Şriftin ölçüsü :

Saytın rəngi :

Təyyarə qəzasında həlak olan rayon sakinləri dəfn edilib

29 dekabr 2024 | 09:54

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 5 nəfər Zaqatala sakininin nəşi doğulduqları kəndlərə gətirilib. Arif Caraev, Hacıibrahim Caraev, Xixri Ceerov Danaçı kənd, Nərminə İgidova Höytala kənd və İbrahimxəlil Kostiyev Maqov kənd qəbiristanlığında dəfn ediliblər.

Dəfn mərasimlərində kənd sakinləri ilə yanaşı,  Zaqatala rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Keçidlər