Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

10 may 2023 | 12:09

Hər bir ölkənin inkişafında və gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Belə tarixi şəxsiyyətlərin ən görkəmli nümayəndələrindən biri də dünyaşöhrətli siyasətçi, əsrin ən böyük azərbaycanlısı, əvəzolunmaz lider Heydər Əliyevdir. Qüdrətli siyasi iradəyə, güclü dövlətçilik duyğusuna, çevik idarəetmə məharətinə, xalqın qüdrətinə arxalanmaq bacarığına və fitri istedada sahib olan bu əvəzolunmaz insan müasir Azərbaycan dövlətinin banisi, qurucusu kimi tarixə düşüb.

Bu fikirlər Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə mayın 10-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərə həsr olunan sərgiyə baxıblar.

Yığıncağın əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan və bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edən Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ümummilli Liderin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət alıb. Bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanılıb.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib. Otuz il ərzində işğal altında qalan torpaqlarımız hərbi-siyasi yolla düşmən tapdağından azad olunub. Əldə edilən uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.

Sonda tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı 100” sənədli filmini izləyiblər.

Zaqatalada Ulu Öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər axşam saatlarında Heydər Əliyev adına istirahət parkında təşkil olunacaq konsert proqramı və atəşfəşanlıqla davam edəcək

Keçidlər