Tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
05 sentyabr 2025 | 09:44
Bu gün Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti, 111 və 112 saylıseçki dairələri üzrə Milli Məclisin deputatları və Zaqatala Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Tələbə adın mübarək-Suveren Azərbaycan gənci” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, 112 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Asif Əsgərov, 111 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatının köməkçisi Samir Hüseyinzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, tələbə adını qazanmış məzunlar, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rayon rəhbərliyi, tələbə adını qazanmış gənclər və təhsil müəssisələrinin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni və ulu öndə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də çox uğurlu olduğunu bildirmiş. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 517 nəfər zaqatalalı məzundan 407-si tələbə adını qazanıb. İmtahanlarda iştirak edənlərin 79 faizi ali məktəblərə qəbul olunduğunu, qəbul imtahanlarında məzunlardan 68 nəfəri 500 baldan, 22 nəfər isə 600-dən çox bal topladığını, qəbul olunanların 359 nəfəri Azərbaycan ali təhsil müəssisələrində, 28 nəfər isə xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alacaqlarını, eyni zamanda məzunlardan 5 nəfəri qızıl medala layiq görülüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rayon rəhbəri bildirmişdir ki, son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi, təmiri, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər təhsilin yenilənməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Buna cavab olaraq, rayonun təhsil işçiləri də elmli, savadlı şagirdlərin yetişdirilməsinə çalışırlar. Bunun nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunlar yüksək nəticələr əldə edirlər.
Tədbirdə çıxış edən Milli Məclisi deputatı Asif Əsgərov məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb.
Tələbələr adından çıxış edən Xanzadə Həsənova təhsildə qazandığı uğurlara görə valideyn və müəllimlərinə minnətdarlıq edib, onların etimadını layiqincə doğruldacağını bildirib.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıblar.






