“Suveren dövlətim qürur mənbəyimdir” mövzusunda tədbir keçirilib
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr ounmuş film nümayiş etdirilib.
Tədbirdə “Suveren dövlətim qürur mənbəyimdir” mövzusunda məruzə ilə çıxış edən Zaqatala RİHBA-nın Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Seyidov Müstəqil Azərbaycan dövlətinin tarixdə heç zaman indiki qədər güclü olmadığını, bu gücün və qüdrətin artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyümüz reallığını da əhatə etdiyini vurğulamış, 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik dövründə xalqımız çox böyük nailiyyətlər qazandığını, bu nailiyyətlərin hər birinin milli yaddaşımızda öz yerinin, milli dövlətçilik tariximizdə öz rolunun olduğunu diqqətə çatdırmış, amma bunlardan heç birinin Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması faktı ilə müqayisə edilə bilmədiyini xüsusi vurğulamışdır.
Şöbə müdiri öz çıxışında 2020-ci il 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı Zəfərdən, 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etməsindən, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamasından danışıb, bu əlamətdar günün Azərbaycanın dövlətçiliyində xüsusi önəm daşıyan tarixi gün olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər 20 Sentyabr Dövlət Suverenliyi Günü böyük bir yolun başlanğıcı olduğunu, bu başlanğıcın 30 il əvvəl imzalanmış "Əsrin müqaviləsi" ilə eyni günə təsadüf etməsinin daha bir simvolik dəyər daşıdığını, 30 il əvvəl Azərbaycan xalqı, dövləti həmin gündən gələcəyə doğru ilk addımlarını ataraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi nailiyyətlərlə dolu böyük bir tarix yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu tarixin bizi can atdığımız ən böyük qələbəyə, yürüdüyümüz ən böyük hədəfə yetirdiyini, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini görüb bu böyük günlərin xoşbəxtliyini yaşamağın xalqımıza nəsib olduğunu vurğulamışlar.
Natiqlər bu əlamətdar gününün dövlətçilik tariximizdə xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar.






