi strategiya son 21 ildə uğurla reallaşıb. Dahi şəxsiyyətin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın tarixində görünməmiş inkişaf baş verib.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin tarixi vəsiyyətini yerinə yetirdi. İşğaldan azad edilmiş torpaqlarımız indi sürətlə bərpa olunur. Qarabağ və Şərqi Zəngəzurda salınan yol şəbəkəsi, elektrik enerjisi və su infrastrukturunun yaradılması, yeni yaşayış məhəllələrinin inşa edilməsi, mədəni, tarixi və dini abidələrin bərpası görülən işlərin miqyasının böyüklüyündən və əzəmətindən xəbər verir. Azərbaycan dövləti doğma yurdlarına qayıdan vətəndaşlarının rifahı, ən yüksək standartlar səviyyəsində yaşayışı üçün bütün addımları atır.

Keçidlər