Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Qələbənin qazanılmasına Zaqatalanın igid oğulları da öz töhfələrini veriblər

27 sentyabr 2023 | 16:12

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından üç il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində, şəhər, qəsəbə və kəndlərimizdə, idarə və müəssisələrdə, dini ocaqlarda, məscidlərdə, kilsə və sinaqoqlarda dərin ehtiramla anılır.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada ümumrayon anım tədbiri keçirilib. Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Zaqatala şəhərindəki Zəfər kompleksinin önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, Vətən müharibəsi iştirakçısı Naqim Ağayev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Sektorunun müdiri Araz Əliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva çıxışında şəhid ailələrinin dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər